Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov birinci kurs tələbələri ilə silsilə görüşlər keçirir.
İlk görüş Avtomatika, telekommunikasiya və informatika fakültəsi, ikinci görüş isə İqtisadiyyat fakültəsinin tələbələri ilə baş tutub.
Görüş zamanı rektor tələbələrə universitetin imkanları, ictimai həyatı, eləcə də tədrisin təşkili ilə bağlı məqamlar, beynəlxalq layihələr, mübadilə proqramları, struktur bölmələri, eləcə də universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib, bu imkanlardan yararlanmağı tövsiyə edib, tələbələrin təkliflərini dinləyib və suallarını cavablandırıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) rəqəmsallaşma işləri çərçivəsində Rəqəmsal Kitabxana istifadəyə verilib. Universitetin Kodera adlı LMS platformasında yerləşən Rəqəmsal Kitabxanada 20 mindən çox dünya alimlərinin və yazarlarının elmi və bədii əsərləri təqdim olunur.
Rəqəmsal kitabxana ATU-nun fiziki (ənənəvi) kitabxanası ilə inteqrasiya olunub ki, bununla da oxucular universitet kitabxanasının rəflərində mövcud olan nəşrlərə də onlayn rejimdə baxa biləcəklər.
Rəqəmsal kitabxanada təqdim olunan elektron kitabların mütaliəsi üçün müxtəlif funksionallıq təmin olunub. Mətnin üzərində qeydlər etmək, mətnin ölçüsünü böyütmək, kitabı səsli şəkildə dinləmək, eləcə də fərqli şrift və mövzularla oxunuşu daha rahat hala gətirmək mümkündür.
Kitabların metadata dəstəyi də zəngindir - hər əsərin cildi, müəllifi, nəşr tarixi və açıq mənbələrdəki qiymətləndirmələri oxuculara təqdim olunur. Axtarış və təsnifatı asanlaşdırmaq üçün sistemdə 50-dən çox kataloq və 10-dan artıq dil dəstəyi mövcuddur.
Professor-müəllim heyəti və tələbələrimiz Rəqəmsal Kitabxanaya Kodera kabinetləri vasitəsi ilə giriş edə bilərlər.
Azərbaycan Texnologiya Universitetində (ATU) “AZGRANATA” şirkətinin dəstəyi ilə yeni mühazirə otağı – “AZGRANATA” auditoriyası istifadəyə verilib.
Açılış mərasimində ATU-nun rektoru Yaşar Ömərov, “AZGRANATA” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və Nəqliyyat departamentinin müdiri Emin Abdullayev iştirak edib.
Rektor çıxışında universitet-sənaye əməkdaşlığı çərçivəsində sənaye müəssisəsinin dəstəyi ilə qurulan növbəti tədris otağının açılışının baş tutduğunu bildirərək universitetdə tədris prosesinin müasir tələblərə uyğun təşkilinin və sənaye müəssisələri ilə əməkdaşlığın təhsilin keyfiyyətinə mühüm təsir göstərdiyini vurğulayıb.
ATU-nun Qida mühəndisliyi fakültəsində yerləşən yeni auditoriya 80 tələbə yerlikdir və müasir tədris şəraiti ilə təmin olunub.
Burada tələbələr nəzəri biliklər əldə edəcək, istehsal proseslərinin elmi əsaslarını mənimsəyəcəklər. Eyni zamanda, auditoriyada tələbələr üçün “AZGRANATA” mütəxəssislərinin təlimləri təşkil olunacaq.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov institusional akkreditasiya üçün universitetin özünütəhlil hesabatı, eləcə də professor-müəllim heyətinin 2025/2026-cı tədris ilində iş normaları barədə çıxış edib.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək əməkdaşların nizam-intizam və etik davranış qaydalarını təqdim edib.
Ardınca Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov magistr və bakalavr təhsil pillələri üzrə 2025/2026-cı tədris ilində tələbə qəbulunun yekunları barədə təqdimatla çıxış edib.
Elmi Şurada Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun və Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabatları dinlənilib.
Həmçinin, Təchizat və təsərrüfat şöbəsinin müdiri Mətləb Əliyev universitetin qış mövsümünə hazırlıq vəziyyəti barədə məruzə ilə, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə isə struktur dəyişikliyi və idarəetmənin optimallaşdırılması barədə çıxış edib.
İclas çərçivəsində hesabat və təkliflərlə bağlı müvafiq qərarlar qəbul edilib. Sonda Xarici dillər kafedrasının əməkdaşı Aliyə Pənahova elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə görə 75 illik yubileyi münasibətilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib. Universitetin rəhbər heyəti 14 kafedrada müəllimlərlə görüşərək onları peşə bayramı münasibətilə səmimi arzularla təbrik edib.
Azərbaycan Texnologiya Universitetində (ATU) beynəlmiləlləşmə siyasətinin uğurlu icrası nəticəsində universitet tarixində ilk dəfə olaraq təhsil alan əcnəbi tələbələrin sayı 100 nəfəri ötüb.
Hazırda ATU-da Pakistan, Hindistan, Nepal, Banqladeş, Türkiyə, Rusiya və Nigeriyadan olan 106 tələbə bakalavriat və magistratura səviyyələrində, eləcə də Hazırlıq qruplarında təhsil alır. Bu rəqəm universitetdə təhsil alan tələbələrin ümumi sayının 2,5 faizini təşkil edir.
Göstərici ATU-nun beynəlxalq nüfuzunun, müasir tədris imkanlarının tanınmasının, yüksək keyfiyyətli təhsil mühitinin və uğurlu beynəlxalq əməkdaşlıq strategiyasının bariz nümunəsidir.
ATU beynəlmiləlləşmə siyasətini strateji inkişaf planının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Qarşıdakı illərdə də universitet əcnəbi tələbələrin sayının artırılması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan ali təhsilinin dünyada tanıdılması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək.