Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının Baş Assambleyasında təmsil olunub

Azərbaycan Texnologiya Universiteti (ATU) Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının Baş Assambleyasında təmsil olunub. Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının 27-ci Baş Assambleyası Qazaxıstanın Atırau şəhərində keçirilib. Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov və elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov iştirak edib. Yaşar Ömərov regional tədbirin plenar hissəsində çıxış edib. Rektor çıxışında universitetin son illərdə elm və innovasiya istiqamətində əldə etdiyi nailiyyətlərdən, elmi-tədqiqat layihələrindən, sənaye əlaqələrindən və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsindən danışıb.

Qeyd edək ki, tədbirdə Qazaxıstan və Azərbaycanla yanaşı Rusiya, İran və Türkmənistanın aparıcı ali məktəblərinin rektorları, alim və ekspertlər iştirak ediblər.

Baş Assambleyada Xəzər ekosisteminin qorunması, regional tədqiqat layihələrinin hazırlanması, innovativ elmi həllərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi olub.

Forumda Xəzər regionunun davamlı inkişafına yönəlmiş birgə təşəbbüslər, həmçinin elm və təhsil sahələrində inteqrasiyanı gücləndirmək üçün nəzərdə tutulan yeni layihələr təqdim edilib.

 

 

Düşənbədə strateji diplomatiya və Azərbaycan‑Rusiya münasibətlərində yeni dövr

Oktyabrın 9-10-da Düşənbədə reallaşan MDB Dövlət Başçıları Şurasının toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü media və beynəlxalq şərhçilər tərəfindən diqqətlə izlənildi. Bu görüş yalnız ikitərəfli münasibətlərin, eyni zamanda regiondakı geosiyasi dinamikanın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. 

Görüş zamanı prezidentlər qarşılıqlı hörmət çərçivəsində, gərgin və həssas məsələlərə toxundular. Vladimir Putin açılış nitqində əvvəlcə Azərbaycan Hava Yollarının 2024-cü ilin dekabrında vurulmuş təyyarəsi ilə bağlı baş verən faciəli hadisə haqqında təəssüflərini bildirərək yenidən üzr istədi, həm də bununla bağlı məsuliyyəti qəbul edərək günahkarların tezliklə cəzalandırılacaqlarını və hadisədə zərər çəkmişlərin ailələrinə təzminatların ödəniləcəyini qeyd etdi. Prezident cənab İlham Əliyev isə bu jesti qarşılıqlı etimadın bərpası istiqamətində atılmış addım kimi qiymətləndirdi və Moskva ilə əlaqələrdə yeni səhifə açmaq niyyətində olduqlarını vurğuladı. 

Təyyarə faciəsi və məsuliyyət məsələsi bu görüşdə qalın xəttə çevrilən məsələ idi. Rusiya rəhbəri hadisənin Rusiyanın hava müdafiə sistemlərinin fəaliyyəti zamanı baş verdiyini etiraf etdi və məsul şəxslərin üzərinə düşən vəzifələri icra edəcəyini bildirdi. Düşünürəm ki, bu etiraf Azərbaycanın mövqeyini beynəlxalq aləmə bir daha aydın göstərmiş oldu. 

Əlbəttə ki, təyyarə faciəsi görüşdə əsas müzakirə obyekti olsa da başqa mühüm məsələlər də öz aktuallığını qorudu. Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin icrası və ikili sənaye, enerji və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Hər iki tərəf yeni “yol xəritələri” və icra mexanizmləri üzrə razılığa gəlməyə çalışdı. 

Regionun təhlükəsizliyi və geosiyasi hədəflər də görüşdə bəhsi keçən məsələlərdən idi. MDB Dövlət Başçıları Şurasının toplantısı çərçivəsində Rusiyanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı məsələsi gündəmə gətirildi, Putin region üzrə inteqrasiyanın və təhlükəsizlik sahəsində koordinasiyanın vacibliyini qeyd etdi. Ermənistan, Gürcüstan və Azərbaycanın da daxil olduğu daha geniş platformalarda əməkdaşlıq potensialından danışıldı. 

Bu görüşün Azərbaycanın strateji maraqlarına təsiri sualına cavab verəsi olsaq ilk növbədə, deyə bilərik ki, bu Azərbaycanın uzun illərdir həyata keçirdiyi etibar və tarazlıq siyasətinin davamı idi. Son zamanlarda Rusiya ilə münasibətlərdə yaranmış gərginliklərin yumşaldılması üçün bu görüş Azərbaycanın balanslaşdırılmış diplomatiya xəttini qoruyaraq, həm güclü, həm də hörmətli tərəf olaraq öz mövqeyini möhkəmləndirməyə imkan verdi. 

Nəticə etibarı ilə deyə bilərik ki, Düşənbə görüşü Azərbaycan üçün uğurlu keçdi. Mürəkkəb məsələlərə toxunan etibarlı dialoq, simvolik jestlər və gələcəyə hesablanmış razılıqlar – ikitərəfli münasibətlərdə yeni imkanlar açdı. Bu görüş Rusiya ilə Azərbaycan arasında qarşılıqlı maraqların yenidən tənzimlənməsi üçün zəmin yaratdı. Fikrimcə, bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti diplomatik qələbəsi idi.

