Azərbaycan Texnologiya Universitetində (ATU) 15 sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Dövlət bayrağının ucaldılması ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Rektor professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, universitetin qarşıdakı tədris ilində əsas hədəflərindən, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tədris imkanlarının genişləndirilməsi və tələbələrin inkişafı üçün yaradılan şəraitdən bəhs edib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi şəhidi Elməddin Mürsəlzadənin və universitetə yeni qəbul olmuş tələbə Aysel Mürsəlzadənin atası Cəsur Mürsəlzadə, yüksək balla qəbul olmuş tələbə Elgin Məmmədovun atası Həsən Məmmədov, ATU-nun Rəqəmsal sistemlər və dəqiq elmlər kafedrasının müdiri professor Məntiq Cəfərov, ən yüksək balla qəbul olmuş tələbə Nazənin Əliyeva və əcnəbi tələbə Muhammad Avais çıxış edərək yeni tədris ili münasibətilə təbriklərini çatdırıb, tələbələrə uğurlar arzulayıblar.

Sonda universitetin bütün fakültələr üzrə ən yüksək balla qəbul olmuş tələbələrinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ATU 2026/2027-ci tədris ilinə 4800 tələbə ilə qədəm qoyur.