Azerbaycan Texnologiya Universiteti, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji davamlılığın təmin edilməsi məqsədilə karbon emissiyalarının ölçülməsi və idarə olunmasını prioritet istiqamət kimi müəyyən edib. 

Universitet karbon emissiyalarını İYQ Protokolu Korporativ Standartı (GHG Protocol Corporate Standard) çərçivəsində, xüsusilə Əhatə dairəsi 1 (Scope 1) (birbaşa emissiyalar) və Əhatə dairəsi 2 (Scope 2) (dolayı elektrik istehlakı emissiyaları) üzrə hesablama qaydalarına əsasən aparır.

2023/2024-cü tədris ili üzrə karbon emissiyası aşağıdakı kimi hesablanıb:
•    Əhatə dairəsi 1 (Scope 1) (birbaşa emissiyalar): Avtomobillərin (Aİ-92, Premium, dizel) və təbii qaz sərfiyyatı nəticəsində 269.09 ton CO₂e
•    Əhatə dairəsi 2 (Scope 2) (dolayı emissiyalar): Elektrik enerjisi istehlakı nəticəsində 184.99 ton CO₂e
•    Toplam emissiya (Əhatə dairəsi 1 (Scope 1) + Əhatə dairəsi 2 (Scope 2)): 454.08 ton CO₂e

Bundan əlavə, universitet ərazisindəki yaşıllıq sahələri ildə təxminən 13.56 ton CO₂ udaraq ümumi emissiyanı azaldır. Nəticədə NET karbon emissiyası 440.41 ton CO₂/il təşkil edir.

Universitet kampusunun ümumi bina sahəsi 14,768.7 m² təşkil edir. Əhalinin sayı nəzərə alınmaqla, hər nəfərə düşən emissiya təqribən 0.103 kg CO₂e/nəfər/il səviyyəsindədir. Azərbaycan Texnologiya Universitetinin karbon emissiyası göstəricisi nəzarət olunan səviyyədədir (aşağıdır), bu isə onu qlobal aşağı emissiyalı təhsil müəssisələri sırasına daxil edir. Bu göstərici həm işçi və tələbə sayına görə, həm də enerji və yanacaq istifadəsinə görə olduqca qənaətbəxşdir. Göstəricinin aşağı olmasına səbəb olan əsas amillər aşağıdakılardır:
•    Elektrik və qaz sərfiyyatının optimallaşdırılması
•    Avtomobil parkının kiçik olması
•    Yaşıllıq sahəsinin karbon kompensasiyasında mühüm rol oynaması

Net-Sıfır (Net-Zero) Strategiyası və Karbon Azaldılması Hədəfi -
Universitetimiz 2050-ci ilə qədər Net-Sıfır (Net-Zero) hədəfinə çatmaq üçün uzunmüddətli strategiya hazırlayıb. Bu strategiya aşağıdakı əsas istiqamətləri əhatə edir:
•    Alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi
•    Binaların enerji səmərəliliyinin artırılması
•    Yaşıllaşdırma və karbon udma potensialının genişləndirilməsi

Bu təşəbbüslər vasitəsilə universitet təkcə ekoloji izini azaltmaqla kifayətlənmir, həm də tələbələr və əməkdaşlar arasında davamlılıq mədəniyyətinin formalaşmasına töhfə verir.

Universitet, karbon emissiyalarını:
•    2030-cu ilə qədər 50%,
•    2040-cı ilə qədər 80% azaltmağı planlaşdırır.

Mərhələli yanaşma ilə universitet 2050-ci ilə qədər tam karbon neytrallığı (Net-Zero) hədəfinə çatmağı qarşısına məqsəd qoyub. 

Gələcək Net-Sıfır (Net-Zero) Hədəfləri üzrə Fəaliyyət Planı
•    2028–2030-cu illər: Ağıllı enerji idarəetmə sistemlərinin (led lampalar, sensorlu işıqlandırma və s.) tətbiqi
•    2030–2040-cı illər: Alternativ enerji mənbələrindən istifadə (günəş panelləri və s.)
•    2040–2050-ci illər: Elektrikli nəqliyyat vasitələrinin tətbiqi və avtomobil parkının transformasiyası

Azərbaycan Texnologiya Universiteti karbon emissiyalarının ölçülməsi və azaldılması sahəsində sistemli və məqsədyönlü fəaliyyət göstərərək, ekoloji davamlılıq istiqamətində mühüm addımlar atıb.

Aşağı emissiya göstəriciləri, effektiv enerji idarəçiliyi və Net-Sıfır (Net-Zero) hədəfinə istiqamətlənmiş strategiya universitetin iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətli və qabaqcıl təhsil müəssisəsi kimi mövqeyini gücləndirir.