Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu baxımdan kənd təsərrüfatı sahəsinin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regionlarda məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar da bu sahənin ölkə iqtisadiyyatındakı strateji rolunu bir daha nümayiş etdirmişdir. Dövlət başçısı müşavirədə qeyd etmişdir ki, kənd təsərrüfatı yalnız iqtisadi sahə deyil, həm də sosial rifahın təmin edilməsində mühüm vasitədir. Azərbaycanın əhalisinin əhəmiyyətli hissəsi kənd yerlərində yaşayır və onların əsas gəlir mənbələrindən biri məhz kənd təsərrüfatıdır. Buna görə də aqrar sektorun inkişafı regionların sosial-iqtisadi tərəqqisinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir göstərir. Son illər ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Fermerlərə subsidiyaların verilməsi, müasir texnikanın lizinq yolu ilə təqdim olunması, suvarma sistemlərinin yenilənməsi və aqrar sahədə rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi bu siyasətin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyev müşavirədə bu tədbirlərin müsbət nəticələr verdiyini vurğulayaraq, əldə olunan nailiyyətlərlə kifayətlənməməyin vacibliyini qeyd etmişdir.

Müşavirədə ərzaq təhlükəsizliyi məsələsi xüsusi diqqət mərkəzində olmuşdur. Qlobal miqyasda baş verən iqtisadi və siyasi proseslər, iqlim dəyişiklikləri və beynəlxalq bazarlarda qiymət dalğalanmaları göstərir ki, hər bir ölkə öz daxili istehsal imkanlarını artırmalıdır. Prezident İlham Əliyev vurğulamışdır ki, strateji ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Bu məqsədlə əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması və müasir aqrotexniki üsulların tətbiqi daha da sürətləndirilməlidir.

Kənd təsərrüfatında su təminatı məsələsi də müşavirənin əsas mövzularından biri olmuşdur. Məlumdur ki, su ehtiyatlarından səmərəli istifadə aqrar istehsalın dayanıqlılığında mühüm rol oynayır. Son illərdə ölkədə yeni su anbarlarının tikilməsi, meliorasiya və irriqasiya layihələrinin həyata keçirilməsi bu sahədə əhəmiyyətli irəliləyişlərə səbəb olmuşdur. Bununla belə, mövcud çağırışlar daha müasir yanaşmaların tətbiqini tələb edir. Dövlət başçısı aidiyyəti qurumlara su itkilərinin minimuma endirilməsi və damcı suvarma kimi innovativ texnologiyaların geniş tətbiqi ilə bağlı tapşırıqlar vermişdir.

Müşavirədə kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması məsələləri də geniş müzakirə edilmişdir. Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında və ixracında mühüm üstünlüklərə malikdir. Meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, üzümçülük və fındıqçılıq kimi sahələr ölkənin ixrac gəlirlərinin artırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyev qeyd etmişdir ki, yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi üçün keyfiyyət standartlarına ciddi əməl olunmalı, logistika imkanları genişləndirilməli və yeni bazarlara çıxış təmin edilməlidir. Aqrar sahənin inkişafında innovasiyaların rolu da xüsusi vurğulanmışdır. Müasir dövrdə kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq üçün rəqəmsal texnologiyaların tətbiqi böyük əhəmiyyət daşıyır. Elektron kənd təsərrüfatı sistemləri, peyk monitorinqi, ağıllı suvarma texnologiyaları və müasir laborator xidmətlər fermerlərin fəaliyyətini daha səmərəli edir. Dövlət başçısı bu istiqamətdə həyata keçirilən layihələrin davam etdirilməsinin vacibliyini qeyd etmiş və innovativ yanaşmaların genişləndirilməsini tövsiyə etmişdir.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı da müşavirədə diqqət çəkən məsələlərdən biri olmuşdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin torpaq və su ehtiyatlarına malikdir. Bu ərazilərdə müasir kənd təsərrüfatı infrastrukturunun qurulması, aqroparkların yaradılması və yüksək məhsuldar istehsal sahələrinin təşkili ölkənin ümumi aqrar potensialını əhəmiyyətli dərəcədə artıracaqdır. Cənab Prezident İlham Əliyev həmin ərazilərin “ağıllı kənd” və “ağıllı təsərrüfat” konsepsiyaları əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Fermerlərin sosial müdafiəsi və dövlət dəstəyi tədbirləri də müşavirədə müzakirə olunmuşdur. Dövlət tərəfindən verilən subsidiyalar, güzəştli kreditlər və digər maliyyə mexanizmləri kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinə mühüm stimul verir. Prezident qeyd etmişdir ki, bu dəstək tədbirləri daha şəffaf və səmərəli şəkildə həyata keçirilməli, hər bir fermer dövlət proqramlarından bərabər şəkildə yararlana bilməlidir.

Nəticə etibarilə, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsi aqrar sektorun inkişafının dövlət siyasətində mühüm yer tutduğunu bir daha göstərmişdir. Müşavirədə səsləndirilən fikirlər və verilən tapşırıqlar kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və regionların davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində Azərbaycan kənd təsərrüfatının yaxın illərdə daha yüksək inkişaf mərhələsinə qədəm qoyacağı gözlənilir. Bu isə həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də vətəndaşların rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir.

 Azərbaycan Texnologiya Universiteti

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Şahmar Umud oğlu Həsənov