Azərbaycan Texnologiya Universitetində (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş əməkdaşlar arasında şahmat birinciliyi keçirilib. Turnirdə universitetin müxtəlif fakültə və struktur bölmələrini təmsil edən əməkdaşlar iştirak ediblər. Mübarizə gərgin və maraqlı şəraitdə keçib, iştirakçılar yüksək intellektual hazırlıq və oyun bacarığı nümayiş etdiriblər.
Nəticələrə əsasən, qadınlar arasında Səkinə Xanbutayeva birinci, Lalə Həsənova ikinci, Təranə Məmmədova isə üçüncü yeri tutub. Kişilər arasında isə birinci yerə Rasim Allahyarov, ikinci yerə Mehman İsmayılov, üçüncü yerə isə Xudu Məmmədov layiq görülüb. Yarışın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin tələbələri və tədqiqatçıları tərəfindən hazırlanmış ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobilinin təqdimatı keçiriləcək.
“ATU-Car” adlanan innovativ layihənin təqdimatı 5 noyabr 2025-ci il tarixində, saat 13:00-da baş tutacaq. Təqdimat Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində reallaşacaq.
Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq bir neçə müasir texnologiya bir sistemdə birləşdirilib. Ağıllı avtomobil günəş panelli enerji sistemi, universitet istehsalı olan özəl batareya texnologiyası, hərəkət sensorları vasitəsilə enerji bərpası, GPS əsaslı idarəetmə, həmçinin 0-dan proqramlaşdırılmış “beyin” sistemi ilə təchiz olunub.
Layihə enerji səmərəliliyi, ekoloji təmizlik və intellektual idarəetmə sahəsində universitetin mühüm elmi nailiyyətlərindən biri olmaqla ATU-nun innovasiya yönümlü inkişaf strategiyasının növbəti mərhələsini nümayiş etdirir.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanovun hesabatı dinlənilib. Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov tədris-metodiki vəsaitlərin təsdiqi, ardınca monitorinq qrupunun meyarlarının təsdiqinə dair məruzə ilə çıxış edib. İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə isə ştat cədvəlində dəyişiklə bağlı çıxış edib.
İclas çərçivəsində hesabat və təkliflərlə bağlı müvafiq qərarlar qəbul edilib. Sonda Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Zərdan Səmədov elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə görə 75 illik yubileyi münasibətilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetinin (ATU) Avtomatika və informasiya texnologiyaları kafedrasının əməkdaşları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunan “Cisco Networking Academy” və “IBM SkillsBuild” platformaları üzrə beynəlxalq təlimləri uğurla tamamlayıblar.
Kafedranın 13 nəfər olmaqla bütün müəllim əməkdaşları “Kibertəhlükəsizlik” və “Süni İntellektin Əsasları (AI Fundamentals)” mövzularında keçirilən təlimlərdə iştirak edərək “Cisco” və “IBM”-in beynəlxalq səviyyədə tanınan sertifikatı ilə təltif olunublar.
Proqram çərçivəsində iştirakçılar süni intellektin əsas konsepsiyaları — təbii dilin emalı (Natural Language Processing, NLP), kompüter görməsi (Computer Vision), maşın öyrənməsi (Machine Learning), dərin öyrənmə (Deep Learning), neyron şəbəkələr (Neural Networks) və çatbot texnologiyaları sahəsində nəzəri və praktiki biliklər əldə ediblər. Eyni zamanda, süni intellekt sistemlərinin etik aspektləri — ədalətlilik, şəffaflıq, məxfilik və izahlılıq (explainability) prinsipləri üzrə bacarıqlar formalaşdırılıb.
Təlimin sonunda iştirakçılar “IBM Watson Studio” mühitində maşın öyrənməsi layihələri qurmaq və süni intellekt tətbiqlərinin müxtəlif peşə sahələrində istifadəsini izah etmək kimi praktiki tapşırıqları uğurla yerinə yetiriblər.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Gəncə Memorial Hospital arasında əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim heyəti, digər əməkdaşları və tələbələri üçün klinikada endirimli qiymətlərlə tibbi müayinə və xidmətlərdən yararlanmaq imkanı yaradılıb.
Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Gəncə Memorial Hospitalı ATU əməkdaşlarına geniş spektrdə – laborator analizlər üçün 25%, rentgen və ultrasəs müayinələri, terapevtik və ixtisaslaşmış tibbi xidmətlər üzrə isə 20% güzəştlər təqdim edəcək.
Əməkdaşlığın məqsədi universitet kollektiv və tələbələri üçün sağlamlıq imkanlarının əlçatanlığını artırmaq, profilaktik müayinələrin səmərəliliyini təmin etmək və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Qazaxıstanın Atırau Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və Qazaxıstanın Atırau Universitetinin rektoru Salamat İdrissov tərəfindən Qazaxıstanın Atırau şəhərində baş tutan Xəzəryanı universitetlərin Baş Assambleyası çərçivəsində imzalanıb.
Memorandum hər iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.