Azərbaycan Texnologiya Universitetində (ATU) son üç tədris ili ərzində əcnəbi tələbələrin sayı 8 dəfədən çox artıb, onların təmsil etdikləri ölkələrin coğrafiyası isə əhəmiyyətli dərəcədə genişlənib.
2024–2025-ci tədris ilində universitetdə 21 əcnəbi tələbə təhsil aldığı halda, 2025–2026-cı tədris ilində bu göstərici 121, 2026–2027-ci tədris ilində isə 174 nəfərə yüksəlib. Beləliklə, son üç tədris ili üzrə müqayisədə əcnəbi tələbələrin sayı 153 nəfər və ya təxminən 729 faiz artıb. Təkcə cari tədris ilində əvvəlki illə müqayisədə 43,8 faizlik artım qeydə alınıb.
Müsbət dinamika ali təhsilin bütün səviyyələləri üzrə müşahidə olunur. 2025–2026-cı tədris ili ilə müqayisədə hazırlıq proqramında əcnəbi tələbələrin sayı 101 nəfərdən 114 nəfərə (12,9 faiz), bakalavriat səviyyəsində 17 nəfərdən 55 nəfərə (223,5 faiz), magistratura səviyyəsində isə 3 nəfərdən 5 nəfərə (66,7 faiz) yüksəlib.
Xüsusilə bakalavriat pilləsində qeydə alınan üç dəfədən çox artım universitetin ali təhsil proqramlarına beynəlxalq marağın gücləndiyini göstərir.
Əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin sayı da 3-dən 10-a çatıb. Belə ki, 2024–2025-ci tədris ilində ATU-da Pakistan, Türkmənistan və Nigeriyadan olan tələbələr təhsil aldığı halda, 2025–2026-cı tədris ilində ölkələrin sayı 7-yə, cari tədris ilində isə 10-a yüksəlib.
Hazırda universitetdə Türkiyə, Pakistan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ukrayna, Nigeriya, Hindistan, Nepal, Banqladeşdən olan əcnəbi tələbələr təhsil alırlar.
Əldə olunan nəticələr ATU-nun beynəlmiləlləşmə strategiyasının uğurla həyata keçirildiyini, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini və universitetin xarici tələbələr üçün cəlbediciliyinin yüksəldiyini nümayiş etdirir.
Azərbaycan Texnologiya Universiteti beynəlxalq təhsil məkanında mövqeyini daha da gücləndirmək, xarici tələbə kontingentini genişləndirmək və multikultural akademik mühiti inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirir.