Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işlərinə başlandı

Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işlərinə start verilib. Bununla bağlı rəhbər işçilərdən ibarət operativ ştab yaradılıb. Bütün korpuslar, o cümlədən auditoriyalar, laboratoriyalar, xidməti və dərs otaqları, zirzəmilər xüsusi maddələrlə dezinfeksiya edilir, təmizlik aparılır. İşçi heyətin 70%-i sanitar-təmizlik işlərinə cəlb olunub. Sabah isə universitet gücləndirilmiş rejimdə, aidiyyatı qurumların mütəxəssisləri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı kompleks dezinfeksiya olunacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən sözügedən virusla bağlı 3-9 mart tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Məlumatda qeyd edilir ki, bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur. 

Azərbaycan Texnologiya Universitetinin professoru vəfat edib – NEKROLOQ

Azərbaycan Texnologiya Universitetinin professoru vəfat edib – NEKROLOQ "Gəncə təhsilinə ağır itki üz verib. Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tofiq Bayram oğlu Qocayev 2020-ci il 1 mart tarixində, ömrünün 76-cı ilində vəfat edib. Tofiq Qocayev 1944-cü il 22 iyunda Tovuz rayonunun Qovlar şəhərində anadan olub. 1967-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitunun Mexanika fakultəsinin Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisasını bitirib. Həmin il təyinatla Azərbaycan SSR Nazirlər Soveti nəzdində olan “Azərkomplekt” idarəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1969/1970-ci illərdə ordu sıralarında nümunəvi xidmətinə görə “V.İ.Leninin anadan olmasının 100 illiyi” medqalı ilə təltif olunub. 1970-ci ildə müsabiqə yolu ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunun Maşın hissələri kafedrasında assistent vəzifəsinə seçilib, 1973-cü ildə həmin institutun kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti) köçürülüb. 1979-cu ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsinə, 1984 cü ildə isə dosent elmi adına layiq görülüb. 1989-cu ildə Tofiq Qocayevə professor elmi adı verilib. 1990-cı ildə Kiev Politexnik İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib və SSRİ Ali Attestasiya Komisiyası tərəfindən texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.Tofiq Qocayevin Azərbayan Texnologiya Universitetində böyük əməyi var. Belə ki, işlədiyi müddətdə assistent, baş müəllim, dossent, professor, kafedra müdiri, 8 il dekan kimi fəaliyyət göstərib. Tədris işləri üzrə prorektor fəaliyyətindən sonra 1987-1992 illərdə Azərbayan Texnologiya İnstitutunun (hazırki Azərbayan Texnologiya Universiteti) rektoru vəzifəsində çalışıb. Sovet dövründə Dəfələrlə Kəpəz rayon və Kirovabad şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. 1992-ci ildə yüksək ixtisaslı mühəndis-mexanik və mühəndis-texnoloq kadrların hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Dövlət Aqrar Universitetinin, eləcə də Azərbaycan Texniki Universitetinin müdafiə şuralarının üzvü olub. Tofiq Qocayevin Elmi kadrların hazırlanmasında böyük rolu olub. Belə ki, onun rəhbrliyi ilə 4 nəfər texnika elmləri doktoru adına layiq görülüb. Professor Tofiq Qocayevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!"

Akif Süleymanov, Adil Tağıyev, Vüqar İsmayılov, Mətanət Əhmədova, Nazim Vəliyev, Nüşabə Hacıyeva, Azər Hüseyn, Mərdan Tağıyev 

