Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Qazaxıstan Rektorlarının İkinci Forumu keçirilib. Forumda Qazaxıstan və Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları, o cümlədən Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov iştirak edib.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və qazaxıstanlı həmkarı Sayasat Nurbek çıxış edərək iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıblar.
Forum çərçivəsində universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin təşviqi və təcrübə mübadiləsinin inkişafı kimi bir sıra məsələlər müzakirə olunub.
Azərbaycan Texnologiya Universiteti (ATU) Qazaxıstanın Almatı şəhərində təşkil olunan beynəlxalq təhsil sərgisində iştirak edir. Tədbirdə rektor Yaşar Ömərov da iştirak edir. ATU stendini ziyarətçilərə strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov, İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov, Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşı Murad Həsənzadə və ATU-nun sabiq əməkdaşı – hazırda Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Qazaxıstanda doktorantura təhsili alan Elnur Arifzadə təqdim edir.
Sərgidə universitetin təqdim etdiyi stend ziyarətçilərin, xüsusilə Qazaxıstanlı abituriyent və tələbələrin böyük marağına səbəb olub. Stenddə ATU-nun tədris proqramları, ixtisasları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün yaradılan üstünlüklər barədə ziyarətçilərə ətraflı məlumatlar təqdim olunur.
Azərbaycan Texnologiya Universitetində (ATU) tədqiqatçıların elmi fəaliyyətinin inkişafına dəstək məqsədilə növbəti təlim təşkil olunub.
Tədbiri universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Sahil Həmidov giriş sözü ilə açaraq təlimin əhəmiyyətindən bəhs edib, tədqiqatçıların beynəlxalq elmi platformalardan səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb və təlimçini iştirakçılara təqdim edib.
“Web of Science platformasının tədqiqat fəaliyyətinə təsiri: Müəllif profillərinin analizi və jurnalların qiymətləndirilməsi” mövzusunda təlim daha sonra “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyevanın təqdimatı ilə davam edib.
Təlim zamanı iştirakçılara Web of Science platformasının imkanları, o cümlədən müxtəlif elmi resursların vahid sistemdə birləşdirilməsi, geniş axtarış və filtr funksiyaları, etibarlı istinad metrikləri və müəllif profillərinin idarə olunması barədə ətraflı məlumat verilib. Bildirilib ki, platforma tədqiqatçılara geniş axtarış və filtr imkanları, etibarlı istinad metrikləri, müəllif profillərinin idarə olunması, eləcə də analitik alətlər vasitəsilə elmi fəaliyyətlərini daha effektiv şəkildə təşkil etməyə şərait yaradır.
Eyni zamanda, təlim çərçivəsində Web of Science tədqiqatçı profillərinin üstünlükləri, vahid identifikasiya sistemi, elmi nəticələrin izlənməsi və görünürlüyün artırılması imkanları izah olunub. Jurnalların seçimi və qiymətləndirilməsi meyarları, o cümlədən redaksiya və təsir göstəricilərinə əsaslanan kriteriyalar iştirakçıların diqqətinə çatdırılıb.
Təlim interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr üzərindən izahlar aparılıb.
Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinin istehsalat təcrübəsi davam edir.
2025/2026-cı tədris ilinin yaz semestrində ATU-nun 636 tələbəsi istehsalat təcrübəsinə cəlb olunub.
Hazırda tələbələr 1 saylı Gəncə “Asan xidmət” Mərkəzində, Azərbaycan Dəmir Yolları QSC-nin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional bölmələrində, Azəralüminium Zavodu, Gəncə Tekstil fabriki kimi bir sıra zavod və fabriklərdə, eləcə də 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ekoloji Park Kompleksi, Göy-göl Milli Parkı, Regional Turizm İdarəsi və Telekommunikasiya İdarələrində, Kəpəz Müstəqil Teleradio Şirkətində və bir sıra tanınmış otellər olmaqla ümumilikdə 64 müəssisədə istehsalat təcrübəsi keçirlər.
16 fevral tarixindən start verilmiş istehsalat təcrübəsi müvafiq olaraq may və iyul aylarının sonunadək davam edəcəkdir.
Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi dövrünün səmərəli və effektiv təşkili üçün universitet müasir tələblərə cavab verən müəssisələrlə daim yeni əlaqələr qurur, əməkdaşlıq imkanlarını genişləndirir.
Azərbaycan Texnologiya Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan olunan tədbirdə soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, Humanitar elmlər və multikulturalizm kafedrasının baş müəllimi Rafiq Hüseynov çıxış edib. Çıxışlarda 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsindən, nəticədə 12 minə yaxın azərbaycanlının amansızcasına öldürülməsindən, on minlərlə insanın itkin düşməsindən danışılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb. Nitqlərdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası xəttinin əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda 31 mart soyqırımına həsr edilmiş sənədli film nümayiş etdirilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) “Startapçı tələbə” təqaüdü təsis olunub. Müvafiq qərar universitetin Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Yeni təqaüd proqramı universitetdə innovasiya mühitinin inkişafına və tələbələrin real bacarıqlarının dəstəklənməsinə yönəlib. Proqram çərçivəsində yalnız akademik göstəriciləri yüksək olan deyil, eyni zamanda ideya yaradan, layihə hazırlayan və təşəbbüskar tələbələr də təqaüd uğrunda mübarizə apara biləcəklər.
Təşəbbüsün əsas məqsədi nəzəri biliklərlə yanaşı innovativ bacarıqları ön plana çıxarmaq, sənaye ilə əməkdaşlığı gücləndirmək və tələbələrin praktiki fəaliyyətə hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə İnnovasiya Mərkəzi çərçivəsində tələbə ideyalarının layihəyə, layihələrin isə gələcəkdə məhsul və startaplara çevrilməsi üçün inkubasiya mühitinin formalaşdırılması nəzərdə tutulur.
Seçim zamanı əsas diqqət tələbələrin real bacarıqlarına, layihə təcrübəsinə və innovativ fəaliyyətinə yönəldiləcək. Xüsusilə istifadəçi bazası olan tətbiqlər hazırlayan və ya texnoloji layihələr üzərində çalışan tələbələrə üstünlük veriləcək.