Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Respublikasının ilk Baş naziri, sabiq xarici işlər naziri, tanınmış ictimai xadim, tarix elmləri doktoru Həsən Həsənovla görüş təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Görüşdə Həsən Həsənov ölkənin ictimai-siyasi həyatında qazandığı təcrübələrdən, müstəqil Azərbaycanın dövlət quruculuğu mərhələlərindən və müxtəlif məsul vəzifələrdə çalışdığı dövrlərdən bəhs edib. O, xüsusilə Ulu Öndər Heydər Əliyevlə uzun illər davam edən fəaliyyətinə toxunaraq, 33 il ərzində onunla birgə işləməyin böyük dövlətçilik məktəbi olduğunu vurğulayıb.
Qonaq çıxışında Gəncəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən mühüm layihələrdən danışıb. Bildirib ki, həmin illərdə Ulu Öndərin təşəbbüsü və dəstəyi ilə şəhərin inkişafı istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb. Dahi şair Nizami Gəncəvi irsinin geniş şəkildə təbliği, Yeni Gəncə yaşayış massivinin yaradılması, o dövrdə Kirovabad adlanan şəhərin tarixi Gəncə adının özünə qaytarılması istiqamətində atılan mühüm addımlar və qəbul edilən tarixi qərarlar barədə danışan Həsən Həsənov həmin dövrün ictimai-siyasi proseslərinin birbaşa iştirakçısı kimi xatirələrini bölüşüb, milli dəyərlərin və dövlətçilik ideyalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər haqqında fikirlərini səsləndirib.
Görüş zamanı Həsən Həsənov diplomatik fəaliyyəti barədə də danışaraq Macarıstanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi çalışdığı dövrdə həyata keçirilən diplomatik fəaliyyət, Azərbaycan–Macarıstan münasibətlərinin inkişafı və ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə xatirələrini bölüşüb.
Tədbir zamanı qonaq gənclərlə səmimi söhbət apararaq onların suallarını cavablandırıb. O, gənclərə vətənpərvər ruhda böyüməyin, milli-mənəvi dəyərlərə sadiq qalmağın, elmə və təhsilə xüsusi önəm verməyin vacibliyini qeyd edib, gələcək peşə fəaliyyətlərində ölkənin inkişafına töhfə verməyə çağırıb.
Tədbirin sonunda ATU-nun rektoru Yaşar Ömərov Həsən Həsənova universitetdə yağlı boya hazırlanmış tablosunu hədiyyə edib. Həsən Həsənov isə öz növbəsində müəllifi olduğu “Azərbaycan. Tarixi-coğrafi atlas” və “Azərbaycan. Tarixi-etnoqrafik atlas” adlı çoxcildli kitablarını rektora hədiyyə edib.
Daha sonra ictimai xadim ona ünvanlanan ən maraqlı sualları seçərək müəlliflərinə özü ilə gətirdiyi “Heydər Əliyev. Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” kitabını təqdim edib.
İştirakçılar və şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan görüş tələbələr üçün həm maarifləndirici, həm də motivasiyaedici əhəmiyyət daşıyıb.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşlarla görüşü keçirilib.
Görüşdə çıxış edən rektor Azərbaycan qadınının tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan qadınları elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanaraq ölkəmizin tərəqqisinə dəyərli töhfələr verirlər. Rektor bildirib ki, universitet həyatında da xanım əməkdaşların zəhməti, məsuliyyəti və peşəkarlığı xüsusi əhəmiyyət daşıyır.
Yaşar Ömərov həmçinin qeyd edib ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində mühüm rol oynayır. Onların fədakarlığı və qayğıkeşliyi cəmiyyətimizin sağlam inkişafının əsas dayaqlarından biridir. Rektor bildirib ki, qələbəmizin qazanılmasında, ərazi bütövlüyümüzün bərpa olunmasında qadınlarımızın özünəməxsus payı var. Məhz onların dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı, vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib.
