Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU rəhbərliyi 20 Yanvar abidəsini ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və universitetin rəhbər heyəti Gəncə şəhərində yerləşən 20 Yanvar abidəsini ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, minnətdarlıq hissi ilə abidə önünə qərənfillər düzülüb.

20 Yanvar – Qanla Yazılan Azadlıq Tarixi

    Azərbaycan xalqının yaddaşına qanla həkk olunmuş 20 Yanvar faciəsi təkcə bir gecənin deyil, bütöv bir millətin azadlıq iradəsinin sınağa çəkildiyi tarixi gündür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi maşını Bakıya yeridildi və dinc əhaliyə qarşı misli görünməmiş qırğın törədildi. Bu faciə həm qəddarlığın, həm də xalqın sarsılmaz ruhunun simvoluna çevrildi.

   1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, imperiyanın süquta doğru getməsi milli azadlıq hərəkatlarını gücləndirmişdi. Azərbaycanda da xalq öz milli hüquqlarını tələb edir, azadlıq və suverenlik ideyaları geniş vüsət alırdı. Lakin mərkəzi sovet hakimiyyəti bu oyanışı demokratiya yolu ilə deyil, zorakılıqla boğmağa qərar verdi. 20 Yanvar məhz bu qorxunun və acizliyin nəticəsi idi. Yanvarın 19-da axşam saatlarında Bakının informasiya mənbələri qəsdən sıradan çıxarıldı, televiziya yayımı dayandırıldı. Xalq baş verəcək faciədən xəbərsiz idi. Gecə yarısı isə ağır texnika, tanklar və silahlı əsgərlər şəhərə daxil oldu. Heç bir xəbərdarlıq edilmədən küçələrdə, meydanlarda, hətta evlərinə gedən yollarda günahsız insanlar gülləbaran edildi. Qadın, uşaq, yaşlı demədən hər kəs bu vəhşiliyin qurbanına çevrildi. Rəsmi məlumatlara görə həmin gecə və sonrakı günlərdə yüzlərlə insan həlak oldu, minlərlə insan yaralandı. Lakin rəqəmlər bu faciənin ağrısını tam ifadə edə bilmir. 20 Yanvar təkcə insan itkisi deyildi – bu, sovet rejiminin əsl mahiyyətinin açıq şəkildə ifşa olunması idi. Silahsız xalqa qarşı silahlı ordu göndərmək, azadlıq istəyini güllə ilə susdurmağa çalışmaq imperiyanın mənəvi iflasının sübutu idi.

   Bu faciənin ən mühüm tərəflərindən biri də xalqın göstərdiyi müqavimət və ləyaqət idi. İnsanlar ölüm təhlükəsinə baxmayaraq küçələrə çıxdılar, yaralılara yardım etdilər, şəhidlərini tək qoymadılar. 20 Yanvar günlərində Azərbaycan xalqı qorxuya deyil, şərəfə üstünlük verdiyini bütün dünyaya nümayiş etdirdi. Şəhidlərin dəfni zamanı milyonlarla insanın küçələrə axışması bu faciənin eyni zamanda milli birlik gününə çevrildiyini göstərdi. 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi oldu. Həmin gecə axıdılan qan azadlığın bünövrəsini möhkəmləndirdi. Xalq artıq sovet rejimi ilə birgə yaşamağın mümkün olmadığını açıq şəkildə dərk etdi. Məhz bu hadisədən sonra müstəqillik ideyası geri dönməz xarakter aldı və 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.

   Bu faciəyə ilk siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildi. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək sovet rəhbərliyini açıq şəkildə ittiham etdi və xalqına qarşı törədilən cinayəti dünya ictimaiyyətinə çatdırdı.Onun prezidentliyi dövründə isə  Müstəqil Azərbaycanda 20 Yanvar hadisələrinə dövlət səviyyəsində ilk dəfə  siyasi qiymət verildi və şəhidlərin xatirəsi əbədiləşdirildi. Bu gün Şəhidlər xiyabanı təkcə bir məzarlıq deyil, xalqın azadlıq andı yeridir. Hər il yanvarın 20-də minlərlə insan ora axışır, şəhidlərin ruhu qarşısında baş əyir. Bu ziyarət sükut içində edilən bir anddır: azadlığı qorumaq, şəhidlərin yolunu unutmaqmamaq andı.