 

Şahmar Həsənov,

Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

 

 

 

 

 

 

 

 

“AZGRANATA” şirkətinin nümayəndəsi ATU-da ustad dərsi keçib

Azərbaycan Texnologiya Universitetində (ATU) “AZGRANATA” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyevin şərabçılıq ixtisası üzrə təhsil alan tələbələr üçün “Azərbaycan şərabçılığının tarixi, bugünü və sabahı” mövzusunda ustad dərsi keçirilib.

Qida mühəndisliyi fakültəsinin “AZGRANATA” mühazirə auditoriyasında baş tutan seminarda mütəxəssis tələbələrə  Azərbaycanın şərabçılıq ənənələrinin tarixi kökləri, müasir şərab istehsalı texnologiyaları və sənaye təcrübəsi, gələcəkdə şərabçılıq sahəsində inkişaf perspektivləri və s. barədə məlumat verib, öz təcrübəsini bölüşüb.

 

 


ATU-nun rektoru daha iki fakültənin I kurs tələbələri ilə görüşlər keçirib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov yeni tələbələrlə silsilə şəklinə davam edən tanışlıq çərçivəsində Qida mühəndisliyi fakültəsi, eləcə də Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. 

Görüş zamanı rektor tələbələrə universitetin imkanları, ictimai həyatı, eləcə də tədrisin təşkili ilə bağlı məqamlar, beynəlxalq layihələr, mübadilə proqramları, struktur bölmələri, eləcə də universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib, bu imkanlardan yararlanmağı tövsiyə edib, tələbələrin təkliflərini dinləyib və suallarını cavablandırıb.

Görüş çərçivəsində tələbələrə yaddaş kitabçaları paylanıb. Yaddaş kitabçasında Bolonya sistemi, tədrisin kredit sistemi üzrə təşkili, qiymətləndirmə və imtahan qaydaları, tələbə hüquqları, təqaüdlər və nizam-intizam normaları barədə əsas məlumatlar yer alır.

ATU-nun rektoru iki fakültənin I kurs tələbələri ilə görüşlər keçirib

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov birinci kurs tələbələri ilə silsilə görüşlər keçirir. 

İlk görüş Avtomatika, telekommunikasiya və informatika fakültəsi, ikinci görüş isə İqtisadiyyat fakültəsinin tələbələri ilə baş tutub. 

Görüş zamanı rektor tələbələrə universitetin imkanları, ictimai həyatı, eləcə də tədrisin təşkili ilə bağlı məqamlar, beynəlxalq layihələr, mübadilə proqramları, struktur bölmələri, eləcə də universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib, bu imkanlardan yararlanmağı tövsiyə edib, tələbələrin təkliflərini dinləyib və suallarını cavablandırıb.

Görüş çərçivəsində tələbələrə yaddaş kitabçaları paylanıb. Yaddaş kitabçasında Bolonya sistemi, tədrisin kredit sistemi üzrə təşkili, qiymətləndirmə və imtahan qaydaları, tələbə hüquqları, təqaüdlər və nizam-intizam normaları barədə əsas məlumatlar yer alır.

 

ATU-da Rəqəmsal Kitabxana istifadəyə verildi

Azərbaycan Texnologiya Universitetində (ATU) rəqəmsallaşma işləri çərçivəsində Rəqəmsal Kitabxana istifadəyə verilib.  Universitetin Kodera adlı LMS platformasında yerləşən Rəqəmsal Kitabxanada 20 mindən çox dünya alimlərinin və yazarlarının elmi və bədii əsərləri təqdim olunur. 

Rəqəmsal kitabxana ATU-nun fiziki (ənənəvi) kitabxanası ilə inteqrasiya olunub ki, bununla da oxucular universitet kitabxanasının rəflərində mövcud olan nəşrlərə də onlayn rejimdə baxa biləcəklər.

Rəqəmsal kitabxanada təqdim olunan elektron kitabların mütaliəsi üçün müxtəlif funksionallıq təmin olunub. Mətnin üzərində qeydlər etmək, mətnin ölçüsünü böyütmək, kitabı səsli şəkildə dinləmək, eləcə də fərqli şrift və mövzularla oxunuşu daha rahat hala gətirmək mümkündür.

Kitabların metadata dəstəyi də zəngindir - hər əsərin cildi, müəllifi, nəşr tarixi və açıq mənbələrdəki qiymətləndirmələri oxuculara təqdim olunur. Axtarış və təsnifatı asanlaşdırmaq üçün sistemdə 50-dən çox kataloq və 10-dan artıq dil dəstəyi mövcuddur.

Professor-müəllim heyəti və tələbələrimiz Rəqəmsal Kitabxanaya Kodera kabinetləri vasitəsi ilə giriş edə bilərlər.