Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı öz işini uğurla davam etdirir. Festivalın I günündə Əmək Yarmarkasının ardından Karyera Təlimləri baş tutub. “AzerFon” (Nar), Kapital Bank, “Azersun Holding”, “AzerGold” və “Agro Dairy” kimi nüfuzlu şirkətlərin təcrübəli nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər ATU-nun son buraxılış kursu tələbələri üçün nəzərdə tutulub.

Günboyu davam edən peşəkar inkişaf sessiyalarında “AzerFon” (Nar) MMC-nin Marketinq ünsiyyəti şöbəsinin rəhbəri Aydın İsrafil, qrafik dizayner Emil Rzayev və işə qəbul üzrə eksperti Kərim Rüstəmov, Kapital Bankın İstedadların cəlbi və seçimi şöbəsinin aparıcı mütəxəssisi Aynur Şalbuzova, “Azersun Holding”in işə qəbul və karyera üzrə baş mütəxəssisləri Merac Baharov və Eldəniz Mehdizadə, “AzerGold” QSC-nin İnsan resursları şöbəsinin mütəxəssisi Qaffar Məmmədov, eləcə də “Agro Dairy”nin işə qəbul üzrə mütəxəssisi Nuranə Süleymanova təlimçi qismində çıxış edib.

Təlimlər zamanı məzun olmağa hazırlaşan ATU tələbələri aparıcı şirkətlərin nümayəndələrinin real iş təcrübələri ilə tanış olub, əmək bazarının mövcud tələbləri, işə qəbul prosesləri və karyera inkişafı istiqamətində dəyərli məlumatlar əldə ediblər. Sessiyalar interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb və praktiki müzakirələr aparılıb.