20 Yanvar faciəsi bizə bir həqiqəti daim xatırladır: azadlıq heç vaxt asan qazanılmır. O, qanla, canla, böyük qurbanlarla əldə edilir. Bu gün müstəqil Azərbaycanda yaşamaq, azad bayraq altında nəfəs almaq həmin şəhidlərin hesabınadır. Onların xatirəsi qarşısında borcumuz təkcə yad etmək deyil, həm də bu müstəqilliyi qorumaq, ədalətli və güclü dövlət qurmaqdır. Zaman keçsə də 20 Yanvarın ağrısı unudulmur. Çünki bu ağrı eyni zamanda qürurdur. Qanlı Yanvar gecəsi Azərbaycan xalqı tarix qarşısında imtahandan keçdi və bu imtahandan alnıaçıq çıxdı. Şəhidlər ölməz, Vətən bölünməz – 20 Yanvar bunun əbədi sübutudur.

 

Şahmar Umud oğlu Həsənov

Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

 

 

ATU-da 20 Yanvar faciəsi qeyd edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinin tarixi mahiyyətini və xalqımızın azadlıq mübarizəsini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. Film iştirakçılarda həmin faciəli, eyni zamanda şərəfli günlərin xatirəsini yenidən canlandırıb.

Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, Gəncə şəhər Veteranlar Şurasının sədri Yusif Məmmədov, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Sadıq Mustafayev çıxış ediblər. Çıxışlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olduğu vurğulanıb, xalqımızın başına gətirilən müsibətlərdən, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyindən, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən geniş bəhs edilib. Bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Tədbirin sonunda tələbə Ayna Əliyeva 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeir səsləndirib.


ATU-da rəhbər heyətin iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) rəhbər heyətin iştirakı ilə yeni ilin ilk iclası keçirilib. İclas çərçivəsində rəhbər heyətə yeni təyin olunan əməkdaşlar kollektivə təqdim edilib. Universitetin rektoru Yaşar Ömərov iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyevi, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Toğrul Sadıqovu və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovu kollektivə təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yeni təyin olunan rəhbər əməkdaşlar universitetin fəaliyyətinə töhfə vermək, təhsil və elmi-tədqiqat sahəsində keyfiyyət göstəricilərinin artırılması üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.

İclas çərçivəsində həmçinin qış imtahan sessiyasının gedişi ətraflı müzakirə olunub, proses zamanı qarşıya çıxan məsələlər nəzərdən keçirilib. Rektor imtahanların şəffaf və qaydalara uyğun təşkili, tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Su layihələri: 20 ilin strateji nəticələri

Son 20 ildə Azərbaycanın su təhlükəsizliyi və su ehtiyatlarının idarə olunması sahəsində qazanılan nailiyyətlər ölkənin strateji inkişafının əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı bu sahədəki uğurları və gələcək planları aydın şəkildə əks etdirir.

Prezident İlham Əliyev çıxışında qeyd edib: “Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir”.

Bu sitatlar son 20 ildə həyata keçirilən siyasətin əsas nəticələrini vurğulayır. Prezidentin rəhbərliyi ilə su təchizatı və meliorasiya sahəsi daim prioritet olub – 2005-ci ildən başlayaraq su problemləri ən ali səviyyədə müzakirə edilir və həll yolları tapılır.

Dövlət başçısının qeyd etdiyi kimi, ümumi tutumu 500 milyon kubmetrdən artıq olan dörd böyük su anbarı tikilib. Bunlar əsasən içməli su təminatı və suvarma üçün strateji əhəmiyyət daşıyır.

“Taxtakörpü” su anbarı Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilib. İnşasına 2007-ci ildə başlanılıb, açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 28 sentyabr 2013-cü ildə baş tutub. 8,71 kvadratkilometr sahəyə malik “Taxtakörpü” su anbarının ümumi su tutumu 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. “Taxtakörpü” su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Bu da nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir.

