Azərbaycan Texnologiya Universitetində (ATU) Azərbaycan Respublikasının ilk Baş naziri, sabiq xarici işlər naziri, tanınmış ictimai xadim, tarix elmləri doktoru Həsən Həsənovla görüş təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Görüşdə Həsən Həsənov ölkənin ictimai-siyasi xadim həyatında qazandığı təcrübələrdən, müstəqil Azərbaycanın dövlət quruculuğu mərhələlərindən və müxtəlif məsul vəzifələrdə çalışdığı dövrlərdən bəhs edib. O, xüsusilə Ulu Öndər Heydər Əliyevlə uzun illər davam edən fəaliyyətinə toxunaraq, 33 il ərzində onunla birgə işləməyin böyük dövlətçilik məktəbi olduğunu vurğulayıb.
Qonaq çıxışında Gəncəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən mühüm layihələrdən danışıb. Bildirib ki, həmin illərdə Ulu Öndərin təşəbbüsü və dəstəyi ilə şəhərin inkişafı istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb. Dahi şair Nizami Gəncəvi irsinin geniş şəkildə təbliği, Yeni Gəncə yaşayış massivinin yaradılması, o dövrdə Kirovabad adlanan şəhərin tarixi Gəncə adının özünə qaytarılması istiqamətində atılan mühüm addımlar və qəbul edilən tarixi qərarlar barədə danışan Həsən Həsənov həmin dövrün ictimai-siyasi proseslərinin birbaşa iştirakçısı kimi xatirələrini bölüşüb, milli dəyərlərin və dövlətçilik ideyalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər haqqında fikirlərini səsləndirib.
Görüş zamanı Həsən Həsənov diplomatik fəaliyyəti barədə də danışaraq Macarıstanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi çalışdığı dövrdə həyata keçirilən diplomatik fəaliyyət, Azərbaycan–Macarıstan münasibətlərinin inkişafı və ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə xatirələrini bölüşüb.
Tədbir zamanı qonaq gənclərlə səmimi söhbət apararaq onların suallarını cavablandırıb. O, gənclərə vətənpərvər ruhda böyüməyin, milli-mənəvi dəyərlərə sadiq qalmağın, elmə və təhsilə xüsusi önəm verməyin vacibliyini qeyd edib, gələcək peşə fəaliyyətlərində ölkənin inkişafına töhfə verməyə çağırıb.
Tədbirin sonunda ATU-nun rektoru Yaşar Ömərov Həsən Həsənova universitetdə yağlı boya hazırlanmış tablosunu hədiyyə edib. Həsən Həsənov isə öz növbəsində müəllifi olduğu “Azərbaycan. Tarixi-coğrafi atlas” və “Azərbaycan. Tarixi-etnoqrafik atlas” adlı çoxcildli kitablarını rektora hədiyyə edib.
Daha sonra ictimai xadim ona ünvanlanan ən maraqlı sualları seçərək müəlliflərinə özü ilə gətirdiyi “Heydər Əliyev. Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” kitabını təqdim edib.
İştirakçılar və şəhər ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan görüş tələbələr üçün həm maarifləndirici, həm də motivasiyaedici əhəmiyyət daşıyıb.