Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” PHŞ tərəfindən Azərbaycan Texnologiya Universitetində Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil olunub. Qan Bankının Gəncə Bölməsinin səyyar briqadasının təşkilatçılığı ilə baş tutan aksiyada universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. 

Qeyd edək ki, aksiyanın məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə dəstək olmaq və cəmiyyət arasında könüllü donorluğun təşviqinə töhfə verməkdir. 

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ölkədə donorluğun və qan xidmətlərinin inkişafına dair mühüm sərəncamlar və müvafiq fərmanlar qəbul edilib. 2005-ci il 8 fevral tarixində isə Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Talassemiyasız həyat naminə” proqramının başlanmasını elan edib.

 

Zərifə Əliyeva: elmə, insanlığa və mənəviyyata həsr olunmuş ömür

15 aprel Azərbaycan xalqının yaddaşında dərin hörmət və ehtiramla yad edilən xüsusi tarixlərdən biridir. Bu gün görkəmli oftalmoloq-alim, akademik, ictimai xadim Zərifə Əliyevanin anım günüdür. Onun həyatı və fəaliyyəti Azərbaycan tibb elminin inkişaf salnaməsinə qızıl hərflərlə yazılmışdır. Zərifə xanım təkcə peşəkar həkim və alim deyil, həm də yüksək mənəviyyata, insani dəyərlərə sahib bir şəxsiyyət kimi xalqın qəlbində əbədi yer qazanmışdır.

Zərifə Əliyevanın həyat yolu onun uşaqlıq illərindən başlayaraq elmə və insanlara xidmət ruhu ilə formalaşmışdır. O, biliklərə olan marağı, öyrənməyə həvəsi və insanlara kömək etmək istəyi ilə seçilirdi. Hələ gənc yaşlarından həkimlik peşəsini seçməsi təsadüfi deyildi. Onun daxili dünyasında insan sağlamlığına xidmət etmək ən ali məqsəd kimi formalaşmışdı. Tibb təhsilini uğurla başa vurduqdan sonra o, oftalmologiya sahəsini seçərək bu istiqamətdə dərin elmi araşdırmalara başladı. O dövrdə bu sahə üzrə tədqiqatlar geniş inkişaf mərhələsində idi və Zərifə Əliyeva bu elmi boşluqları dolduran nadir alimlərdən biri oldu.

Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan oftalmologiya məktəbinin formalaşmasında mühüm rol oynamışdır. O, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Kimya sənayesində, ağır istehsalat sahələrində çalışan insanların görmə orqanlarında yaranan problemlərin səbəbləri, inkişaf mexanizmləri və profilaktikası onun elmi araşdırmalarının əsas istiqamətlərindən biri olmuşdur. Onun bu sahədə apardığı tədqiqatlar yalnız Azərbaycan üçün deyil, ümumilikdə sovet oftalmologiya elmi üçün də böyük əhəmiyyət daşıyırdı. O, xəstəliklərin erkən diaqnostikası və profilaktikası istiqamətində yeni yanaşmalar irəli sürmüş, praktik tibbdə tətbiq olunan mühüm metodların müəlliflərindən biri olmuşdur. Zərifə Əliyeva eyni zamanda yüksək elmi məktəb yaratmışdır. Onun rəhbərliyi altında yetişən gənc həkimlər və tədqiqatçılar bu gün də Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayırlar. O, biliklərini səxavətlə bölüşən, tələbələrinə yalnız elmi deyil, həm də insani keyfiyyətləri aşılayan bir müəllim kimi tanınırdı.

Zərifə Əliyevanı fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də onun yüksək həkimlik etikası və insana olan dərin hörməti idi. O, pasiyentlərinə yalnız xəstə kimi deyil, bir insan kimi yanaşırdı. Hər bir xəstənin problemi onun üçün fərdi və vacib idi. Onun qəbuluna gələn insanlar təkcə tibbi yardım almır, həm də mənəvi rahatlıq tapırdılar. Zərifə xanımın sadəliyi, səmimiyyəti və diqqəti onu xalq arasında sevilən bir həkimə çevirmişdi. O, hər zaman insanlara ümid verməyə, onların ağrılarını azaltmağa çalışırdı.

Zərifə Əliyevanın elmi irsi bu gün də Azərbaycan səhiyyəsinin əsas dayaqlarından biri hesab olunur. Onun monoqrafiyaları, elmi məqalələri və metodik tövsiyələri müasir oftalmologiya praktikasında geniş istifadə olunur. O, elmi fəaliyyətini yalnız laboratoriya və klinika ilə məhdudlaşdırmır, nəticələrin praktik tətbiqinə xüsusi önəm verirdi. Onun yaratdığı elmi məktəb bu gün də yaşayır və inkişaf edir. Bir çox gənc alimlər onun ideyalarından ilham alaraq yeni tədqiqatlar aparırlar. Bu isə Zərifə Əliyevanın elmi irsinin nə qədər dəyərli və davamlı olduğunu göstərir.

