Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı çərçivəsində Karyera Forumu keçirilib. Forum universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyevin moderatorluğu ilə baş tutub. Spiker qismində tanınmış iqtisadçı Fərhad Pərvizi, KOBİA-nın Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları üzrə regional koordinatoru Anar Əliyev və Naftalanın ən müasir otellərindən olan “Garabagh Resort & Spa”nın direktor əvəzi Nicat Məhərrəmov çıxış ediblər.
Spikerlər şəxsi karyera təcrübələri, peşəkar inkişaf mərhələləri və əmək bazarında uğur qazanmaq üçün vacib amillər barədə fikirlərini bölüşüblər. Çıxışlarda müasir dövrdə çevik bacarıqların əhəmiyyəti, innovativ düşüncə, düzgün şəbəkələşmə, liderlik keyfiyyətləri və özünüinkişafın karyera yolundakı rolu xüsusi vurğulanıb. Eyni zamanda tələbələrə əmək bazarının aktual tələbləri, turizm, sahibkarlıq və iqtisadiyyat sahələrində yaranan yeni imkanlar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
İnteraktiv müzakirələr şəraitində keçirilən Forum tələbələrin real iş mühiti ilə bağlı biliklərini artırmaq, peşəkar şəxslərlə birbaşa ünsiyyət qurmasına imkan yaratmaq və onların gələcək karyera planlamasına töhfə vermək məqsədi daşıyıb.