Azərbaycan Texnologiya Universitetində “PROGRO” - Peşəkar İnkişaf və İnnovasiyalar Platformasının təkilatçılığı ilə “Azərbaycanda karyera” mövzusunda təlim keçirilib. PROGRO platforması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazlirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə əməkdaşlığı ilə yaradılıb. Platformanın məqsədi Azərbaycanda əhalinin, xüsusilə gənclərin əmək bazarının müasir tələblərinə və gələcək perspektivlərinə cavab verən peşəkar və səriştəli gənclər yetişdirmək, eləcə də onların uzun müddətli məşğulluğu və özünüməşğulluğuna xidmət etməkdir. Təlimdən əvvəl PROGRO Platformasının Gəncə mərkəzinin kordinatorları, eləcə də tanınmış biznes konsultant, peşəkar idarəçi və təlimçi Fəxri Ağayev Universitet rəhbərliyi ilə görüşüb. Azərbaycan Texnologiya Universitetinin rektor səlahiyyətlərini müvəqqəti icra edən dosent Yaşar Ömərov PROGRO platformasının UTECA ilə əməkdaşlığının tələbə və məzunlar üçün yaxşı fürsət olduğunu qeyd edib, gənclərin bu fürsəti dəyərləndirmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, müvafiq sahələrdə öz sözünü demiş peşəkarların təlimləri və tələbələrlə görüşləri, yaxşı təcrübələri ilə bölüşmələri, əmək bazarı üçün mütəxəssislərin hazırlanmasına yaxşı dəstəkdir. Təlimçi Fəxri Ağayev iş dünyasında Azərbaycan gəncliyinə dəstəyindən danışaraq bildirib ki, məqsədi məzunların iş əlçatanlığını asanlaşdırmaq, onlarda özünüinkişaf vərdişlərini formalaşdırmaq, biznes, peşəkarlıq və karyeraya gedən yolun qət edilməsi üsullarını öyrətməkdən ibarətdir. F.Ağayev rəhbərlik etdiyi Sahibkarlar klubu ilə universitet ələqələri yaratmaq üçün Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq niyyətində olduğunu da qeyd edib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin ev sahibliyi etdiyi “Azərbaycanda karyera” mövzusuna həsr edilmiş təlim pandemiya qaydalarına tam əməl edilməklə reallaşıb. Təlimçi F.Ağayev əmək bazarında peşəkar işçi profilini formalaşdırmaq üçün vacib olan məqamlar və işaxtaran gənclərə iş mühitində tələb olunan əsas keyfiyyətlər barədə məlumat verib. Sonda təlimçi gənclərin suallarını cavablandırıb.