Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Diplomatik nünasibətlərin dinamikası: dostluqdan strateji müttəfiqliyə

Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Xəzər və Baltik dənizi regionları arasında iqtisadi-siyasi inteqrasiyanın dərinləşməsi üçün mühüm yol xəritəsi olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqı məkanında etibarlı müttəfiqlərə sahib olduğunun növbəti nümayişi idi. Bu bəyanat təkcə ikitərəfli əlaqələrin gələcəyini deyil, həm də Cənubi Qafqazda yaranmış yeni reallıqların və bölgədəki dayanıqlı sülhün Avropa tərəfdaşları tərəfindən dəstəklənməsinin vacibliyini ehtiva edən tarixi bir mesaj idi. Eyni zamanda, bu səfər bir daha hər iki dövlət başçısının beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Tarixi torpaqlarımızın işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra Latviyanın beynəlxalq aləmdə nümayiş etdirdiyi mövqe ölkələrimiz arasında qarşılıqlı etimadı gücləndirən əsas amildir. Məhz buna görə də, Prezident İlham Əliyev öz çıxışında Latviyanı Azərbaycanın Avropa İttifaqındakı ən yaxın və etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdi.

Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu xüsusi vurğulandı və Azərbaycan qazının Avropaya nəqlinin genişləndirilməsində Latviyanın maraqlı olduğu qeyd edildi. Bu əməkdaşlıq həm də Latviya üçün texnoloji tərəfdaşlıq deməkdir. Burada Latviyanın infrastruktur idarəetmə təcrübəsi ilə ölkəmizin artan ixrac imkanları birləşdikdə hər iki ölkə üçün dividend gətirən ticarət zənciri əmələ gəlir. Həmçinin unutmaq olmaz ki, son zamanlarda Avropada yaranan enerji böhranı fonunda Azərbaycan həm də qitənin enerji arxitekturasını  xilas edən strateji tərəfdaşdır.

Prezidentlərin bəyanatında diqqətçəkən ən mühüm məqamlardan biri o idi ki, tərəfdaşlıq gündəliyi yalnız təbii qaz ixracı ilə məhdudlaşmır, eyni zamanda bərpa olunan enerji mənbələri və “yaşıl keçid” əməkdaşlığın yeni hərəkətverici qüvvəsi kimi təqdim olunur.

Azərbaycan və Latviya prezidentləri arasında baş tutan strateji müzakirələr regionun nəqliyyat arxitekturasında yeni bir səhifə açdı. Bu dialoqun ana xəttini təşkil edən əsas məqamlardan biri olaraq Orta Dəhlizin bu gün sadəcə xəritədə çəkilən bir xətt olmadığı, həm də qlobal ticarətin Azərbaycandan dünyaya açılan yeni və ən böyük strateji qapı olduğu vurğulandı. Azərbaycan-Latviya görüşü bu layihə əsasında Xəzərlə Baltik dənizini bir-birinə logistik olaraq bağlamaq missiyasını ortaya qoydu. Bu tarixi missiya iqtisadi dinamikası ilə seçilən Xəzər hövzəsinin və Avropanın strateji çıxış nöqtəsi olan Baltik regionunun iqtisadi taleyini birləşdirir, bütövlükdə Avrasiya qitəsinin ticarət xəritəsini yenidən formalaşdırır.

Prezident İlham Əliyevin görüş çərçivəsində Cənubi Qafqazda sülh məsələsinə də münasibət bildirməsi onu göstərdi ki, Azərbaycanın sülhə münasibəti təkcə regionda müharibənin olmaması deyil, həm də əsaslı inkişafın başlaması, dinamik şəkildə davam etməsi, eləcə də, Cənubi Qafqazı “gərginlik ocağından” “əməkdaşlıq adasına” çevirməkdir. Bu layihənin ən mühüm tərəflərindən bir də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən kommunikasiyaların açılmasıdır. Bu məsələdə Azərbaycan Prezidentinin mövqeyi dəyişməzdir: “Davamlı sülh, ərazi bütövlüyünün qarşılıqlı tanınması, iqtisadi inteqrasiya”.

Görüş əsnasında Latviyanın rəqəmsal transformasiya və yaşıl texnologiyalar sahəsindəki zəngin təcrübəsinin olması nəzərə alınaraq, Azərbaycanda həyata keçirilən “Ağıllı” yaşayış məskənləri layihələrinin gələcəyin modern yaşayış standartlarına çevrilməsində əsas hərəkətverici qüvvələrdən biri ola bilməsi vurğulandı. Bu sahədə Latviya şirkətlərinin iştirak edə bilməsi də müzakirə mövzusuna çevrildi  və hətta regionun minalardan təmizlənməsində Latviyanın texniki dəstək göstərməyə hazır olduğu da xüsusi qeyd edildi.

