Azərbaycan Texnologiya Universitetində (ATU) tədqiqatçıların elmi fəaliyyətinin inkişafına dəstək məqsədilə növbəti təlim təşkil olunub.
Tədbiri universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidov giriş sözü ilə açaraq təlimin əhəmiyyətindən bəhs edib, tədqiqatçıların beynəlxalq elmi platformalardan səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb və təlimçini iştirakçılara təqdim edib.
“Web of Science platformasının tədqiqat fəaliyyətinə təsiri: Müəllif profillərinin analizi və jurnalların qiymətləndirilməsi” mövzusunda təlim daha sonra “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyevanın təqdimatı ilə davam edib.
Təlim zamanı iştirakçılara Web of Science platformasının imkanları, o cümlədən müxtəlif elmi resursların vahid sistemdə birləşdirilməsi, geniş axtarış və filtr funksiyaları, etibarlı istinad metrikləri və müəllif profillərinin idarə olunması barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma tədqiqatçılara geniş axtarış və filtr imkanları, etibarlı istinad metrikləri, müəllif profillərinin idarə olunması, eləcə də analitik alətlər vasitəsilə elmi fəaliyyətlərini daha effektiv şəkildə təşkil etməyə şərait yaradır.
Eyni zamanda, təlim çərçivəsində Web of Science tədqiqatçı profillərinin üstünlükləri, vahid identifikasiya sistemi, elmi nəticələrin izlənməsi və görünürlüyün artırılması imkanları izah olunub. Jurnalların seçimi və qiymətləndirilməsi meyarları, o cümlədən redaksiya və təsir göstəricilərinə əsaslanan kriteriyalar iştirakçıların diqqətinə çatdırılıb.
Təlim interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr üzərindən izahlar aparılıb.
Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinin istehsalat təcrübəsi davam edir.
2025/2026-cı tədris ilinin yaz semestrində ATU-nun 636 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub.
Hazırda tələbələr 1 saylı Gəncə “Asan xidmət” Mərkəzində, Azərbaycan Dəmir Yolları QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional bölmələrində, Azəralüminium Zavodu, Gəncə Tekstil fabriki kimi bir sıra zavod və fabriklərdə, eləcə də 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ekoloji Park Kompleksi, Göy-göl Milli Parkı, Regional Turizm İdarəsi və Telekommunikasiya İdarələrində, Kəpəz Müstəqil Teleradio Şirkətində və bir sıra tanınmış otellər olmaqla ümumilikdə 64 müəssisədə istehsalat təcrübəsi keçirlər.
16 fevral tarixindən start verilmiş istehsalat təcrübəsi müvafiq olaraq may və iyul aylarının sonunadək davam edəcəkdir.
Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi dövrünün səmərəli və effektiv təşkili üçün universitet müasir tələblərə cavab verən müəssisələrlə daim yeni əlaqələr qurur, əməkdaşlıq imkanlarını genişləndirir.
Azərbaycan Texnologiya Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan olunan tədbirdə soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, Humanitar elmlər və multikulturalizm kafedrasının baş müəllimi Rafiq Hüseynov çıxış edib. Çıxışlarda 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsindən, nəticədə 12 minə yaxın azərbaycanlının amansızcasına öldürülməsindən, on minlərlə insanın itkin düşməsindən danışılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb. Nitqlərdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası xəttinin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda 31 mart soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) “Startapçı tələbə” təqaüdü təsis olunub. Müvafiq qərar universitetin Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Yeni təqaüd proqramı universitetdə innovasiya mühitinin inkişafına və tələbələrin real bacarıqlarının dəstəklənməsinə yönəlib. Proqram çərçivəsində yalnız akademik göstəriciləri yüksək olan deyil, eyni zamanda ideya yaradan, layihə hazırlayan və təşəbbüskar tələbələr də təqaüd uğrunda mübarizə apara biləcəklər.
Təşəbbüsün əsas məqsədi nəzəri biliklərlə yanaşı innovativ bacarıqları ön plana çıxarmaq, sənaye ilə əməkdaşlığı gücləndirmək və tələbələrin praktiki fəaliyyətə hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə İnnovasiya Mərkəzi çərçivəsində tələbə ideyalarının layihəyə, layihələrin isə gələcəkdə məhsul və startaplara çevrilməsi üçün inkubasiya mühitinin formalaşdırılması nəzərdə tutulur.
Seçim zamanı əsas diqqət tələbələrin real bacarıqlarına, layihə təcrübəsinə və innovativ fəaliyyətinə yönəldiləcək. Xüsusilə istifadəçi bazası olan tətbiqlər hazırlayan və ya texnoloji layihələr üzərində çalışan tələbələrə üstünlük veriləcək.
Azərbaycan Texnologiya Universitetində (ATU) Məzunlar Assosiasiyası yaradılıb. Bu barədə Elmi Şuranın bu gün keçirilən iclasında qərar qəbul edilib. Yeni yaradılan Assosiasiyanın əsas məqsədi universitet məzunları arasında əlaqələrin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və ali təhsil müəssisəsi ilə məzunlar arasında davamlı əməkdaşlığın qurulmasıdır.
Assosiasiya vasitəsilə məzunlarının fəaliyyəti, yerli və qlobal uğurları barədə məlumatların sistemləşdirilməsi, məzunların təcrübəsindən faydalanmaq, onların karyera uğurlarını tələbələrlə bölüşmək, eləcə də universitetin inkişafına töhfə verən birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumun mövcudluğunu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin müdiri İradə Zeynalabdinzadənin, Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin dekanı Şakir Əliyevin, Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri Nigar Əmiraslanovanın hesabatı dinlənilib.
Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov Rəqəmsallaşma siyasətini, Tədri̇si̇n təşki̇li̇ və idarə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov isə Tələbələrin ixtisası üzrə əmək fəaliyyətinin istehsalat təcrübəsi kimi tanınması qaydalarını və Ali təhsil müəssisəsindən kənarda təcrübədə iştirak edən tələbələrin davamiyyətinə nəzarət mexanizmini təsdiq olunması üçün Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovun təqdimatı əsasında "Startapçı tələbə" təqaüdünün təsis edilməsi, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə ştat cədvəlində dəyişiklik və bir sıra əsasnamələrin təsdiqi, Təcrübə və karyera sektorunun müdiri Ayxan Bahadurlunun təqdimatı ilə Məzunlar Assosiasiyasının yaradılması və əsasnaməsinin təsdiqi kimi digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Elmi Şura çərçivəsində İqtisadiyyat kafedrasının baş müəllimi Kərim Məmmədov 70 illik yubileyi münasibətilə təltif edilib.