Zərifə Əliyeva yalnız elm və tibb sahəsində deyil, həm də ictimai sahədə fəal idi. O, əhalinin sağlamlıq maarifləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edirdi. İnsanların göz sağlamlığının qorunması, profilaktik müayinələrin əhəmiyyəti barədə geniş maarifləndirmə işləri aparırdı. Onun təşəbbüsləri nəticəsində bir çox səhiyyə layihələri həyata keçirilmiş, xüsusilə peşə xəstəliklərinin qarşısının alınması sahəsində mühüm addımlar atılmışdır. O, sağlam cəmiyyətin formalaşmasında tibbin rolunu hər zaman ön plana çəkirdi.

15 aprel – Zərifə Əliyevanın anım günü – təkcə bir xatirə tarixi deyil, həm də onun ideyalarının yenidən xatırlandığı, irsinin təhlil olunduğu və gələcək nəsillərə ötürüldüyü gündür.  Çünki Zərifə Əliyeva kimi şəxsiyyətlərin həyatı gənclər üçün həm elmə, həm də insanlığa xidmət nümunəsidir. Zərifə xanımın həyatı və fəaliyyəti göstərir ki, elmə, insana və mənəviyyata həsr olunmuş bir ömür heç vaxt unudulmur. O, Azərbaycan tibb elmini inkişaf etdirən, insanlara ümid bəxş edən və yüksək mənəvi dəyərləri ilə seçilən nadir şəxsiyyətlərdən biri olmuşdur. Onun adı bu gün də hörmətlə çəkilir, elmi irsi öyrənilir və gələcək nəsillərə ötürülür. 15 aprel tarixi isə yalnız bir anım günü deyil, həm də bir məktəbdir – elmə, zəhmətə və insanlığa xidmət məktəbi. Zərifə Əliyevanın xatirəsi xalqın yaddaşında daim yaşayacaq və onun qoyduğu izlər Azərbaycan elminin inkişaf yolunu işıqlandırmağa davam edəcəkdir.

Azərbaycan Texnologiya Universiteti

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Şahmar Umud oğlu Həsənov

 

 

 

Məzunlar Assosiasiyasının ilk iclası keçirildi

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni təsis edilən Məzunlar Assosiasiyasının ilk iclası keçirilib. Əvvəlcə ATU-nun rektoru Yaşar Ömərov və fəxri məzunlar universitetin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin büstünü və ATU-nun şəhid məzunlarının abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra universitetin tarixini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə ATU-nun rektoru Yaşar Ömərov çıxış edib. Bildirib ki, Məzunlar Assosiasiyasının yaradılması universitetlə məzunlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, onların bilik və təcrübəsinin ali təhsilin inkişafına yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, müxtəlif sahələrdə uğur qazanan məzunlar universitetin ən böyük kapitalıdır və onların bir platformada birləşməsi gələcək əməkdaşlıqlar üçün geniş imkanlar açacaq.

Daha sonra universitetin fəxri məzunları – Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov, iş adamı – “Dan Ulduzu” restoranlar şəbəkəsinin direktoru Rübail Nəsibov, ATU-nun İdarəetmə kafedrasının müdiri, professor Füzuli Məmmədov çıxış edərək universitetdə aldıqları təhsilin onların karyera yolundakı rolundan danışıblar, Məzunlar Assosiasiyasının fəaliyyətinin əhəmiyyətini vurğulayıb və gənc məzunlara tövsiyələrini bölüşüblər.

Tədbirə 300-ə yaxın məzun qatılıb. Universitetin Təcrübə və Karyera sektorunun müdiri Ayxan Bahadurlu iştirakçılar qarşısında ATU məzunlarının son 5 illik məşğulluq göstəricilərini təqdim edib, bu sahədə əldə olunan müsbət dinamika və gələcək hədəflər barədə məlumat verib.

Daha sonra Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov çıxış edərək Məzunlar Assosiasiyasının əsas fəaliyyət istiqamətləri, qarşıya qoyulan məqsədlər və təşkilati strukturu barədə ətraflı məlumat verib, ardınca İdarə Heyətinin tərkibinə dair təklifləri qəbul edib. Açıq səsvermənin sonunda ATU-nun Məzunlar Assosiasiyasının İdarə Heyəti formalaşdırılıb.

