Azərbaycan Texnologiya Universitetində (ATU) “AZGRANATA” şirkətinin dəstəyi ilə yeni mühazirə otağı – “AZGRANATA” auditoriyası istifadəyə verilib.
Açılış mərasimində ATU-nun rektoru Yaşar Ömərov, “AZGRANATA” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və Nəqliyyat departamentinin müdiri Emin Abdullayev iştirak edib.
Rektor çıxışında universitet-sənaye əməkdaşlığı çərçivəsində sənaye müəssisəsinin dəstəyi ilə qurulan növbəti tədris otağının açılışının baş tutduğunu bildirərək universitetdə tədris prosesinin müasir tələblərə uyğun təşkilinin və sənaye müəssisələri ilə əməkdaşlığın təhsilin keyfiyyətinə mühüm təsir göstərdiyini vurğulayıb.
ATU-nun Qida mühəndisliyi fakültəsində yerləşən yeni auditoriya 80 tələbə yerlikdir və müasir tədris şəraiti ilə təmin olunub.
Burada tələbələr nəzəri biliklər əldə edəcək, istehsal proseslərinin elmi əsaslarını mənimsəyəcəklər. Eyni zamanda, auditoriyada tələbələr üçün “AZGRANATA” mütəxəssislərinin təlimləri təşkil olunacaq.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov institusional akkreditasiya üçün universitetin özünütəhlil hesabatı, eləcə də professor-müəllim heyətinin 2025/2026-cı tədris ilində iş normaları barədə çıxış edib.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək əməkdaşların nizam-intizam və etik davranış qaydalarını təqdim edib.
Ardınca Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov magistr və bakalavr təhsil pillələri üzrə 2025/2026-cı tədris ilində tələbə qəbulunun yekunları barədə təqdimatla çıxış edib.
Elmi Şurada Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun və Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasının müdiri Sakit Verdiyevin hesabatları dinlənilib.
Həmçinin, Təchizat və təsərrüfat şöbəsinin müdiri Mətləb Əliyev universitetin qış mövsümünə hazırlıq vəziyyəti barədə məruzə ilə, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadə isə struktur dəyişikliyi və idarəetmənin optimallaşdırılması barədə çıxış edib.
İclas çərçivəsində hesabat və təkliflərlə bağlı müvafiq qərarlar qəbul edilib. Sonda Xarici dillər kafedrasının əməkdaşı Aliyə Pənahova elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə görə 75 illik yubileyi münasibətilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetinin professor-müəllim heyəti 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib. Universitetin rəhbər heyəti 14 kafedrada müəllimlərlə görüşərək onları peşə bayramı münasibətilə səmimi arzularla təbrik edib.
Azərbaycan Texnologiya Universitetində (ATU) beynəlmiləlləşmə siyasətinin uğurlu icrası nəticəsində universitet tarixində ilk dəfə olaraq təhsil alan əcnəbi tələbələrin sayı 100 nəfəri ötüb.
Hazırda ATU-da Pakistan, Hindistan, Nepal, Banqladeş, Türkiyə, Rusiya və Nigeriyadan olan 106 tələbə bakalavriat və magistratura səviyyələrində, eləcə də Hazırlıq qruplarında təhsil alır. Bu rəqəm universitetdə təhsil alan tələbələrin ümumi sayının 2,5 faizini təşkil edir.
Göstərici ATU-nun beynəlxalq nüfuzunun, müasir tədris imkanlarının tanınmasının, yüksək keyfiyyətli təhsil mühitinin və uğurlu beynəlxalq əməkdaşlıq strategiyasının bariz nümunəsidir.
ATU beynəlmiləlləşmə siyasətini strateji inkişaf planının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Qarşıdakı illərdə də universitet əcnəbi tələbələrin sayının artırılması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan ali təhsilinin dünyada tanıdılması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcək.
Azərbaycan Texnologiya Universitetində (ATU) təhsil alan əcnəbi tələbələr bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Gəncə Memorial Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı onlara Gəncəyə edilən raket hücumlarının dinc əhaliyə vurduğu ağır nəticələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə Memorial Kompleksi Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabrında Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilib.
Əcnəbi tələbələr kompleksi ziyarət edərək 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən 80 km. uzaqda yaşayan sakinlərin, körpələrin yaşadığı faciəli hadisələr, itkilər və dövlət-xalq-ordu birliyinin gücü barədə məlumat alıblar.
Ekskursiyanın təşkilində məqsəd əcnəbi tələbələrin asudə vaxtının səmərəli təşkilini təmin etmək, onların ölkənin tarixi və mədəni həyatı ilə yaxından tanış olmalarına, Azərbaycan haqqında bilik və təsəvvürlərinin zənginləşməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, hazırda ATU-da Pakistan, Hindistan, Nepal, Banqladeş, Türkiyə, Rusiya, Nigeriya və digər ölkələrdən olan 106 tələbə bakalavriat və magistratura səviyyələrində, eləcə də Hazırlıq qruplarında təhsil alır.
Azərbaycan Texnologiya Universitetində (ATU) yenilənmiş Tədrisin Elektron İdarəetmə Sisteminin (Kodera platformasının) təqdimatı keçirilib. Təqdimat zamanı ATU-nun rektoru Yaşar Ömərov yeni sistemin tətbiqinin universitetdə tədrisin keyfiyyətinə, idarəetmənin çevikliyinə və şəffaflığın təmin olunmasına mühüm töhfə verəcəyini deyib. Rektor bildirib ki, Kodera platformasının istifadəyə verilməsi ATU-da rəqəmsallaşma strategiyasının mühüm mərhələsidir və tələbələr üçün daha müasir, interaktiv təhsil imkanları yaradacaq.
Tədbirdə “SEKOP” MMC-nin baş direktoru Əli Süleymanov və texniki direktoru Ravid Ağayev Kodera brendi altında fəaliyyət göstərəcək yeni platformanın funksionallığını ətraflı təqdim ediblər. Şirkət rəsmiləri sistemin idarəetmə mexanizmləri, texniki dəstək prosedurları və ümumi iş prinsipləri barədə məlumat veriblər.
Qeyd edək ki, sabahdan professor-müəllim heyəti üçün seminarlar baş tutacaq. Akademik heyətə müəllim və tələbə kabinetlərinin idarə olunması, elektron jurnal və imtahan modullarının istifadəsi, elektron kitabxana, daxili yazışma, təqvim və digər xidmətlərin iş prinsipləri barədə praktik təlimlər keçiləcək.