Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına hazırlıq və digər cari məsələlərin müzakirəsi məqsədilə iclas keçirilib. İclasda universitetin rektoru Yaşar Ömərov, akademik və inzibati rəhbər heyət iştirak edib.

Rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən yaz imtahan sessiyasının 2 iyun tarixindən etibarən başlanacağını və beş həftə davam edəcəyini bildirib. O, imtahanların yüksək səviyyədə təşkili üçün zəruri olan texniki və təşkilati məsələlərə toxunaraq imtahan zallarının, kompüter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi və universitet ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verib. 

İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsinin təmin edilməsi məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını vurğulayan rektor bu istiqamətdə fakültə dekanlarına və kafedra müdirlərinə məsuliyyətli yanaşma nümayiş etdirməyi tövsiyə edib.

İclas çərçivəsində həmçinin 2025-ci tədris ili üzrə qəbul planı və digər vacib məsələlər ətrafında geniş müzakirələr aparılıb.