Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Bədii Yaradıcılıq Mərkəzinin tələbələrinin konserti təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bədii Yaradıcılıq Mərkəzinin (BYM) tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Tədbiri ATU-nun rektoru Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, universitetin professor-müəllim heyəti, əməkdaşları və tələbələri izləyiblər.

Konsert proqramı BYM-nin rəhbəri Etibar İsmayılovanın təşkilatçılığı ilə hazırlanıb. Proqram çərçivəsində tələbələr – İsmayıl Aydınov, Elmir Xəlilov, Xanım Hüseynova, Nurtən Dosməmmədli, Yusif Əsgərzadə, Cəbrayıl Cəbrayıllı, Zəhra Abdullayeva, Ləman Qasımova, Nazim Hüseynov, Aynur Nəzirova, Günay Qarayeva, Sadiq Salahlı, Arif Həmzəyev, Mirsadiq Həşimov, Adəm Qasımzadə, İsmayıl İsmayılov, Şəhriyar Əliyev və nigeriyalı tələbə Avery Kingsley müxtəlif musiqi alətlərində ifa edib, nəğmələr səsləndiriblər. 

Rəngarəng ifalarla yadda qalan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

ATU bayram gecəsi təşkil edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) 55 illik yubileyinə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram gecəsi təşkil edilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək 2025-ci ildə əldə olunan nailiyyətlərdən, görülən işlərdən və qarşıda duran əsas hədəf və planlardan bəhs edib.

Bayram gecəsində çıxış edən professor-müəllim heyəti universitetin keçdiyi inkişaf yoluna toxunub, yubiley münasibətilə təbriklərini çatdırıblar.

Tədbir çərçivəsində universitetin tarixinə həsr olunmuş viktorinalar keçirilib. Viktorinanın qaliblərinə hədiyyələr təqdim olunub.

Sonda Azərbaycan Texnologiya Universitetinin 55 illiyi münasibətilə hazırlanan yubiley tortu kəsilib.

 

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə ATU-nun bir qrup əməkdaşı təltif edilib

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Azərbaycan Texnologiya Universitetinin 55 illiyi münasibətilə və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə ATU-nun bir qrup əməkdaşı təltif edilib. 

10 əməkdaş "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, 8 əməkdaş isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub. Təltifləri ATU-nun rektoru Yaşar Ömərov universitetin 55 illik yubileyinə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram gecəsində sahiblərinə təqdim edib. 

"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunanlar:

Məntiq Cəfərov - Ümumi və tətbiqi fizika kafedrasının müdiri 
Elşad Məmmədov - Ətraf mühitin mühafizəsi kafedrasının müdiri 
Cahangir Hacıyev - Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının professoru 
Bayram Bağırov - Avtomatika və informasiya texnologiyaları kafedrasının professoru 
Şakir Əliyev - Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı 
Rövşən Hacıyev - Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı 
Yusif Hümbətov - Turizm sənayesinin təşkili kafedrasının müdiri 
Tofiq Mirzəyev - Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri 
Sakit Verdiyev - Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri 
Əli Muradov - Kimya və metallurgiya mühəndisliyi kafedrasının dosenti 

 

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunanlar: 

Əhəd Nəbiyev - Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri 
Fizuli Məmmədov - İdarəetmə kafedrasının müdiri 
Ələmdar Əlbəndov - Kimya və metallurgiya mühəndisliyi kafedrasının professoru 
Mehman İsmayılov - Qida mühəndisliyi fakültəsinin dekanı 
Eldəniz Bayramov - Magistratura və doktorantura şöbəsinin müdiri 
Hamlet Kəsəmənli - Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri 
Süsənbər Məmmədova - İctimai elmlər və multikulturalizm kafedrasının dosenti 
Aliyə Pənahova - Xarici dillər kafedrasının baş müəllimi

 

 

 


ATU rəhbərliyi Uşaq evini ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və universitetin bir qrup əməkdaşı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Gəncə şəhərində yerləşən Uşaq evini ziyarət ediblər. 

Ziyarət çərçivəsində ATU-nun Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələr tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub.

Tədbir zamanı uşaqlar üçün müxtəlif musiqi alətlərində mahnı nömrələri səsləndirilib, nəğmələr ifa edilib. Proqram Uşaq evinin sakinləri tərəfindən maraqla qarşılanıb. 

Tədbir çərçivəsində Uşaq evinin sakinlərinə müxtəlif hədiyyələr verilib, bayram ovqatı yaradılıb. Görüş qarşılıqlı xoş təəssüratlarla yadda qalıb.