Sonda zalda əyləşən məzunlar fikir bildirərək Assosiasiyanın fəaliyyətinin faydalı olacağına əminlik ifadə ediblər, universitetlə əlaqələrin daha da gücləndirilməsi, məzun şəbəkəsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

 


ATU tələbələri növbəti ekoloji aksiya keçiriblər

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri növbəti ekoloji aksiya təşkil edərək daha bir nümunəvi təşəbbüsə imza atıblar. Bir qrup könüllü tələbənin qatıldığı ekoloji aksiya Gəncə şəhərində Nizami Məqbərəsi ətrafında  baş tutub.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan aksiyada 30-a yaxın tələbə iştirak edib. Könüllülər məqbərənin ətraf ərazisini tullantılardan təmizləyərək ətraf mühitin qorunmasına töhfə veriblər.

Aksiya çərçivəsində tələbələr ərazini müxtəlif məişət tullantılarından təmizləməklə ictimai məkanların qorunması və ekoloji mühitin yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkiblər.

Qeyd edək ki, analoji tədbiri ATU tələbələri ötən il Gəncəçay çayının hövzəsində təşkil etmişdilər.

 

ATU-da WUF13 çərçivəsində dayanıqlı şəhərsalma mövzusu müzakirə olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) WUF13-ün əhəmiyyətinin təbliği məqsədilə “Dayanıqlı şəhərsalma və iqtisadi inkişaf: WUF13 kontekstində yeni çağırışlar və idarəetmə yanaşmaları” mövzusunda dəyirmi masa keçirilib.

İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə fakültənin dekanı Fazil Kərimov, İdarəetmə kafedrasının müdiri Füzuli Məmmədov və İqtisadiyyat kafedrasının müdiri Natiq Cavadov çıxış edərək mövzu ilə bağlı geniş təqdimatlar ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə urban inkişafın strateji prioritetə çevrildiyini göstərir. Bu baxımdan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 ölkəmiz üçün mühüm beynəlxalq platforma olmaqla, qabaqcıl təcrübələrin öyrənilməsi və yeni yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müzakirələrdə şəhərlərin iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olduğu vurğulanıb, infrastrukturun səmərəli təşkili, investisiya mühitinin yaxşılaşdırılması və idarəetmədə innovativ yanaşmaların tətbiqinin vacibliyi qeyd edilib. Eyni zamanda “ağıllı şəhər” konsepsiyası, rəqəmsallaşma, süni intellekt və məlumat əsaslı qərarvermə mexanizmlərinin şəhər idarəçiliyində rolu xüsusi olaraq önə çəkilib.

Çıxışlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrinin, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” modellərinin tətbiqinin müasir şəhərsalma yanaşmalarına nümunə olduğu bildirilib.

Tədbirdə Gəncə şəhərinin regional inkişaf mərkəzi kimi potensialı da geniş müzakirə olunub. Şəhərin strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və iqtisadi inkişaf perspektivləri nəzərə alınaraq inteqrasiya olunmuş planlaşdırma, rəqəmsal həllərin tətbiqi və ekoloji tarazlığın qorunmasının vacibliyi vurğulanıb. 

Dəyirmi masa çərçivəsində şəhərsalma siyasətinin institusional və innovativ əsaslarla gücləndirilməsi, “ağıllı şəhər” yanaşmalarının tətbiqi, inklüziv və ekoloji dayanıqlı inkişafın təmin olunması, urban iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflər irəli sürülüb. Qeyd olunub ki, irəli sürülən təkliflər şəhərsalma siyasətinin modernləşdirilməsinə, dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin olunmasına, eləcə də şəhərlərin rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

 

Azərbaycan Texnologiya Universitetində “EDEN AGRO” MMC tərəfindən tanıtım sessiyası keçirilib

Azərbaycan Texnologiya Universitetində “EDEN AGRO” MMC-nin əməkdaşları tərəfindən tələbələrin qida sənayesi üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tanıtım sessiyası təşkil olunub.

Tədbir zamanı “EDEN AGRO” nümayəndələri universitet-sənaye əlaqələri üzrə rektor müşaviri Rövşən Əliyev tərəfindən auditoriyaya təqdim edilib. Bildirib ki, sessiyanın əsas məqsədi tələbələrin gələcək karyera inkişafına dəstək göstərmək, onların ixtisas üzrə biliklərinin artırılmasına və əmək bazarına hazırlığının gücləndirilməsinə töhfə verməkdir.

Daha sonra “EDEN AGRO”-nun İnsan Resursları və inzibati işlər departamentinin rəhbəri İbrahim İbrahimov və işə qəbul üzrə aparıcı mütəxəssis Nərmin Hüseynli şirkətin fəaliyyəti, qida sənayesi sahəsində görülən işlər, karyera imkanları və insan resurslarının idarə olunması barədə tələbələrə ətraflı məlumat veriblər. Həmçinin tələbələrin peşəkar inkişafı, işə hazırlıq prosesi və sənaye ilə inteqrasiya mövzularında tövsiyələr səsləndirilib.

Çıxışlarda gələcəkdə universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, o cümlədən tələbələr üçün təqaüd proqramlarının yaradılması imkanları da qeyd olunub.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.