Eyniadlı rayonda yerləşən “Şəmkirçay” su anbarının tutumu isə 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. “Şəmkirçay” su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunur. 2014-cü ildə istismara verilən “Şəmkirçay” su anbarı regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutur.

20 ildə tikilən və ya əsaslı yenidən qurulan iri su anbarlarıı sırasında ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan “Tovuzçay” su anbarı  da yer alır. Bu layihə 2016-cə ildə istifadəyə verilməklə regionun su təminatını gücləndirib. Layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub.

Cəlilabad rayonu ərazisində Göytəpəçay məcrasında yerləşən, tənəzzül dövründə tikintisi yarımçıq alan “Göytəpə” su anbarı bərpa və tikinti işləri aparıldıqdan sonra  2010-cu ildə istifadəyə verilib. Ümumi həcmi 3,7 milyon kubmetr, faydalı həcmi isə 3,3 milyon kubmetr olan bu su anbarının istifadəyə verilməsi ilə Cəlilabadda kənd təsərrüfatının inkişafı sürətlənib və uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaranıb.

2005-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında istifadəyə verilən “Heydər Əliyev” su anbarı 16 min hektardan artıq ərazini suvarma suyu ilə təmin etməklə yanaşı, həm də elektrik enerjisinə olan tələbatı qismən ödəyir. Qeyd edim ki, 100 milyon kubmetr su tutumu olan bu anbarın tikintisinə 1980-ci ildə ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı. Lakin o, Moskvaya getdikdən sonra inşaat işləri yarımçıq qalmışdı. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu nəhəng obyektin tikintisi bərpa olunmuşdu.

İşğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri çərçivəsində su anbarlarının bərpası və tikintisi xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzurun azad olunmasından sonra işğal dövründə dağıdılmış və ya nəzarətdən çıxmış “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay”, “Zabuxçay” kimi su anbarları yenidən qurulub. Hazırda “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi davam etdirilir.

Prezident İlham Əliyevin su siyasəti uzunmüddətli və sistemli xarakter daşıyır. 2004-cü ildən başlayaraq içməli su proqramları qəbul olunub, ölkə üzrə su təminatı 40%-dən 73%-ə, Bakı və Abşeron üzrə 29%-dən 70%-ə çatdırılıb. Fasiləsiz su təminatı isə 95%-ə yüksəlmək üzrədir.

Bu siyasət nəticəsində Bakı və Abşeronun su təhlükəsizliyi təmin olunub.Qərb bölgəsi və digər rayonlar suvarma ilə təmin edilib. Azad edilmiş ərazilərdə su anbarlarının bərpası ilə Ermənistanın keçmiş su terroruna qarşı effektiv cavab verilib. Gələcək üçün 30-a yaxın yeni su anbarının tikintisi, magistral kanalların yenidən qurulması və Xəzər suyunun duzsuzlaşdırılması planlaşdırılır.

Azərbaycan su probleminə qarşı qlobal çağırışlara qarşı uğurlu model yaradıb. Prezidentin şəxsi nəzarəti və qətiyyəti sayəsində su təhlükəsizliyi ölkənin davamlı inkişafının ayrılmaz hissəsinə çevrilib ki, bu nailiyyətlər gələcək nəsillər üçün dayanıqlı su ehtiyatı vəd edir.

Xəyalə Məmmmədova

Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinin rəhbəri

 

 

 

 

📌 ATU-da yeni təyinat

Azərbaycan Texnologiya Universitetində (ATU) iqtisadi məsələlər üzrə rektor müşaviri vəzifəsinə İlham Vəliyev təyin edilib.

İqtisad elmləri namizədi, dosent İlham Əli oğlu Vəliyev 9 oktyabr 1959-cu ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat ixtisası üzrə məzunudur. Müxtəlif illərdə Sənaye Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və laborant, Bakı İdarəetmə və Texnologiya Kollecində direktor müavini, Azərbaycan Kooperasiya Universitetində prorektor, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin və Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifələrində çalışıb.

İlham Vəliyev Yeni Azərbaycan Partiyasının üzvüdür.