Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da Zəfər Gününə həsr olunmuş şahmat birinciliyi başa çatıb

Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş əməkdaşlar arasında şahmat birinciliyi keçirilib. Turnirdə universitetin müxtəlif fakültə və struktur bölmələrini təmsil edən əməkdaşlar iştirak ediblər. Mübarizə gərgin və maraqlı şəraitdə keçib, iştirakçılar yüksək intellektual hazırlıq və oyun bacarığı nümayiş etdiriblər.

Nəticələrə əsasən, qadınlar arasında Səkinə Xanbutayeva birinci, Lalə Həsənova ikinci, Təranə Məmmədova isə üçüncü yeri tutub. Kişilər arasında isə birinci yerə Rasim Allahyarov, ikinci yerə Mehman İsmayılov, üçüncü yerə isə Xudu Məmmədov layiq görülüb. Yarışın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.

 

 

 

Azərbaycan Texnologiya Universitetində Zəfərin 5 illiyi çərçivəsində vətənpərvərlik mövzusunda görüş keçirilib

Tədbirdə Xüsusi Təyinatlı Qüvvələrin Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri Nemət Abdullayev, sədr müavini Elçin Həsənov, qazi Ramil Qasımov, həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan mayor Mahir Hüseynov iştirak edib.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov tədbiri açaraq qonaqları salamlayıb, tələbələrə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətindən danışıb. Görüşdə çıxış edən qonaqlar Vətən müharibəsində qazandığımız qələbədən, şəhidlərimizin qəhrəmanlığından və gənclərin vətənə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs ediblər.

Tələbələr üçün unudulmaz təəssürat yaradan tədbir sonda xatirə fotosu ilə yekunlaşıb.

 

 

Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş fakültələrarası futzal birinciliyi təşkil olunub

Yarışda Qida mühəndisliyi (QM) fakültəsi (2 komanda), Avtomatika, telekommunikasiya və informatika (ATİ) fakültəsi (2 komanda), Yüngül sənaye mühəndisliyi və logistika (YSML) fakültəsi, İqtisadiyyat və idarəetmə (İİE) fakültəsinin komandaları, eləcə də ATU-nun əcnəbi tələbələrdən ibarət yığma komandası iştirak edib.

Püşkatmadan sonra baş tutan ilk yarışı ATU-nun rektoru Yaşar Ömərov, proprektorlar, dekanlar, kafedra müdirləri və digər rəhbər heyət izləyib. Bu oyunda YSML1 komandası ilə əcnəbi tələbələr komandası qarşılaşıb və oyun yerli tələbələrin qalibiyyəti ilə sonlanıb. 

İkinci oyunda QM1 komandası ilə ATİ2 komandası mübarizə aparıb və bu oyun 3:2 hesabı ilə nəticələnib.

Üçüncü görüşdə İE komandası ATİ1 komandası qarşı-qarşıya gəlib və ATİ1 komandasının xeyrinə yekunlaşıb. 

Dördüncü oyunda YSML komandası ilə QM2 komandası üz-üzə gəlib və gərgin mübarizə 2:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, qalib komandalar sabah final uğrunda mübarizə aparacaqlar

 

 


ATU-da ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobilinin təqdimatı olacaq

Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin tələbələri və tədqiqatçıları tərəfindən hazırlanmış ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobilinin təqdimatı keçiriləcək.

“ATU-Car” adlanan innovativ layihənin təqdimatı 5 noyabr 2025-ci il tarixində, saat 13:00-da baş tutacaq. Təqdimat Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində reallaşacaq.

Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq bir neçə müasir texnologiya bir sistemdə birləşdirilib. Ağıllı avtomobil günəş panelli enerji sistemi, universitet istehsalı olan özəl batareya texnologiyası, hərəkət sensorları vasitəsilə enerji bərpası, GPS əsaslı idarəetmə, həmçinin 0-dan proqramlaşdırılmış “beyin” sistemi ilə təchiz olunub.

Layihə enerji səmərəliliyi, ekoloji təmizlik və intellektual idarəetmə sahəsində universitetin mühüm elmi nailiyyətlərindən biri olmaqla ATU-nun innovasiya yönümlü inkişaf strategiyasının növbəti mərhələsini nümayiş etdirir.

 

 

Elmi Şuranın iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanovun hesabatı dinlənilib. Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov tədris-metodiki vəsaitlərin təsdiqi, ardınca monitorinq qrupunun meyarlarının təsdiqinə dair məruzə ilə çıxış edib. İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə isə ştat cədvəlində dəyişiklə bağlı çıxış edib. 

İclas çərçivəsində hesabat və təkliflərlə bağlı müvafiq qərarlar qəbul edilib. Sonda Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Zərdan Səmədov elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə görə 75 illik yubileyi münasibətilə təltif edilib.

 

 

ATU-nun bir qrup əməkdaşı beynəlxalq təlim proqramını uğurla başa vurub

Azərbaycan Texnologiya Universitetinin (ATU) Avtomatika və informasiya texnologiyaları kafedrasının əməkdaşları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunan “Cisco Networking Academy” və “IBM SkillsBuild” platformaları üzrə beynəlxalq təlimləri uğurla tamamlayıblar.

Kafedranın 13 nəfər olmaqla bütün müəllim əməkdaşları “Kibertəhlükəsizlik” və “Süni İntellektin Əsasları (AI Fundamentals)” mövzularında keçirilən təlimlərdə iştirak edərək “Cisco” və “IBM”-in beynəlxalq səviyyədə tanınan sertifikatı ilə təltif olunublar. 

Proqram çərçivəsində iştirakçılar süni intellektin əsas konsepsiyaları — təbii dilin emalı (Natural Language Processing, NLP), kompüter görməsi (Computer Vision), maşın öyrənməsi (Machine Learning), dərin öyrənmə (Deep Learning), neyron şəbəkələr (Neural Networks) və çatbot texnologiyaları sahəsində nəzəri və praktiki biliklər əldə ediblər. Eyni zamanda, süni intellekt sistemlərinin etik aspektləri — ədalətlilik, şəffaflıq, məxfilik və izahlılıq (explainability) prinsipləri üzrə bacarıqlar formalaşdırılıb.

Təlimin sonunda iştirakçılar  “IBM Watson Studio” mühitində maşın öyrənməsi layihələri qurmaq və süni intellekt tətbiqlərinin müxtəlif peşə sahələrində istifadəsini izah etmək kimi praktiki tapşırıqları uğurla yerinə yetiriblər.