Azərbaycan Texnologiya Universitetində (ATU) “Startapçı tələbə” təqaüdü təsis olunub. Müvafiq qərar universitetin Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Yeni təqaüd proqramı universitetdə innovasiya mühitinin inkişafına və tələbələrin real bacarıqlarının dəstəklənməsinə yönəlib. Proqram çərçivəsində yalnız akademik göstəriciləri yüksək olan deyil, eyni zamanda ideya yaradan, layihə hazırlayan və təşəbbüskar tələbələr də təqaüd uğrunda mübarizə apara biləcəklər.
Təşəbbüsün əsas məqsədi nəzəri biliklərlə yanaşı innovativ bacarıqları ön plana çıxarmaq, sənaye ilə əməkdaşlığı gücləndirmək və tələbələrin praktiki fəaliyyətə hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə İnnovasiya Mərkəzi çərçivəsində tələbə ideyalarının layihəyə, layihələrin isə gələcəkdə məhsul və startaplara çevrilməsi üçün inkubasiya mühitinin formalaşdırılması nəzərdə tutulur.
Seçim zamanı əsas diqqət tələbələrin real bacarıqlarına, layihə təcrübəsinə və innovativ fəaliyyətinə yönəldiləcək. Xüsusilə istifadəçi bazası olan tətbiqlər hazırlayan və ya texnoloji layihələr üzərində çalışan tələbələrə üstünlük veriləcək.
Azərbaycan Texnologiya Universitetində (ATU) Məzunlar Assosiasiyası yaradılıb. Bu barədə Elmi Şuranın bu gün keçirilən iclasında qəbul edilib. Yeni yaradılan Assosiasiyanın əsas məqsədi universitet məzunları arasında əlaqələrin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və ali təhsil müəssisəsi ilə məzunlar arasında davamlı əməkdaşlığın qurulmasıdır.
Assosiasiya vasitəsilə məzunlarının fəaliyyəti, yerli və qlobal uğurları barədə məlumatların sistemləşdirilməsi, məzunların təcrübəsindən faydalanmaq, onların karyera uğurlarını tələbələrlə bölüşmək, eləcə də universitetin inkişafına töhfə verən birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov kvorumun mövcudluğunu nəzərə alaraq iclası açıq elan edib və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin müdiri İradə Zeynalabdinzadənin, Nəqliyyat və sənaye texnologiyaları fakültəsinin dekanı Şakir Əliyevin, Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri Nigar Əmiraslanovanın hesabatı dinlənilib.
Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov Rəqəmsallaşma siyasətini, Tədri̇si̇n təşki̇li̇ və idarə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov isə Tələbələrin ixtisası üzrə əmək fəaliyyətinin istehsalat təcrübəsi kimi tanınması qaydalarını və Ali təhsil müəssisəsindən kənarda təcrübədə iştirak edən tələbələrin davamiyyətinə nəzarət mexanizmini təsdiq olunması üçün Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovun təqdimatı əsasında "Startapçı tələbə" təqaüdünün təsis edilməsi, İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə ştat cədvəlində dəyişiklik və bir sıra əsasnamələrin təsdiqi, Təcrübə və karyera sektorunun müdiri Ayxan Bahadurlunun təqdimatı ilə Məzunlar Assosiasiyasının yaradılması və əsasnaməsinin təsdiqi kimi digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Elmi Şura çərçivəsində İqtisadiyyat kafedrasının baş müəllimi Kərim Məmmədov 70 illik yubileyi münasibətilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Novruz bayramı münasibətilə şənlik keçirilib. Tədbirdə universitetin rektoru Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, qazilər, universitet əməkdaşları və tələbələr iştirak ediblər.
Bayram proqramı çərçivəsində müxtəlif musiqi kollektivlərinin, həmçinin ATU-nun Bədii Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən tələbələrin çıxışları təqdim olunub, milli rəqslər nümayiş etdirilib.
Universitetin həyətində təşkil olunan şənlikdə Novruz ənənələrini əks etdirən süfrələr qurulub, fakültələr arasında kəndirdartma yarışı baş tutub. Bayramın rəmzləri olan Kosa və Keçəl iştirakçılara xüsusi ovqat bəxş edib.
Şənliyin ən yaddaqalan məqamlarından biri qazi tələbə və məzunların rektor Yaşar Ömərovla birlikdə bayram tonqalını alovlandırması olub. Tədbirin sonunda iştirakçılar tonqal ətrafında yallı gedərək bayramı böyük ruh yüksəkliyi ilə qeyd ediblər.
Bu günlərdə beynəlxalq münasibətlər sistemi mürəkkəb və ziddiyyətli mərhələdən keçir. Geosiyasi rəqabətin artması, regional münaqişələrin dərinləşməsi və qlobal əməkdaşlıq mexanizmlərinin zəifləməsi dünya nizamının yeni transformasiya mərhələsinə daxil olduğunu göstərir. Məhz belə bir şəraitdə keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyət üçün aktual problemlərin müzakirə olunduğu mühüm platforma kimi xüsusi əhəmiyyət kəsb edir. Forum Bakı şəhərində, “Gülüstan Sarayı”nda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Cənab Prezident İlham Əliyevin himayəsi ilə keçirildi. Tədbirin əsas mövzusu “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” idi. Bu mövzu müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarını əks etdirərək dövlətlər arasında dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın vacibliyini ön plana çıxarır.