Sonda rektor universitetin xanım əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan enerji sahəsində həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Bu mövqenin formalaşmasında ölkənin zəngin enerji resursları, strateji coğrafi mövqeyi və uzunmüddətli əməkdaşlıq siyasəti mühüm rol oynayır. Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilməsinə səbəb olmuşdur. Bununla yanaşı, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyin təminatçısı və dayanıqlı inkişafın tərəfdarı kimi çıxış edir.
Enerji sahəsində etibarlı tərəfdaş statusu Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkənin iqtisadi inkişafına, siyasi mövqeyinin möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu gün Azərbaycan qazı Avropa ölkələri ilə yanaşı regionun digər dövlətlərinə tədarük olunur ki, bu da enerji şaxələndirməsi baxımından strateji üstünlük hesab edilir. Suriyaya qaz ixracı isə Azərbaycanın enerji siyasətinin humanitar ölçüsünü nümayiş etdirərək, ölkənin təkcə iqtisadi yox, həm də sosial rifahı hədəfləyən tərəfdaş olduğunu sübut edir.
Azərbaycanın enerji siyasətində Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaş kimi çıxış etməsi, ölkəmizin planlarının reallaşmasının yalnız nəzəri deyil, tamamilə real olduğunu göstərir. Dünyanın ən qüdrətli dövləti olan ABŞ-nin dəstəyi Azərbaycanın enerji təşəbbüslərinə həm siyasi etimad, həm iqtisadi güc, həm də texnoloji imkanlar qazandırır. Bu tərəfdaşlıq Azərbaycanın enerji layihələrini regional miqyasdan çıxararaq qlobal səviyyədə etibarlı və davamlı etmək üçün mühüm zəmanət rolunu oynayır. Azərbaycan-ABŞ əməkdaşlığı artıq yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. İki ölkə arasında yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənir. “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihəsi, iqlim məqsədlərinə nail olmaq üçün birgə səylər və enerji keçidi istiqamətində təcrübə mübadiləsi bu əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır.
Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı enerji təhlükəsizliyinin yalnız müzakirə və əməkdaşlıq yolu ilə həll edilə biləcəyini vurğuladı. Məşvərət Şurasının illik iclasları tərəfdaş ölkələrin bir araya gələrək görülən işləri qiymətləndirməsi və gələcək addımları planlaşdırması üçün mühüm platforma kimi təqdim olundu. Qeyd olundu ki, Azərbaycan qazı əvvəllər 12 ölkəyə tədarük edilirdisə, hazırda bu rəqəm 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən ölkədir. Qaz ixracının Avropa hüdudlarından kənara çıxması strateji yenilik kimi qeyd edilməlidir.
Enerji olmadan inkişafın mümkün olmadığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu təşəbbüsünü həm humanitar, həm də strateji baxımdan önəmli hesab etdiyini xüsusi vurğuladı. Qeyd etdi ki, şaxələndirmənin istehsalçı və istehlakçı ölkələr üçün də xüsusi əhəmiyyəti var. O, həm enerji təhlükəsizliyini artırır, həm də iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Beləliklə, aydın olur ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi deyil, həm də geosiyasi sabitlik və regional əməkdaşlıq üçün mühüm rol oynayır.
Gələcəkdə qaz təchizatının daha da genişləndirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdən biri kimi nəzərə alınır. Azərbaycanın enerji sektorunda başlanacaq iri layihələr qarşıdakı illərdə ölkəmizin qaz hasilatını yeni zirvəyə yüksəldəcək ki, bu da təkcə iqtisadi göstəricilərin artımı deyil, həm də Azərbaycanın regional və qlobal enerji xəritəsində mövqeyinin daha da güclənməsi deməkdir. Cari ildə “Azəri-Çıraq-Günəşli” dərin qaz laylarından hasilatın başlanması nəzərdə tutulur ki, bu da uzun illər neft hasilatı ilə tanınan AÇG-nin qaz istehsalında da mühüm rol oynayacağını göstərir. Bunların ardınca “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanmasının planlaşdırılması ixrac üçün əlavə həcmlər yaradacaq ki, bu da ölkəmizin ixrac potensialını əhəmiyyətli dərəcədə genişləndirəcək. Ən böyük strateji layihə isə “Şahdəniz” yatağının yeni mərhələsi hesab edilir. Bir neçə il sonra hasilatına başlanması nəzərdə tutulan bu mərhələ Azərbaycanın enerji siyasətində yeni səhifələrin açılması deməkdir. Azərbaycanın yeni qaz layihələri maksimum istehsal səviyyəsində 10–15 milyard kubmetr əlavə hasilat təmin edərək enerji ixracını daha geniş coğrafiyaya yayacaq və yeni bazarlara çıxış imkanı yaradacaq. Bu artım mövcud boru kəməri sisteminin genişləndirilməsini və qazpaylama şəbəkəsinin şaxələndirilməsini zəruri edəcək.
