Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi–Praktik Konfransı keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlər abidəsi ziyarət edilib.

Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. 
Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və strateji inkişaf xəttinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini, bu prosesdə elm, innovasiya və müasir texnologiyaların xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər texnoloji üstünlüyün strateji əhəmiyyətini bir daha nümayiş etdirib. Rektor bildirib ki, bu gün ölkə qarşısında duran əsas hədəflərdən biri də rəqəmsal transformasiyanın sürətləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yaşıl enerji potensialının genişləndirilməsidir. O, bu istiqamətdə ATU-da həyata keçirilən layihələr, o cümlədən günəş panelləri və külək turbinləri əsasında yaradılan alternativ enerji sistemləri barədə məlumat verib.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Gəncə Cihazqayırma Zavodunun direktoru Ayət Bağırov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, “AzGranata” şirkətinin əməliyyatlar üzrə direktoru Yusif Ləzgiyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Plenar iclasda ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı və Qida mühəndisliyi və şərabçılıq kafedrasının dosenti Mehman İsmayılovun “Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində yeni texnologiyalar və innovativ sistemlər,  Ətraf mühitin mühafizəsi kafedrasının doktorantı Rəşad İsmayılovun “Ağır metallarla çirklənmənin ekoloji monitorinqində innovativ yanaşmalar” başlıqlı məruzələri dinlənilib.

İki günlük Respublika Elmi–Praktik Konfransı Qida mühəndisliyi və texnologiyaları, Rəqəmsal texnologiyalar, Dizayn və sənaye texnologiyaları, Mexanika və nəqliyyat texnologiyaları, Kimya və metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar və Multikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid qaydada öz işini davam etdirir. 

Qeyd edək ki, konfransın məruzələr toplusuna 1 dövlət qurumu, 25 universitet və 14 elmi müəssisədən 611 tezis qəbul edilib.