Görüşdə təhsil və innovasiya sahəsinə də münasibət bildirildi. Azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almağa olan maraqları iki dost ölkə arasındakı münasibətlərin intellektual əsasını təşkil edir.

Azərbaycanla Latviya arasındakı münasibətlər təkcə iqtisadi, siyasi tərəfdaşlıqla məhdudlaşmır, bu əlaqələrin kökündə həm də mədəni, mənəvi dəyərlər dayanır. Məlumdur ki, hər iki ölkə öz tarixinə, milli kimliyinə və dəyərlərinə ehtiramla yanaşır. Mədəniyyət dialoqu – birgə sərgilər, festivallar, kino, teatr günləri - xalqların bir-birini yaxından tanımasına, ortaq dəyərlər tapmasına imkan yaradır.

Beləliklə, Azərbaycan və Latviya arasında qurulan dialoq bir daha sübut edir ki, müasir dünyada iqtisadi və siyasi tərəfdaşlığa heç bir məsafə əngəl deyil. Hər iki ölkə başçısının mətbuata verdiyi açıqlamalar bir daha sübut edir ki, Azərbaycan və Latviya münasibətləri möhkəm təməllər üzərində qurulub və sarsılmazdır. Eləcə də, Azərbaycanın Cənubi Qafqazda bərqərar etdiyi sülh ölkəmizi bütün dünya üçün davamlı firavanlığın və sarsılmaz etibarın  rəmzinə çevirir.

 

                                        Azərbaycan Texnologiya Universitetinin

                                Humanitar elmlər və multikulturalizm kafedrasının

                                 baş müəllimi Zəminə Novruzova

 

🤝🌱“GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinə yeni tərəfdaşlar qoşuldu

Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həmtəşkilatçılığı və Kapital Bankın dəstəyi ilə keçiriləcək “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin həmtəşkilatçıları və sponsorları siyahısına Təhsilin İnkişafı Fondu və “ATSFood” MMC də qoşulub.

🚀 24 aprel 2026-cı il tarixində baş tutacaq müsabiqədə respublikanın müxtəlif aparıcı universitetlərini təmsil edən 80 komandanın mübarizə aparacağı gözlənilir.

 

“III Qida sənayesi və qida təhlükəsizliyi forumu” keçirilib

Azərbaycan Texnologiya Universiteti (ATU) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) birgə təşkilatçılığı, “Xəzri TN” MMC və Göygöl Şərab Zavodunun dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi forumu” keçirilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Heydər Əliyev Mərkəzində baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə açıq elan olunub.

ATU-nun rektoru Yaşar Ömərov tədbirdə giriş sözü ilə çıxış edərək forumun əhəmiyyətindən danışıb. O bildirib ki, ənənə halını alan və artıq üçüncü dəfə keçirilən forum ölkə əhəmiyyətli platforma kimi qida sənayesi və qida təhlükəsizliyi sahəsində mütəxəssisləri bir araya gətirir. Rektor vurğulayıb ki, aparılacaq müzakirələr sahənin inkişafına, elmi nəticələrin istehsalata tətbiqinə və qida təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Seymur Mövlayev, AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva, Türkiyə-Azərbaycan Universitetinin Qida mühəndisliyi bölümünün koordinatoru professor Dr. Ümran Uygun, Azərbaycan Texniki Universitetinin professoru İsa Xəlilov və Azərbaycan-İtaliya Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin dekanı professor Matteo Vittuari çıxış edərək forumun işinə uğurlar arzu ediblər.

Forum “Qida təhlükəsizliyi” və “Qida sənayesi” olmaqla iki panel üzrə işini davam etdirib.

I panel ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı dosent Mehman İsmayılovun moderatorluğu ilə keçirilib. “Risklərin qiymətləndirilməsi və qida istehlakı məlumatlarının bu prosesdəki rolu” mövzusuna həsr olunan paneldə “Xəzri TN” MMC-nin direktoru İlkin Şabanov, “ATS FOOD” MMC-nin direktoru Tural Hacıyev, AQTA sədrinin müşaviri Seymur Mövlayev, “Azersun Holding”ə məxsus “Azərsüd” MMC-nin direktor müavini Seymur Həsənov və “M&T” şirkətinin laboratoriya müdiri Azadə Rzayeva çıxış edərək qida təhlükəsizliyinin aktual məsələlərini müzakirə edib, müvafiq təkliflər irəli sürüblər.

II panel isə AQTİ-nin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Vəfa Ağayevanın moderatorluğu ilə baş tutub. Paneldə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva, Türkiyə Respublikasının Hacettepe Universitetinin Qida mühəndisliyi bölümünün professoru Dr. Vural Gökmen, ADA Universitetinin əməkdaşı Mehrac Abbasov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin baş mütəxəssisi Elnurə Məmmədova çıxış edərək qida sənayesinin aktual məsələləri ətrafında müzakirələr aparıblar.

