Azərbaycan Texnologiya Universitetində (ATU) yaz semestri ərzində fəaliyyət göstərən “Conversation Club” layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində bir neçə ay davam edən kursda tələbələr ingilis dilində sərbəst danışıq bacarıqlarını inkişaf etdirib, müxtəlif mövzular üzrə interaktiv müzakirələrdə iştirak edib və real kommunikativ mühitdə təcrübə qazanıblar.
Təlimlər ATU-nun Xarici dillər kafedrasının peşəkar müəllimləri və əcnəbi müəllimlərin iştirakı ilə həyata keçirilib ki, bu da tələbələrə müxtəlif linqvistik mühitlərdən olan mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradaraq onların dil bacarıqlarının daha da inkişafına töhfə verib.
Layihənin yekununda fəal iştirak edən və təlimçi qismində çıxış edən əcnəbi tələbələr - Zeeshan Murtaza, İmran Abbas və Abdul Saboor təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, ATU-da “Conversation Club” artıq bir neçə ildir ənənəvi qaydada hər semestr təşkil olunur. Layihənin əsas məqsədi tələbələrin ingilis dili üzrə kommunikasiya bacarıqlarının gücləndirilməsi və onların real ünsiyyət mühitində daha sərbəst şəkildə özünü ifadə etməsinə dəstək verməkdir.