Azərbaycan Texnologiya Universitetində (ATU) 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov açılış nitqi ilə çıxış edib, Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən və suverenlik anlayışının Azərbaycan tarixindəki yerindən danışıb. Prorektor dövlət suverenliyinin bərpasına aparan tarixi proseslərə və bu istiqamətdə baş verən mühüm hadisələrə diqqət çəkib.

Tədbirdə Turizm fakültəsinin dekanı prof.Yusif Hümbətov, Humanitar elmlər və multikulturalizm kafedrasının əməkdaşları Zəminə Novruzova, Səlminə Abbasova, Lamiyə Bayramova və Leyla Bayramova da mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlətçilik tarixində suverenliyin yeri, milli birlik və dövlətçilik dəyərləri, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə nəticələnən tarixi mərhələlərə nəzər salınıb. Qeyd olunub ki, 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olub. 2023-cü il sentyabrın 19-da başlayan və 24 saatdan az davam edən antiterror tədbirləri isə bu prosesin məntiqi davamı olaraq Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin edib.

Çıxışlarda vurğulanıb ki, dövlət suverenliyinin tam bərpası Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Azərbaycan xalqının birliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində mümkün olub. 20 sentyabr 2023-cü il Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu və dövlət hakimiyyətinin suverenliyini tam təmin etməsi baxımından mühüm tarixi mərhələ kimi dəyərləndirilib. Bildirilib ki, 20 Sentyabr – Zəfərimizin, dövlət suverenliyimizin və milli iradəmizin tarixə yazıldığı gündür və bu şərəfli tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.