Azərbaycan bu layihələrlə yalnız enerji ixracatçısı kimi deyil, həm də regional sabitliyin təminatçısı və qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. Bu, ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, siyasi nüfuzunu da yüksəldir. Enerji olmadan inkişafın mümkün olmadığını nəzərə alsaq, Azərbaycanın yeni qaz hasilatı mərhələsi həm daxili rifah, həm də beynəlxalq əməkdaşlıq üçün strateji zəmanət rolunu oynayacaq.
Azərbaycan Texnologiya Universitetini
Humanitar elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Novruzova
Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar olub. Belə ki, Elmir Cəfərov Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru vəzifəsinə, Arzu Əsgərov Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsinə, Abdulla Fərzəlizadə isə Təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Elmir Saleh oğlu Cəfərov 08.03.1982-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Universitetinin beynəlxalq münasibətlər ixtisasının məzunu, 2005-ci ildə Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycanın yeni və ən yeni tarixi ixtisasını bitirib. 2005–2008-ci illərdə GDU-da Vətən tarixi ixtisası üzrə aspirantura təhsili alıb, tarix üzrə fəlsəfə doktorudur. Elmlər doktoru proqramı üzrə 5312.01 “Sahə iqtisadiyyatı” ixtisasında dissertantura təhsili alır.
2008–2011-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında məsləhətçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2011-ci ildən Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. Hazırda İdarəetmə kafedrasının dosentidir.
Arzu Taryel oğlu Əsgərov 14.08.1996-cı ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavr, 2019-cu ildə isə regional idarəetmə ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
Həmçinin, mübadilə proqramı çərçivəsində Türkiyənin Qaradəniz Texniki Universitetində təhsil alaraq “Student Certificate of Attendance”, “Dijital Ekonomi Zirvesi 19” sertifikatlarına layiq görülüb.
2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin İnzibati idarəetmə və kommersiya kafedrasında assistent vəzifəsində fəaliyyətə başlayıb, hazırda baş müəllimdir. 2023-cü ilin yanvar ayından Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Abdulla Arif oğlu Fərzəlizadə 15.04.1991-ci il tarixində Zaqatala rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin dizayn ixtisası üzrə məzunu olub.
2017–2022-ci illərdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər 3 saylı Kadastr və Yer Quruluşu Layihə–Tədqiqat Mərkəzində VII dərəcəli mühəndis vəzifəsində çalışıb. 2022-ci ildən əmək fəaliyyətini Azərbaycan Texnologiya Universitetində Təchizat şöbəsinin müdiri, daha sonra Təsərrüfat və təchizat şöbəsinin müdir müavini vəzifəsində davam etdirib.
Azərbaycan Texnologiya Universitetində (ATU) aparılan cari təmir işləri çərçivəsində 6 saylı tədris korpusunda daha iki yeni tədris otağı istifadəyə verilib.
Tədris otaqlarından biri — 6205 nömrəli auditoriya 42 tələbə yerlik, digəri — 6214 nömrəli otaq isə 14 tələbə yerlikdir.
Sözügedən tədris otaqları universitetdə yeni yaradılan Turizm fakültəsi üçün nəzərdə tutulub.