2013-cü ildən etibarən keçirilən Qlobal Bakı Forumu qısa müddətdə dünyanın nüfuzlu beynəlxalq müzakirə platformalarından birinə çevrilmişdir. Forum müxtəlif ölkələrdən dövlət və hökumət başçılarını, sabiq liderləri, beynəlxalq təşkilatların nümayəndələrini, alimləri və ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirəsinə şərait yaradır. Bu platforma beynəlxalq siyasətdə qarşılıqlı etimadın və dialoqun təşviqinə mühüm töhfə verir. Forumun əsas məqsədi yalnız müasir dünyada mövcud olan problemlərin təhlili deyil, eyni zamanda onların həlli yollarının müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi, geosiyasi dəyişikliklər, iqlim problemləri və regional münaqişələr kimi məsələlər tədbirin gündəliyində xüsusi yer tutur.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, müasir dünya yeni və mürəkkəb keçid mərhələsindədir. Bu mərhələ beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliklərin artması ilə xarakterizə olunur. Dünya artıq əvvəlki kimi təkqütblü sistem çərçivəsində fəaliyyət göstərmir, lakin yeni çoxqütblü sistem də tam formalaşmayıb. Prezident vurğuladı ki, belə bir vəziyyət dövlətlər arasında rəqabəti gücləndirir və beynəlxalq əməkdaşlıq mexanizmlərinin effektivliyini azalda bilər. Bu səbəbdən qlobal problemlərin həlli üçün dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd etdi ki, fikir ayrılıqlarının aradan qaldırılması yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan münasibətlər vasitəsilə mümkündür.
Cənab Prezident çıxışında beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Onun fikrincə, müasir dövrdə qlobal çağırışlar yalnız bir ölkənin və ya bir regionun səyləri ilə həll edilə bilməz. Bu problemlər bütün beynəlxalq ictimaiyyətin birgə fəaliyyətini tələb edir. Bu baxımdan, Qlobal Bakı Forumu müxtəlif ölkələrdən olan liderləri və ekspertləri bir araya gətirərək qlobal dialoqun inkişafına mühüm töhfə verir. Forumda aparılan müzakirələr dövlətlər arasında etimadın möhkəmlənməsinə və beynəlxalq münasibətlərdə daha konstruktiv yanaşmaların formalaşmasına xidmət edir.
Forum həm də Azərbaycanın beynəlxalq arenada artan rolunun göstəricisi kimi qiymətləndirilir. Son illər ölkəmiz regionda sabitliyin və əməkdaşlığın təşviqinə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və forumlar ölkənin qlobal dialoq mərkəzlərindən birinə çevrildiyini göstərir. Bu kontekstdə Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platforma olmaqla yanaşı, Azərbaycanın diplomatik fəaliyyətinin və beynəlxalq nüfuzunun artmasının da göstəricisidir. Müxtəlif ölkələrdən yüzlərlə iştirakçının bu tədbirdə iştirak etməsi Azərbaycanın qlobal məsələlərin müzakirəsində fəal rol oynadığını təsdiqləyir.
Nəticə etibarı ilə demək olar ki, “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyət üçün aktual problemlərin müzakirə edildiyi mühüm tədbir oldu. Forum bir daha göstərdi ki, müasir dünyada sülhün və sabitliyin qorunması üçün dövlətlər arasında dialoq və əməkdaşlıq əvəzsiz əhəmiyyət daşıyır.
Cənab Prezidentin forumdakı çıxışı isə beynəlxalq ictimaiyyətə mühüm mesaj verdi: müasir dünyada artan fikir ayrılıqlarının aradan qaldırılması yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və konstruktiv dialoq vasitəsilə mümkündür. Bu baxımdan, XIII Qlobal Bakı Forumu qlobal problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün vacib platforma olmaqla yanaşı, dünya dövlətləri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə də mühüm töhfə verir.
Şahmar Umud oğlu Həsənov
Azərbaycan Texnologiya Universitetinin
sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Azərbaycan Texnologiya Universitetində (ATU) əməkdaşlar üçün Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib. Universitetin rektoru Yaşar Ömərov çıxış edərək kollektivi mübarək Ramazan ayı münasibətilə təbrik edib, tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayıb. Rektor xalqımıza firavanlıq, ölkəmizə isə sülh və əmin-amanlıq diləyib.
Tədbirdə iştirak edən “İmamzadə” ziyarətgah kompleksinin imamı İlham Abbasov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxış edərək Ramazan ayının cəmiyyətimizdə həmrəylik, mərhəmət və humanizm kimi ali dəyərlərin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Azərbaycan Texnologiya Universiteti Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan iftar süfrəsində iştirakçılar birlik və bərəkət arzuları ilə dualar edib, Ramazan ayının mənəvi dəyərləri haqqında fikir mübadiləsi aparıblar.