UTECA tələbələri Xocalı şahidi ilə tanış olublar

UTECA tələbələri Xocalı şahidi ilə tanış olublar Azərbaycan Texnologiya Universitetinin Oxu klubunun üzv tələbələri “Erməni zindanında 8 gün” kitabını mütaliə ediblər. Kitab sırf real hadisələr əsasında qələmə alınıb və Xocalı faciəsi zamanı əsir düşmüş 20 yaşlı rabitəçinin başına gətirilən müsibətlərdən bəhs edir. Müəllif Dürdanə Ağayeva 1992-ci ildə faciə gecəsi əsir götürülür. Özündən bir yaş kiçik qardaşını xilas etmək üçün qadın əsirlər dəyişdirilən zaman erməni zindadında qapı arxasında gizlənir. Əsl cəhənnəm də bundan sonra başlayır. Tələbələr iki günlük səsli mütaliədən sonra kitabın qəhrəmanı və müəllifi olan Dürdanə Ağayeva ilə videogörüntü ilə tanış olublar. Təəssürat dolu gənclər faciə gecəsi baş verənləri və əsirlik həyatında gördüyü məşəqqətləri bir daha şahidin dilindən eşidib, ona suallar ünvanlıyıb, müzakirə ediblər. Oxucular soyqırım həqiqətlərini gənc nəslə və dünyaya çatdırdığı üçün Xocalı şahidinə minnətdarlıq ifadə ediblər. Sonra kitabsevərlər Gəncədə yerləşən Qarabağ İgidləri Muzeyini ziyarət ediblər.   


Rektor: Xocalı faciəsi ən qəddar terror aktlarından biridir

Azərbaycan Texnologiya Universitetində Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib. Dövlət himni səsləndirildikdən sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, professor Akif Süleymanov çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyib. Qeyd edib ki, 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil. Rektor Xocalı faciəsinə hüquqi və siyasi qiymətin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır. Rektor Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsini xatırladaraq, bu görüşdə dövlətimizin başçısının qətiyyətli çıxışından bəhs edib. Bildirib ki, həmin görüşdə Prezident İlham Əliyev N.Paşinyana hadisənin reallıqları ilə bağlı əsaslı cavab verib, Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Akif Süleymanov işğal olunmuş torpaqlarımızın azad edilməsi, Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Tədbirdə dossent Hüseyn Budaqov və Xocalı sakini olan UTECA tələbəsi Qalib Quliyev çıxış edərək Xocalı soyqırımının XX əsrin ən qanlı faciələrindən olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır. 

UTECA-da təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib

UTECA-da təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov təcrübə müddətinə başlayan tələbələrlə görüşüb.Görüşdə İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbələri iştirak ediblər. Rektor söhbət zamanı müasir tələblərə cavab verən müəssisələrdə təcrübə imkanını lazımi şəkildə dəyərləndirməyin vacibliyini qeyd edib. Bildirib ki, istehsalat təcrübəsi tələbənin praktik iş qabiliyyətinə yiyələnməsi üçün yaxşı fürsətdir. Professor tələbələrə təcrübə dövründə nizam-intizamlı, davamiyyətli olmağı tövsiyə edib.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, Texnologiya Universiteti 35 sənaye müəssisəsi ilə aktiv əməkdaşlıq edir. 

UTECA-da beynəlxalq sertifikatı olan müəllimlər 50% daha çox məvacib alırlar

UTECA-da beynəlxalq sertifikatı olan müəllimlər 50% daha çox məvacib alırlar Azərbaycan Texnologiya Universitetində (UTECA) elmi dərəcəsi və elmi adı olan professor-müəllim heyətinin vəzifə maaşı 15% artırılıb. Bu barədə universitetin rektoru, professor Akif Süleymanov əmr imzalayıb. Nəticədə cari tədris ilində universitetin professorlarının məvacibi 45% artıb. Qeyd edək ki, universitet Elmi Şurasının qərarı ilə 2019/2020-ci tədris ilinin noyabrında isə professorların əməkhaqqı 30% artırılmışdı. Ali təhsil ocağında elmi dərəcəli və gənc əməkdaşların sayı ilbəil artır. Hazırda universitetdə 53 gənc müəllim fəalliyyət göstərir. UTECA-da IELTS beynəlxalq sertifikatına malik müəllimlər aylıq əməkhaqqının 50%-i miqdarında əlavə məvacib alırlar. Hazırda Azərbaycan Texnologiya Universitetində 2700 tələbə təhsil alır və yeni tədris ilindən universitetin bütün heyətinin əmək haqqında növbəti artımların olacağı gözlənilir. Bu addımlar ölkə prezidentinin apardığı sosial islahatlara uyğun olaraq universitet əməkdaşlarının rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsinə hesablanıb.