Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. 2025-2026-cı tədris ilinin qış imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər, rəhbər heyət və dekanlar iştirak edib.
Elm və innovasiya məsələləri üzrə prorektor, Apellyasiya Komissiyasının sədri Sahil Həmidov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov dəyirmi masa ətrafında valideynlərə imtahan prosesi, nəticələrin yoxlanması barədə məlumat veriblər. Bildiriblər ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə otaqlarda müşahidə kameraları, korpuslarda təklif və şikayətlər qutusu yerləşdirilib, həmçinin operativliyi və çevikliyi təmin etmək üçün elektron müraciət vasitələri yaradılıb.
Daha sonra İmtahan komissiyasının sədri, Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov monitor vasitəsilə real vaxt rejimində imtahan prosesini təqdim edib. İmtahanları canlı izləyən valideynlərə bildirib ki, 29 dekabr 2025-ci ildən başlayan imtahanlar test və yazılı qaydada qrafik üzrə həyata keçirilir, tələbəyə yazılı imtahanlarda 3 saat, test imtahanında isə 1 saat vaxt verilir, nəticələr xüsusi kodlaşdırma otağında yoxlanılır, Apellyasiya Komissiyasına daxil olan müraciətlərə baxılaraq obyektiv qərar verilir.
Valideynlər neqativ halların qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsini yüksək qiymətləndirib, tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.
Əziz tələbələr,
Xatırladaq ki, imtahan sessiyası ilə bağlı təklif, irad və digər müraciətlərinizi https://forms.cloud.microsoft/r/EXB7QszKB4 linkinə keçid etməklə daha çevik formada göndərə bilərsiniz.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və universitetin rəhbər heyəti Gəncə şəhərində yerləşən 20 Yanvar abidəsini ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, minnətdarlıq hissi ilə abidə önünə qərənfillər düzülüb.
Azərbaycan xalqının yaddaşına qanla həkk olunmuş 20 Yanvar faciəsi təkcə bir gecənin deyil, bütöv bir millətin azadlıq iradəsinin sınağa çəkildiyi tarixi gündür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi maşını Bakıya yeridildi və dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədildi. Bu faciə həm qəddarlığın, həm də xalqın sarsılmaz ruhunun simvoluna çevrildi.
1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, imperiyanın süquta doğru getməsi milli azadlıq hərəkatlarını gücləndirmişdi. Azərbaycanda da xalq öz milli hüquqlarını tələb edir, azadlıq və suverenlik ideyaları geniş vüsət alırdı. Lakin mərkəzi sovet hakimiyyəti bu oyanışı demokratiya yolu ilə deyil, zorakılıqla boğmağa qərar verdi. 20 Yanvar məhz bu qorxunun və acizliyin nəticəsi idi. Yanvarın 19-da axşam saatlarında Bakının informasiya mənbələri qəsdən sıradan çıxarıldı, televiziya yayımı dayandırıldı. Xalq baş verəcək faciədən xəbərsiz idi. Gecə yarısı isə ağır texnika, tanklar və silahlı əsgərlər şəhərə daxil oldu. Heç bir xəbərdarlıq edilmədən küçələrdə, meydanlarda, hətta evlərinə gedən yollarda günahsız insanlar gülləbaran edildi. Qadın, uşaq, yaşlı demədən hər kəs bu vəhşiliyin qurbanına çevrildi. Rəsmi məlumatlara görə həmin gecə və sonrakı günlərdə yüzlərlə insan həlak oldu, minlərlə insan yaralandı. Lakin rəqəmlər bu faciənin ağrısını tam ifadə edə bilmir. 20 Yanvar təkcə insan itkisi deyildi – bu, sovet rejiminin əsl mahiyyətinin açıq şəkildə ifşa olunması idi. Silahsız xalqa qarşı silahlı ordu göndərmək, azadlıq istəyini güllə ilə susdurmağa çalışmaq imperiyanın mənəvi iflasının sübutu idi.
