Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş fakültələrarası futzal birinciliyi yekunlaşıb.
Final mərhələsində komandalar yüksək idman ruhu nümayiş etdiriblər. Nəticədə Qida mühəndisliyi fakültəsinin QM1 komandası turnirin qalibi olub. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin komandası ikinci, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə üçüncü yeri tutub.
Qalib komandalar diplom və kubokla təltif olunublar.
Qeyd edək ki, iki gün davam edən yarışlarda Qida mühəndisliyi (QM) fakültəsi iki, Avtomatika, telekommunikasiya və informatika (ATİ) fakültəsi iki, Yüngül sənaye mühəndisliyi və logistika (YSML) fakültəsi bir, İqtisadiyyat və idarəetmə (İİE) fakültəsi bir komanda ilə təmsil olunub. Yarışda həmçinin ATU-nun əcnəbi tələbələrdən ibarət yığma komandası da iştirak edib.
Azərbaycan Texnologiya Universitetində (ATU) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbirdən əvvəl universitet ərazisində Ümummilli lider Heydər Əliyevin büstü və Şəhidlər abidəsi ziyarət edilib.
Konfransın plenar iclası Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib. Azərbaycan Texnologiya Universitetinin rektoru dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Rektor Zəfər və böyük Qayıdış proqramında yeni texnologiyaların rolundan bəhs edərək Prezident İlham Əliyevin bir neçə gün öncə - Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Azərbaycanda süni intellektin inkişafı ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib. Universitetdə bu istiqamətdə həyata keçirilən işlərdən danışaraq tədqiqatçıların möhtərəm cənab Prezidentin çağırışlarına daha fəal qoşulacağına əminlik ifadə edib.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Şahmar Hacıyahyayev, “Chinar Hotel Spa Naftalan” Hotelin direktoru Murat Gözütok və Gəncə Maşınqayırma Zavodunun baş mühəndisi İldırım Quliyev çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda ATU-nun Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Elnur Heydərovun “Şərabçılıq sənayesində müasir texnologiyalar və yanaşmalar”, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayevin “Maşın mühəndisliyində innovativ texnologiyaların tətbiqi: ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobili”, Avtomatika və informasiya texnologiyaları kafedrasının doktorantı Fərid Rüstəmovun “Blokçeyn texnologiyası və onun tətbiq sahələri”, İqtisadiyyat kafedrasının doktorantı Fərhad Babayevin “Rəqəmsal iqtisadiyyat şəraitində müəssisələrin yeni idarəetmə yanaşmaları” başlıqlı məruzələri dinlənilib.
İki günlük Respublika elmi-praktik konfransı Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil, yüngül sənaye və dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Mültikultural təhsildə innovativ texnologiyalar olmaqla 10 bölmədə hibrid qaydada öz işini davam etdirir.
Qeyd edək ki, konfransın məruzələr toplusuna 2 dövlət qurumu, 23 universitet və 8 elmi müəssisədən 450 yaxın tezis qəbul edilib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) gənc tədqiqatçı və tələbələrdən ibarət komandası region universitetləri arasında bir ilkə imza ataraq, tam yerli imkanlarla hazırlanmış süni intellekt əsaslı ağıllı elektrik avtomobili – “ATU-Car” layihəsini ictimaiyyətə təqdim edib.
Layihənin təqdimatı “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində baş tutub. Tədbirdə universitetin rektoru Yaşar Ömərov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, müxtəlif elmi institutların nümayəndələri və sənaye müəssisələrinin mütəxəssisləri iştirak edib.
Universitetin İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn “ATU-Car” yalnız mühəndislik işinin nəticəsi deyil, eyni zamanda gənc tədqiqatçıların yeni texnoloji çağırışlara cavab verə bilmə qabiliyyətini və texnologiyanın yalnız istehlakçısı deyil, yaradıcı qüvvəsi olduqlarını nümayiş etdirir. Layihə süni intellekt, alternativ enerji mənbələri və ağıllı idarəetmə texnologiyalarını bir araya gətirir.
Avtomobilin əsas texniki xüsusiyyətləri arasında günəş panelli enerji sistemi, özəl dizaynlı batareya texnologiyası, biohərəkət sensorları, GPS əsaslı naviqasiya, səs komandaları ilə idarəetmə, mexaniki və pult vasitəsilə idarəetmə, eləcə də 0-dan hazırlanmış “beyin” sistemi yer alır. Layihə ESP32 mikroprosessoru, EVO40 sürücü, iki 24V DC mühərrik və enerji optimizasiyası üçün DC-DC konverter sistemi üzərində qurulub. Avtomobil 120 kiloqrama qədər yükü hərəkətə gətirə bilir.
Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş əməkdaşlar arasında şahmat birinciliyi keçirilib. Turnirdə universitetin müxtəlif fakültə və struktur bölmələrini təmsil edən əməkdaşlar iştirak ediblər. Mübarizə gərgin və maraqlı şəraitdə keçib, iştirakçılar yüksək intellektual hazırlıq və oyun bacarığı nümayiş etdiriblər.
Nəticələrə əsasən, qadınlar arasında Səkinə Xanbutayeva birinci, Lalə Həsənova ikinci, Təranə Məmmədova isə üçüncü yeri tutub. Kişilər arasında isə birinci yerə Rasim Allahyarov, ikinci yerə Mehman İsmayılov, üçüncü yerə isə Xudu Məmmədov layiq görülüb. Yarışın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Texnologiya Universitetində Zəfərin 5 illiyi çərçivəsində vətənpərvərlik mövzusunda görüş keçirilib.
Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri Nemət Abdullayev, sədr müavini Elçin Həsənov, qazi Ramil Qasımov, həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan mayor Mahir Hüseynov iştirak edib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov tədbiri açaraq qonaqları salamlayıb, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətindən danışıb. Görüşdə çıxış edən qonaqlar Vətən müharibəsində qazandığımız qələbədən, şəhidlərimizin qəhrəmanlığından və gənclərin vətənə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs ediblər.
Tələbələr üçün unudulmaz təəssürat yaradan tədbir sonda xatirə fotosu ilə yekunlaşıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş fakültələrarası futzal birinciliyi təşkil olunub.
Yarışda Qida mühəndisliyi (QM) fakültəsi (2 komanda), Avtomatika, telekommunikasiya və informatika (ATİ) fakültəsi (2 komanda), Yüngül sənaye mühəndisliyi və logistika (YSML) fakültəsi, İqtisadiyyat və idarəetmə (İİE) fakültəsinin komandaları, eləcə də ATU-nun əcnəbi tələbələrdən ibarət yığma komandası iştirak edib.
Püşkatmadan sonra baş tutan ilk yarışı ATU-nun rektoru Yaşar Ömərov, proprektorlar, dekanlar, kafedra müdirləri və digər rəhbər heyət izləyib. Bu oyunda YSML1 komandası ilə əcnəbi tələbələr komandası qarşılaşıb və oyun yerli tələbələrin qalibiyyəti ilə sonlanıb.
İkinci oyunda QM1 komandası ilə ATİ2 komandası mübarizə aparıb və bu oyun 3:2 hesabı ilə nəticələnib.
Üçüncü görüşdə İE komandası ATİ1 komandası qarşı-qarşıya gəlib və ATİ1 komandasının xeyrinə yekunlaşıb.
Dördüncü oyunda YSML komandası ilə QM2 komandası üz-üzə gəlib və gərgin mübarizə 2:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, qalib komandalar sabah final uğrunda mübarizə aparacaqlar