Azərbaycan işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Təkcə fiziki infrastruktur deyil, həm də rəqəmsal idarəetmə sistemləri tətbiq olunmaqla, yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulur. Həyatın yenidən canlandırılması məqsədilə strateji əhəmiyyətli nəqliyyat-kommunikasiya xətləri, o cümlədən hava limanları, dəmir yolları, avtomobil magistralları inşa olunur, enerji təhlükəsizliyi təmin edilir, səhiyyə, elm və mədəniyyət ocaqları istifadəyə verilir. Bütün bu infrastruktur layihələrinin mərkəzində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının ardıcıl reallaşdırılmasına əsaslanan Böyük Qayıdış proqramının uğurlu icrası dayanır. Həyata keçirilən layihələr çərçivəsində hər bir kənd və şəhər ənənəvi üslubdan uzaqlaşdırılır ki, bu da əhalinin həyat keyfiyyətini maksimum səviyyəyə qaldırmaq deməkdir. Beləliklə, əgər bu gün otuz ilə yaxın bir müddət ərzində erməni işğalı və vandalizmi nəticəsində dağıdılmış ərazilərimiz müasir şəhərsalma prinsiplərinə uyğun olaraq sıfırdan yenidən qurulursa, bu, dövrün ən irimiqyaslı və dayanıqlı regional inkişaf layihələrindən biri kimi səciyyələndirilməlidir.
Aydındır ki, bu tarixi prosesin beynəlxalq aləmə obyektiv şəkildə təqdim edilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Xarici tərəfdaşların bölgəyə səfərləri işğal dövründə həmin torpaqlarda törədilmiş ekoloji və maddi dağıntıların miqyasını və azad olunduqdan sonra həmin ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərini əyani şəkildə görməyə imkan verir.
Ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilat nümayəndələri mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edir və görülən işlərlə yerindəcə tanış olur, mina təmizləmə əməliyyatlarından tutmuş, mədəni irsin bərpası, bölgənin gələcək inkişaf potensialı ilə bağlı bilavasitə məlumat əldə edirlər. Deməli, bu səfərlər təkcə tanışlıq xarakterli deyil, eyni zamanda Azərbaycan həqiqətlərinin, regionda sülh və quruculuq işlərinin beynəlxalq müstəvidə obyektiv dəyərləndirilməsində əsaslı rol oynayır.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası təəssüf doğurduğu kimi, həm də qəbuledilməzdir. Bütün bu geniş miqyaslı quruculuq prosesinin beynəlxalq müstəvidə obyektiv şəkildə dəyərləndirilməsi fonunda, xarici səfirlərin bölgəyə səfərləri Ermənistandakı radikal dairələrdə ciddi qıcıq doğurur, destruktiv qüvvələrin təbliğat siyasətini fiaskoya uğradır. Məhz bu kontekstdə, revanşist dairələrin nümayiş etdirdiyi destruktiv mövqe bir sıra mühüm xüsusiyyətlərlə səciyyələnir:
Gözlə görülən həqiqət və təbliğat miflərinin çökməsi - xarici səfirlərin və beynəlxalq təşkilat təmsilçilərinin azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa işləri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə yerində tanış olması, Ermənistanın illər boyu xaricdə formalaşdırdığı “humanitar böhran” və “dağıdılmış zona” tezislərini darmadağın edir. Həm də, Ermənistandakı radikal dairələrin beynəlxalq ictimaiyyətin obyektiv mənzərəni görməsindən nə qədər qorxduqlarını büruzə verir.
Suverenliyə hörmətsizlik və ziddiyyətli siyasi xətt – Ermənistan rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, revanşist qüvvələrin və yerli medianın diplomatların suveren ərazilərimizə səfərinə görə həm ölkəmizi, həm də həmin ölkələrin səfirlərini hədəf alması onların qeyri-səmimi mahiyyətini üzə çıxarır. Bu yanaşma, eyni zamanda iki ölkə arasında formalaşmaqda olan sülhə və etimada vurulan zərbədir.
İnformasiya diplomatiyasının təntənəsi – Azərbaycan ərazidə yaratdığı reallıqları birbaşa qlobal aktorların nümayəndələrinə təqdim edir ki, bu da yalnız şifahi şəkildə haqq səsini duyurmaqla kifayətlənməmək deməkdir. Nəticə etibarilə, bütün bu deyilənlərdən belə bir qənaətə gəlirik ki, Ermənistan radikal qruplarının sərgilədiyi bu aqressiv reaksiya qaçılmaz sülh reallığı və yeni iqtisadi mühit qarşısında onların düşdüyü dərin psixoloji böhranın və acizliyin açıq göstəricisidir.
Azərbaycan Texnologiya Universiteti
Humanitar elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Novruzova