Bu faciənin ən mühüm tərəflərindən biri də xalqın göstərdiyi müqavimət və ləyaqət idi. İnsanlar ölüm təhlükəsinə baxmayaraq küçələrə çıxdılar, yaralılara yardım etdilər, şəhidlərini tək qoymadılar. 20 Yanvar günlərində Azərbaycan xalqı qorxuya deyil, şərəfə üstünlük verdiyini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərin dəfni zamanı milyonlarla insanın küçələrə axışması bu faciənin eyni zamanda milli birlik gününə çevrildiyini göstərdi. 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi oldu. Həmin gecə axıdılan qan azadlığın bünövrəsini möhkəmləndirdi. Xalq artıq sovet rejimi ilə birgə yaşamağın mümkün olmadığını açıq şəkildə dərk etdi. Məhz bu hadisədən sonra müstəqillik ideyası geri dönməz xarakter aldı və 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
Bu faciəyə ilk siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildi. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək sovet rəhbərliyini açıq şəkildə ittiham etdi və xalqına qarşı törədilən cinayəti dünya ictimaiyyətinə çatdırdı.Onun prezidentliyi dövründə isə Müstəqil Azərbaycanda 20 Yanvar hadisələrinə dövlət səviyyəsində ilk dəfə siyasi qiymət verildi və şəhidlərin xatirəsi əbədiləşdirildi. Bu gün Şəhidlər xiyabanı təkcə bir məzarlıq deyil, xalqın azadlıq andı yeridir. Hər il yanvarın 20-də minlərlə insan ora axışır, şəhidlərin ruhu qarşısında baş əyir. Bu ziyarət sükut içində edilən bir anddır: azadlığı qorumaq, şəhidlərin yolunu unutmaqmamaq andı.
20 Yanvar faciəsi bizə bir həqiqəti daim xatırladır: azadlıq heç vaxt asan qazanılmır. O, qanla, canla, böyük qurbanlarla əldə edilir. Bu gün müstəqil Azərbaycanda yaşamaq, azad bayraq altında nəfəs almaq həmin şəhidlərin hesabınadır. Onların xatirəsi qarşısında borcumuz təkcə yad etmək deyil, həm də bu müstəqilliyi qorumaq, ədalətli və güclü dövlət qurmaqdır. Zaman keçsə də 20 Yanvarın ağrısı unudulmur. Çünki bu ağrı eyni zamanda qürurdur. Qanlı Yanvar gecəsi Azərbaycan xalqı tarix qarşısında imtahandan keçdi və bu imtahandan alnıaçıq çıxdı. Şəhidlər ölməz, Vətən bölünməz – 20 Yanvar bunun əbədi sübutudur.
Şahmar Umud oğlu Həsənov
Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Azərbaycan Texnologiya Universitetində (ATU) 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinin tarixi mahiyyətini və xalqımızın azadlıq mübarizəsini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. Film iştirakçılarda həmin faciəli, eyni zamanda şərəfli günlərin xatirəsini yenidən canlandırıb.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, Gəncə şəhər Veteranlar Şurasının sədri Yusif Məmmədov, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Sadıq Mustafayev çıxış ediblər. Çıxışlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olduğu vurğulanıb, xalqımızın başına gətirilən müsibətlərdən, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyindən, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən geniş bəhs edilib. Bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Tədbirin sonunda tələbə Ayna Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeir səsləndirib.
Azərbaycan Texnologiya Universitetində (ATU) rəhbər heyətin iştirakı ilə yeni ilin ilk iclası keçirilib. İclas çərçivəsində rəhbər heyətə yeni təyin olunan əməkdaşlar kollektivə təqdim edilib. Universitetin rektoru Yaşar Ömərov iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyevi, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Toğrul Sadıqovu və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovu kollektivə təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni təyin olunan rəhbər əməkdaşlar universitetin fəaliyyətinə töhfə vermək, təhsil və elmi-tədqiqat sahəsində keyfiyyət göstəricilərinin artırılması üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.
İclas çərçivəsində həmçinin qış imtahan sessiyasının gedişi ətraflı müzakirə olunub, proses zamanı qarşıya çıxan məsələlər nəzərdən keçirilib. Rektor imtahanların şəffaf və qaydalara uyğun təşkili, tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.