Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU ilə MPay MMC arasında görüş keçirilib

 Azərbaycan Texnologiya Universiteti (ATU) ilə rəqəmsal ödəniş həlləri təqdim edən MPay MMC şirkəti arasında işgüzar görüş keçirilib. 

Görüşdə ATU-nun universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev, Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov, Karyera sektorunun müdiri Ayxan Bahadurlu, MPay MMC-dən isə İnsan resursları və hüquq departamentinin direktoru Günel Qaçayeva, Gəncə regional şöbəsinin müdiri Samir Məmmədov və şirkətin əməkdaşları iştirak edərək ATU ilə MPay arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş çərçivəsində tələbələr üçün infosessiya keçirilib.

ATU tələbələri Zəfər Gününə həsr olunmuş tennis yarışında qüvvələrini sınayıblar

Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş idman proqramı tələbələrin stolüstü tennis yarışı ilə davam edib.

Yarışın sonunda Turizm fakültəsinin tələbəsi Niyazi Ümidvarov birinci yeri tutub. universitetin əcnəbi tələbəsi Muhammad Awais ikinci, Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin tələbəsi Uveys Anqbazov isə üçüncü olub.

Yarış ATU-nun İdman Klubu tərəfindən təşkil edilib.

ATU-da Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov magistratura və bakalavriat təhsil pillələri üzrə 2026/2027-ci tədris ilində tələbə qəbulunun yekunları barədə məlumat verib.

Daha sonra strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Toğrul Sadıqovun hesabatı dinlənilib, həmçinin təqdimatı ilə Strateji İnkişaf Planına dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Elmi Şurada Rəqəmsal texnologiyalar fakültəsinin dekanı Rövşən Hacıyev də hesabatla çıxış edib. İqtisadi məsələlər üzrə müşavir İlham Vəliyev isə universitetin qış mövsümünə hazırlığının vəziyyəti barədə məlumat verib.

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Tədris-Metodiki Şuranın sədri Şahmar Həsənov tədris-metodiki vəsaitlərin təsdiqi, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə isə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələləri Elmi Şura üzvlərinin müzakirəsinə təqdim ediblər.

İclasda gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

 


ATU tələbəsi “Bodibildinq və fitnes üzrə Azərbaycan çempionatı”nda ikinci yeri tutub

 ATU tələbəsi “Bodibildinq və fitnes üzrə Azərbaycan çempionatı”nda ikinci yeri tutub

Azərbaycan Texnologiya Universitetinin (ATU) Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin nəqliyyat mühəndisliyi ixtisası üzrə II kurs tələbəsi Əli Məmmədov “Bodibildinq və fitnes üzrə Azərbaycan çempionatı”nda ikinci yerə layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda tələbəmiz JMF+174 kateqoriyası üzrə mübarizə aparıb. 

Əli Məmmədovu təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq! 

 

ATU “Azəralüminium” MMC ilə birgə ilk sənaye yönümlü təhsil proqramının tətbiqinə başlayır

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Azəralüminium” MMC arasında “Metallurgiya mühəndisliyi” ixtisası üzrə birgə sənaye yönümlü kadr hazırlığına və həmin sahə üzrə təhsil alan tələbələrin peşəkar inkişafına dair saziş imzalanıb.

Saziş tələbələrin sənayenin real tələblərinə uyğun bilik və bacarıqlar qazanmasını və gələcək karyeraya hazırlanmasını nəzərdə tutur. Əməkdaşlığın əsas istiqaməti “ALUMET” adlanan, “Metallurgiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin akademik, praktiki və peşəkar inkişaf proqramıdır. Sözügedən proqram Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb.

Proqram çərçivəsində 2026/2027-ci tədris ilində “Metallurgiya mühəndisliyi” ixtisasına qəbul olunmuş tələbələr “Azəralüminium” MMC-nin istehsalat sahələri ilə tanış olmaq, mühəndis və mütəxəssislərlə görüşlər keçirmək imkanı qazanmaqla yanaşı, xüsusi mentorluq proqramına, praktiki tapşırıqlara, sənaye yönümlü layihələrə və istehsalat təcrübəsinə cəlb ediləcəklər.

ALUMET proqramının əsas mərhələsinin 2027-ci ilin fevral ayından başlanması planlaşdırılır. Proqram çərçivəsində alüminium istehsalı, texnoloji proseslər, keyfiyyətə nəzarət, sənaye avtomatlaşdırılması, enerji səmərəliliyi və davamlı metallurgiya kimi istiqamətlər üzrə bilik və bacarıqların inkişafına diqqət yetiriləcək.

Sazişə əsasən, yüksək akademik nəticə göstərən tələbələrə “Azəralüminium” MMC-nin mərhum direktoru və ATU-nun sabiq professoru Cəmil Səfərovun adına təqaüd veriləcək.

Qeyd edək ki, ATU ilə “Azəralüminium” MMC arasında uzun müddətdir uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində universitetin “Kimya və metallurgiya mühəndisliyi” kafedrasının “Azəralüminium” MMC-də filialının fəaliyyət göstərməsini, “Azəralüminium” MMC-nin ATU-da auditoriyalar qurmasını, birgə elmi işlərin aparılmasını, müəssisə əməkdaşlarının universitetdə tədris prosesinə cəlb edilməsini və tələbələrin sözügedən sənaye müəssisəsində istehsalat təcrübəsində iştirakını qeyd etmək olar.

 

ATU əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş silsilə idman yarışları çərçivəsində əməkdaşlar arasında stolüstü tennis yarışı keçirilib.

Yarışın nəticələrinə əsasən İdarəetmə kafedrasının baş müəllimi Şakir Əlizadə birinci, Qida mühəndisliyi və şərabçılıq kafedrasının dosenti Elnur Heydərov ikinci, ümumi işlər üzrə prorektor Ramin Əliyev isə üçüncü yeri tutub.

Silsilə idman yarışları çərçivəsində 2 noyabrda dama və şahmat, 3–4 noyabrda voleybol, 5–6 noyabrda isə futzal yarışları keçiriləcək. Yarışlar ATU-nun İdman Klubu tərəfindən təşkil olunur.