Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun cari tədris ilində universitetə qəbul olunan birinci kurs tələbələri ilə silsilə görüşləri keçirilib.
Nəqliyyat və sənaye texnologiyaları, Qida mühəndisliyi, Rəqəmsal texnologiyalar, İqtisadiyyat və idarəetmə, eləcə də Turizm fakültələrinin yeni tələbələri ilə ayrı-ayrı günlərdə baş tutan görüşlərdə rektor tələbələrə ATU-da tədrislə yanaşı, elmi fəaliyyət, beynəlxalq əməkdaşlıq və innovasiya sahələrində mövcud imkanlar barədə məlumat verib. Həmçinin beynəlxalq mübadilə proqramları, təqaüd imkanları və tələbə cəmiyyətlərinin, idman dərnəklərinin, eləcə də Bədii Yaradıcılıq Mərkəzinin fəaliyyəti haqqında danışıb, startapların və innovativ layihələrin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb. Rektor tələbələri bu imkanlardan yararlanmağa, universitetin elmi və ictimai həyatında fəal iştirak etməyə çağırıb.
Görüşlər zamanı tələbələrin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Açıq ünsiyyət şəraitində keçirilən görüşlər yeni tələbələrin universitetin imkanları ilə yaxından tanış olması və rəhbərliklə birbaşa fikir mübadiləsi aparması baxımından əhəmiyyət daşıyıb.