Azərbaycan Texnologiya Universitetində (ATU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl universitetin həyətində ATU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra universitetin rəhbər heyəti qazi tələbələrlə birlikdə baş meydanda nümayiş etdirilən 27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Sərgidə Dizayn ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı əsərlər nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına “44 günlük Zəfər salnaməsi” adlı sənədli film nümayiş etdirilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, mübariz əsgər və zabitlərimizin qəhrəmanlığından, şəhidlərimizin misilsiz fədakarlığından söz açıb. Rektor Vətən müharibəsində iştirak edən ATU-nun şəhid məzun və tələbələrinin keçdiyi döyüş yoluna da diqqət çəkib.
Daha sonra “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin üzvü, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əli Paşayev çıxış edib. O, Vətən müharibəsi zamanı yaşanan hadisələrdən, döyüşlərin ağır və qürurlu anlarından danışıb.
Şəhid Firdovsi Abdullayevin bacısı, ATU-nun Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Nuranə Abdullayeva çıxışında qardaşının xatirəsindən söz açıb. O bildirib ki, Vətən müharibəsində şəhid olan qardaşı ilə yanaşı, yaxın qohumları – xalası və dayısı uşaqları olmaqla, ailəsinin daha dörd şəhidi var. Nuranə Abdullayeva bu taleyin ailəsi üçün həm ağır itki, həm də böyük qürur olduğunu ifadə edib.
2023-cü ildə dövlət suverenliyimizin bərpasını təmin edən lokal xarakterli antiterror tədbirlərinin iştirakçıları – ATU-nun Nəqliyyat mühəndisliyi ixtisasının II kurs tələbələri Elton Mahmudov və Röyal Həmidov da tədbirdə çıxış ediblər. Onlar torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından danışıblar.
Tədbirin sonunda Qida mühəndisliyi fakültəsinin tələbəsi Xədicə Qurbanlı 27 Sentyabr – Anım Gününə həsr olunmuş şeir səsləndirib.