 

Dünya azərbaycanlılarının həmrəyliyi: milli ideyanın formalaşması və Heydər Əliyev amili

Dünya azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli özünüdərkinin, azadlıq ideallarının və dövlətçilik düşüncəsinin təcəssümüdür. Bu tarix təsadüfi seçilməmiş, xalqımızın taleyində baş vermiş mürəkkəb və ziddiyyətli proseslərin məntiqi yekunu kimi formalaşmışdır. XX əsrin sonlarında milli azadlıq hərəkatının yüksəlişi, sovet imperiyasının dağılması və Azərbaycanın müstəqilliyə qovuşması dünya azərbaycanlılarının birliyi ideyasını real tarixi zərurətə çevirmişdir.

1989-cu il dekabrın 31-də Araz çayı boyunca sərhəd məftillərinin sökülməsi Azərbaycan xalqının bölünmüş taleyinə qarşı etirazın, milli birliyin və azadlıq arzusunun simvoluna çevrildi. Məhz bu hadisələr fonunda Dünya azərbaycanlılarının həmrəyliyi ideyası formalaşaraq ümummilli məzmun aldı. 1991-ci ildən etibarən bu gün dövlət səviyyəsində qeyd olunmağa başlandı və xalqın yaddaşında milli birlik günü kimi möhkəmləndi.

Bu tarixin ideoloji-siyasi məzmununun formalaşmasında və onun dövlətçilik konsepsiyasına çevrilməsində Ümummilli Lider Heydər Əliyevin rolu müstəsnadır. Heydər Əliyev həmrəyliyi yalnız emosional çağırış kimi deyil, uzunmüddətli strateji xətt, milli inkişafın əsas dayaqlarından biri kimi qiymətləndirirdi. Onun siyasi baxışlarında dünya azərbaycanlılarının birliyi müstəqil Azərbaycan dövlətinin güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi və milli maraqların qorunması ilə üzvi şəkildə bağlı idi.

Ulu Öndərin təşəbbüsü ilə dünya azərbaycanlılarının təşkilatlanması prosesi sürətləndi, diaspor fəaliyyətinə sistemli yanaşma formalaşdı. 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu istiqamətdə dönüş nöqtəsi oldu. Qurultayda Heydər Əliyevin səsləndirdiyi fikirlər azərbaycançılıq ideologiyasının əsasını təşkil etdi və milli birliyin ideoloji platformasını müəyyənləşdirdi. O, açıq şəkildə bəyan edirdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü, müstəqil Azərbaycan dövləti dayanmalıdır.

Heydər Əliyevin konsepsiyasına görə, dünya azərbaycanlılarının həmrəyliyi milli kimliyin qorunması, ana dilinin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əsas vasitələrdən biridir. Bu baxış həm tarixi yaddaşa, həm də müasir qlobal çağırışlara əsaslanırdı. O, yaxşı anlayırdı ki, qloballaşma şəraitində milli varlığın qorunması yalnız güclü dövlət və təşkilatlanmış diaspora ilə mümkündür.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq təkcə keçmişin xatirəsi deyil, gələcəyə yönəlmiş milli ideyadır. Milyonlarla soydaşımız dünyanın müxtəlif ölkələrində yaşasa da, onları birləşdirən ortaq dəyər Azərbaycan dövlətçiliyinə bağlılıqdır. Bu birliyin ideoloji təməli isə məhz Heydər Əliyev tərəfindən formalaşdırılmış azərbaycançılıq məfkurəsidir.

Müasir Azərbaycan dövləti Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətti uğurla davam etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq milli maraqların müdafiəsində, informasiya mübarizəsində və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Dünya azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının tarixi yaddaşını, milli iradəsini və gələcəyə olan inamını ifadə edən əlamətdar gündür. Bu günün dövlət bayramına çevrilməsi isə Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin, milli ideyaya verdiyi böyük dəyərin və Azərbaycan dövlətçiliyinə sədaqətinin parlaq təzahürüdür.

 

Gülnarə İmamverdiyeva

Azərbaycan Texnologiya Universitetinin

Mətbuat xidmətinin multimedia üzrə mütəxəssisi

 

ATU-da qış imtahan sessiyasına start verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) bu gündən 2025–2026-cı tədris ilinin qış imtahan sessiyasına start verilib. Universitetin rektoru Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyələr verib. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Rektor tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.