Panellərarası fasilədə tədbir iştirakçıları ATU-nun Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrin konsert proqramını izləyiblər.

 

 


ATU-da qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” PHŞ tərəfindən Azərbaycan Texnologiya Universitetində Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil olunub. Qan Bankının Gəncə Bölməsinin səyyar briqadasının təşkilatçılığı ilə baş tutan aksiyada universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. 

Qeyd edək ki, aksiyanın məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə dəstək olmaq və cəmiyyət arasında könüllü donorluğun təşviqinə töhfə verməkdir. 

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ölkədə donorluğun və qan xidmətlərinin inkişafına dair mühüm sərəncamlar və müvafiq fərmanlar qəbul edilib. 2005-ci il 8 fevral tarixində isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Talassemiyasız həyat naminə” proqramının başlanmasını elan edib.

 

Zərifə Əliyeva: elmə, insanlığa və mənəviyyata həsr olunmuş ömür

15 aprel Azərbaycan xalqının yaddaşında dərin hörmət və ehtiramla yad edilən xüsusi tarixlərdən biridir. Bu gün görkəmli oftalmoloq-alim, akademik, ictimai xadim Zərifə Əliyevanin anım günüdür. Onun həyatı və fəaliyyəti Azərbaycan tibb elminin inkişaf salnaməsinə qızıl hərflərlə yazılmışdır. Zərifə xanım təkcə peşəkar həkim və alim deyil, həm də yüksək mənəviyyata, insani dəyərlərə sahib bir şəxsiyyət kimi xalqın qəlbində əbədi yer qazanmışdır.

Zərifə Əliyevanın həyat yolu onun uşaqlıq illərindən başlayaraq elmə və insanlara xidmət ruhu ilə formalaşmışdır. O, biliklərə olan marağı, öyrənməyə həvəsi və insanlara kömək etmək istəyi ilə seçilirdi. Hələ gənc yaşlarından həkimlik peşəsini seçməsi təsadüfi deyildi. Onun daxili dünyasında insan sağlamlığına xidmət etmək ən ali məqsəd kimi formalaşmışdı. Tibb təhsilini uğurla başa vurduqdan sonra o, oftalmologiya sahəsini seçərək bu istiqamətdə dərin elmi araşdırmalara başladı. O dövrdə bu sahə üzrə tədqiqatlar geniş inkişaf mərhələsində idi və Zərifə Əliyeva bu elmi boşluqları dolduran nadir alimlərdən biri oldu.

Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan oftalmologiya məktəbinin formalaşmasında mühüm rol oynamışdır. O, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Kimya sənayesində, ağır istehsalat sahələrində çalışan insanların görmə orqanlarında yaranan problemlərin səbəbləri, inkişaf mexanizmləri və profilaktikası onun elmi araşdırmalarının əsas istiqamətlərindən biri olmuşdur. Onun bu sahədə apardığı tədqiqatlar yalnız Azərbaycan üçün deyil, ümumilikdə sovet oftalmologiya elmi üçün də böyük əhəmiyyət daşıyırdı. O, xəstəliklərin erkən diaqnostikası və profilaktikası istiqamətində yeni yanaşmalar irəli sürmüş, praktik tibbdə tətbiq olunan mühüm metodların müəlliflərindən biri olmuşdur. Zərifə Əliyeva eyni zamanda yüksək elmi məktəb yaratmışdır. Onun rəhbərliyi altında yetişən gənc həkimlər və tədqiqatçılar bu gün də Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayırlar. O, biliklərini səxavətlə bölüşən, tələbələrinə yalnız elmi deyil, həm də insani keyfiyyətləri aşılayan bir müəllim kimi tanınırdı.

Zərifə Əliyevanı fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də onun yüksək həkimlik etikası və insana olan dərin hörməti idi. O, pasiyentlərinə yalnız xəstə kimi deyil, bir insan kimi yanaşırdı. Hər bir xəstənin problemi onun üçün fərdi və vacib idi. Onun qəbuluna gələn insanlar təkcə tibbi yardım almır, həm də mənəvi rahatlıq tapırdılar. Zərifə xanımın sadəliyi, səmimiyyəti və diqqəti onu xalq arasında sevilən bir həkimə çevirmişdi. O, hər zaman insanlara ümid verməyə, onların ağrılarını azaltmağa çalışırdı.

Zərifə Əliyevanın elmi irsi bu gün də Azərbaycan səhiyyəsinin əsas dayaqlarından biri hesab olunur. Onun monoqrafiyaları, elmi məqalələri və metodik tövsiyələri müasir oftalmologiya praktikasında geniş istifadə olunur. O, elmi fəaliyyətini yalnız laboratoriya və klinika ilə məhdudlaşdırmır, nəticələrin praktik tətbiqinə xüsusi önəm verirdi. Onun yaratdığı elmi məktəb bu gün də yaşayır və inkişaf edir. Bir çox gənc alimlər onun ideyalarından ilham alaraq yeni tədqiqatlar aparırlar. Bu isə Zərifə Əliyevanın elmi irsinin nə qədər dəyərli və davamlı olduğunu göstərir.

