Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Festivalı öz işinə başlayıb. Festivalın açılış tədbirində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək son buraxılış kursu tələbələrinə uğurlar arzulayıb. Bildirib ki, ölkədə insan kapitalının inkişafı və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə ATU-da son kurs tələbələrinin əmək bazarına daha mütəşəkkil hazırlanması üçün ənənəvi məzun yarmarkalarının formatı yenilənib və tədbir artıq ikinci ildir ki, Karyera Festivalı şəklində təşkil olunur. Qeyd olunub ki, festival çərçivəsində keçirilən Əmək Yarmarkası, Karyera Forumu, Karyera Təlimləri və infosessiya xarakterli görüşlər tələbələrin real iş mühiti ilə tanış olmasına, əmək bazarının tələblərini birbaşa öyrənməsinə və peşəkar bacarıqlarını inkişaf etdirməsinə xidmət edir.
Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə KOB Evinin direktoru Orxan Abbasov, Kapital Bankın Gəncə filialının direktoru Vüqar Paşayev çıxış edərək Karyera Festivalının işinə və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıblar.
Daha sonra son buraxılış kursu tələbələri Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 745, magistratura səviyyəsi üzrə isə 90-dan çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq onlara təqdim edilən vakansiyalarla tanış olublar. Stendlərdə Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, Regional Turizm İdarəsi, “AzərAlüminium”, “Azersun Holding”, "AZERA Holding", “Azərşəkər”, “AzGranata”, “ATS Food”, Gəncə Tekstil Fabriki, Kapital Bank, ABB, Bank Respublika, "Unibank" kimi bir çox aparıcı banklar və digər müəssisələr yer alıb. Yarmarkada 40-dan çox dövlət və özəl sektor təmsilçisi 400-dən artıq vakansiya təqdim edib.
Qeyd edək ki, iki gün davam edəcək Karyera Festivalı çərçivəsində Əmək yarmarkası ilə yanaşı, nüfuzlu şirkətlərin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri baş tutacaq, sabah isə Karyera Forumu və müxtəlif infosessiyalar keçiriləcək.