Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin bərpa olunan enerji texnologiyalarını praktik şəkildə öyrənməsi üçün yeni tədris imkanları yaradılıb. Bu məqsədlə III tədris korpusunun yaxınlığında günəş panelləri, eləcə də şaquli və üfüqi oxlu külək turbinləri quraşdırılıb. Qurğular tələbələr üçün açıq havada fəaliyyət göstərən praktik laboratoriya funksiyası daşıyır.
Layihə xüsusilə ekologiya, ekologiya mühəndisliyi, eləcə də elektrik və elektronika mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrin dərslərdə qazandıqları nəzəri bilikləri real avadanlıqlar üzərində tətbiq etməsinə, praktiki vərdiş və bacarıqlarını genişləndirməsinə imkan verir. Tələbələr burada günəş və külək enerjisinin elektrik enerjisinə çevrilməsini, sistemlərin iş prinsipini və enerji istehsalının müxtəlif mərhələlərini birbaşa qurğular üzərində müşahidə edə biləcəklər.
Günəş enerjisi sistemi hər birinin gücü təxminən 580 vatt olan panellərdən təşkil olunub. Panellərin ümumi quraşdırılmış gücü 1,6–2,2 kVt-dir. İstehsal olunan enerjidən akkumulyatorların doldurulması və invertor vasitəsilə 220 voltluq elektrik təminatı üçün istifadə olunması nəzərdə tutulur.
Külək enerjisi üzrə praktiki məşğələlər üçün isə iki müxtəlif tipli generator – şaquli və üfüqi oxlu turbin quraşdırılıb. Üfüqi oxlu turbin üç pərli konstruksiyaya malikdir, 3 fazalı dəyişən cərəyan istehsal edir və təxminən 600 vatt gücündədir. Şaquli külək turbini isə 800 vatt gücündədir. Qurğudan akkumulyatorların doldurulması, işıqlandırma və günəş-külək hibrid enerji həllərində istifadə oluna bilər.
Qurğular tələbələrə bərpa olunan enerji sistemlərinin iş prinsipini real avadanlıqlar üzərində öyrənmək, nəzəri biliklərini praktikada sınamaq və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı verəcək.
Qeyd edək ki, ATU-da bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində ilk addımlardan biri daha əvvəl inzibati binalardan birinin üzərində 76 günəş panelindən ibarət, ümumi gücü 30,4 kVt olan sistemin quraşdırılması ilə atılıb. Yeni layihə isə bərpa olunan enerji mənbələrinin tədrisdə praktiki tətbiqinə imkan yaradır.