Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşlarla görüşü keçirilib.
Görüşdə çıxış edən rektor Azərbaycan qadınının tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan qadınları elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanaraq ölkəmizin tərəqqisinə dəyərli töhfələr verirlər. Rektor bildirib ki, universitet həyatında da xanım əməkdaşların zəhməti, məsuliyyəti və peşəkarlığı xüsusi əhəmiyyət daşıyır.
Yaşar Ömərov həmçinin qeyd edib ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində mühüm rol oynayır. Onların fədakarlığı və qayğıkeşliyi cəmiyyətimizin sağlam inkişafının əsas dayaqlarından biridir. Rektor bildirib ki, qələbəmizin qazanılmasında, ərazi bütövlüyümüzün bərpa olunmasında qadınlarımızın özünəməxsus payı var. Məhz onların dünyaya gətirdiyi, böyüdüb boya-başa çatdırdığı, vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib.
Sonda rektor universitetin xanım əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.