Zərifə Əliyeva yalnız elm və tibb sahəsində deyil, həm də ictimai sahədə fəal idi. O, əhalinin sağlamlıq maarifləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edirdi. İnsanların göz sağlamlığının qorunması, profilaktik müayinələrin əhəmiyyəti barədə geniş maarifləndirmə işləri aparırdı. Onun təşəbbüsləri nəticəsində bir çox səhiyyə layihələri həyata keçirilmiş, xüsusilə peşə xəstəliklərinin qarşısının alınması sahəsində mühüm addımlar atılmışdır. O, sağlam cəmiyyətin formalaşmasında tibbin rolunu hər zaman ön plana çəkirdi.

15 aprel – Zərifə Əliyevanın anım günü – təkcə bir xatirə tarixi deyil, həm də onun ideyalarının yenidən xatırlandığı, irsinin təhlil olunduğu və gələcək nəsillərə ötürüldüyü gündür.  Çünki Zərifə Əliyeva kimi şəxsiyyətlərin həyatı gənclər üçün həm elmə, həm də insanlığa xidmət nümunəsidir. Zərifə xanımın həyatı və fəaliyyəti göstərir ki, elmə, insana və mənəviyyata həsr olunmuş bir ömür heç vaxt unudulmur. O, Azərbaycan tibb elmini inkişaf etdirən, insanlara ümid bəxş edən və yüksək mənəvi dəyərləri ilə seçilən nadir şəxsiyyətlərdən biri olmuşdur. Onun adı bu gün də hörmətlə çəkilir, elmi irsi öyrənilir və gələcək nəsillərə ötürülür. 15 aprel tarixi isə yalnız bir anım günü deyil, həm də bir məktəbdir – elmə, zəhmətə və insanlığa xidmət məktəbi. Zərifə Əliyevanın xatirəsi xalqın yaddaşında daim yaşayacaq və onun qoyduğu izlər Azərbaycan elminin inkişaf yolunu işıqlandırmağa davam edəcəkdir.

Azərbaycan Texnologiya Universiteti

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Şahmar Umud oğlu Həsənov

 

 

 

Məzunlar Assosiasiyasının ilk iclası keçirildi

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni təsis edilən Məzunlar Assosiasiyasının ilk iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru Yaşar Ömərov və fəxri məzunlar universitetin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin büstünü və ATU-nun şəhid məzunlarının abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra universitetin tarixini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə ATU-nun rektoru Yaşar Ömərov çıxış edib. Bildirib ki, Məzunlar Assosiasiyasının yaradılması universitetlə məzunlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, onların bilik və təcrübəsinin ali təhsilin inkişafına yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, müxtəlif sahələrdə uğur qazanan məzunlar universitetin ən böyük kapitalıdır və onların bir platformada birləşməsi gələcək əməkdaşlıqlar üçün geniş imkanlar açacaq.

Daha sonra universitetin fəxri məzunları – Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov, iş adamı – “Dan Ulduzu” restoranlar şəbəkəsinin direktoru Rübail Nəsibov, ATU-nun İdarəetmə kafedrasının müdiri, professor Füzuli Məmmədov çıxış edərək universitetdə aldıqları təhsilin onların karyera yolundakı rolundan danışıblar, Məzunlar Assosiasiyasının fəaliyyətinin əhəmiyyətini vurğulayıb və gənc məzunlara tövsiyələrini bölüşüblər.

Tədbirə 300-ə yaxın məzun qatılıb. Universitetin Təcrübə və Karyera sektorunun müdiri Ayxan Bahadurlu iştirakçılar qarşısında ATU məzunlarının son 5 illik məşğulluq göstəricilərini təqdim edib, bu sahədə əldə olunan müsbət dinamika və gələcək hədəflər barədə məlumat verib.

Daha sonra Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov çıxış edərək Məzunlar Assosiasiyasının əsas fəaliyyət istiqamətləri, qarşıya qoyulan məqsədlər və təşkilati strukturu barədə ətraflı məlumat verib, ardınca İdarə Heyətinin tərkibinə dair təklifləri qəbul edib. Açıq səsvermənin sonunda ATU-nun Məzunlar Assosiasiyasının İdarə Heyəti formalaşdırılıb.

Sonda zalda əyləşən məzunlar fikir bildirərək Assosiasiyanın fəaliyyətinin faydalı olacağına əminlik ifadə ediblər, universitetlə əlaqələrin daha da gücləndirilməsi, məzun şəbəkəsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndiriblər.