Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Elmi Şuranın 2025/2026-cı tədris ili üzrə son iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2025/2026-cı tədris ili üzrə son iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda rektor Yaşar Ömərov cari tədris ilində universitetin fəaliyyəti, əldə olunan nəticələr və qarşıdakı dövr üçün inkişaf perspektivləri barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzə zamanı tədris, elm, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində əldə olunan nəticələr slaydlar vasitəsilə təqdim olunub, universitetin əsas fəaliyyət istiqamətləri üzrə müsbət inkişaf dinamikası nümayiş etdirilib.

Daha sonra Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov 2026/2027-ci tədris ili üzrə qəbul planı barədə məlumat verib. Ardınca elmi katib Sevda Qurbanova 2026/2027-ci tədris ilinin birinci yarımili üçün Elmi Şuranın iş planını təqdim edib.

İclasda Tədris-Metodiki Komissiyanın rəhbəri, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun təqdimatı ilə tədris-metodiki vəsaitlərin təsdiqi, Cəsarət Şabanovun təqdimatı əsasında yeni ixtisasın açılması ilə bağlı işçi qrupunun yaradılması, İnsan Resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə ştat cədvəlində dəyişikliklərin edilməsi, hüquqşünas Müşfiq Məmmədovun təqdimatı əsasında isə imtiyazlı tələbələrin təhsil haqları məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Həmçinin Rəqəmsal texnologiyalar fakültəsinin dekanı Rövşən Hacıyevə professor elmi adının verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması məsələsi səsverməyə çıxarılıb və müsbət qərar qəbul edilib.

İclas çərçivəsində İqtisadiyyat kafedrasının dosenti Nüşabə Hacıyeva 75 illik yubileyi münasibətilə təltif edilib.

 

ATU-da elmi əsərlərin və tədris-metodiki vəsaitlərin sərgisi keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş elmi əsərlərin və tədris-metodiki vəsaitlərin sərgisi təşkil edilib.

Universitetin rektoru Yaşar Ömərov sərgi ilə yaxından tanış olub, nümayiş etdirilən tədris-metodiki və elmi nəşrlərə baxış keçirib, müəlliflərlə fikir mübadiləsi aparıb.

Rektor qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə universitetlərin rəqabət qabiliyyəti ilk növbədə keyfiyyətli tədris resursları və güclü elmi tədqiqatlarla müəyyən olunur. O bildirib ki, müasir dərslik və tədris-metodiki vəsaitlərin hazırlanması, eləcə də universitet alimlərinin Scopus kimi nüfuzlu beynəlxalq elmmetrik bazalarda təmsilçiliyinin artırılması ATU-da təhsil və elmin inkişafı istiqamətində həyata keçirilən strateji hədəflər sırasında yer alır.

Sərgi çərçivəsində  Qida mühəndisliyi və şərabçılıq kafedrasının əməkdaşlarının həmmüəllifliyi ilə ərsəyə gələn “Qida təhlükəsizliyi” və “Akademik yazı və etika” adlı dərsliklərin, İnformasiya texnologiyaları və təhlükəsizliyi kafedrasının əməkdaşlarının müəllifliyi ilə hazırlanmış “Kompüter arxitekturası” adlı dərsliyin, İqtisadiyyat kafedrasının əməkdaşlarının müəllifi olduqları “Statistika (I hissə)” və “Mühasibat uçotu” adlı dərsliklərin, həmçinin I, II və III cildlərdən ibarət “Karyera planlaması” adlı dərs vəsaitlərinin, eləcə də Dizayn və sənaye texnologiyaları kafedrasının əməkdaşlarının həmmüəllifliyi ilə çap olunmuş “Geyimlərin modelləşdirilməsi”, Humanitar elmlər və multikulturalizm kafedrasının əməkdaşlarının müəllifi olduqları “Birinci və ikinci Qarabağ müharibəsi: müqayisəli təhlil” və Xarici dillər kafedrasının əməkdaşlarının həmmüəllifliyi ilə nəşr olunan "Technical Dictionary" adlı dərs vəsaitlərinin təqdimatı baş tutub.

Universitetin bütün kafedralarının təmsil olunduğu sərgidə professor-müəllim heyəti tərəfindən tədris ili ərzində hazırlanmış dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, metodik göstərişlər, laboratoriya işləri üzrə vəsaitlər, fənn proqramları, eləcə də müxtəlif istiqamətlər üzrə hazırlanmış digər tədris resursları nümayiş etdirilib. Bununla yanaşı universitet tədqiqatçılarının Scopus, “Web of Science” və digər nüfuzlu beynəlxalq elmmetrik bazalarda indekslənən elmi nəşrləri də sərgidə yer alıb.

 

Struktur Bölmələrin Monitorinqi Komissiyasının ilk iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində Struktur Bölmələrin Monitorinqi Komissiyasının 2026–2027-ci tədris ili üzrə ilk iclası keçirilib. 

İclasa komissiyanın sədri, universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov rəhbərlik edib. O komissiyanın fəaliyyət istiqamətləri və qarşıya qoyulan məqsədlər barədə məlumat verərək monitorinq prosesinin universitetdə keyfiyyət təminatı sisteminin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

İclasda Struktur Bölmələrin Monitorinqi Komissiyasının 2026–2027-ci tədris ili üçün fəaliyyət planının hazırlanması və növbəti tədris ilində struktur bölmələr üzrə monitorinqlərin keçirilmə ardıcıllığı müzakirə olunub.

Komissiyanın katibi, Keyfiyyət Təminatı Şöbəsinin müdiri Arzu Əsgərov fəaliyyət planının hazırlanmasının vacibliyini diqqətə çatdırıb, hər tədris semestrində ən azı bir iclasın keçirilməsinin və nəzərdə tutulan monitorinqlərin vaxtında həyata keçirilməsinin zəruriliyini qeyd edib.

İclas zamanı akkreditasiya üzrə verilmiş tövsiyələrin icrası, fəaliyyət planının hazırlanması və monitorinqlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrin yekununda monitorinqlərin ilkin mərhələdə şöbələrdən başlanılması, daha sonra isə kafedra və dekanlıqlarda planlı şəkildə həyata keçirilməsi qərara alınıb.

 

 


ATU beynəlxalq elmi əməkdaşlıq platformasına növbəti dəfə ev sahibliyi edir

Azərbaycan Texnologiya Universiteti (ATU), Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD), Qazaxıstanın Kızılorda Bolaşak Universiteti (BU) və Özbəkistanın Fərqanə Dövlət Universitetinin (FDU) birgə təşkilatçılığı ilə “Nəsirəddin Tusi II Beynəlxalq Mühəndislik və Tətbiqi Elmlər Konfransı” keçirilib.

Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov açılış nitqi ilə çıxış edib. O, müasir dövrdə rəqəmsallaşma, süni intellekt, ağıllı texnologiyalar və innovativ həllərin mühəndislik və tətbiqi elmlərin inkişafında həlledici rol oynadığını vurğulayıb. Bildirib ki, qlobal çağırışlar fonunda elmi biliklərin beynəlxalq əməkdaşlıq müstəvisində paylaşılması, birgə tədqiqatların aparılması və innovativ həllərin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Prorektor qeyd edib ki, "Nəsirəddin Tusi II Beynəlxalq Mühəndislik və Tətbiqi Elmlər Konfransı" müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək yeni elmi tərəfdaşlıqların qurulmasına, təcrübə mübadiləsinin genişlənməsinə və mühəndislik sahəsində aktual problemlərin müzakirəsinə mühüm töhfə verir.

Plenar iclasın açılış hissəsində BU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektoru Muratbek Embergenov, FDU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektoru Aziza Bazarbayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı və İKSAD Azərbaycanın baş direktoru Əlvan Cəfərov, BU-nun professoru Maksud Doscanov, FDU-nun dosenti Cövhər Müseyibzadə, ATU-nun Elmi fəaliyyətin təşkili və idarə edilməsi şöbəsinin müdiri Qalibə Məmmədova çıxış edərək beynəlxalq elmi əməkdaşğın genişləndirilməsinin, ortaq tədqiqatların aparılmasının və mühəndislik sahəsində innovativ yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıblar.

Tədbirdə Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Yerlan Doscanov “Torpağın münbitliyinin artırılması və bitkilərin stres amillərinə davamlılığının yüksəldilməsi məqsədilə zeolitlər və nanosorbentlər əsasında kompleks substratların işlənib hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.

Hibrid formatda təşkil olunan iki günlük konfrans işini 9 istiqamət üzrə bölmə iclaslarında davam etdirir. Beynəlxalq tədbirdə 8 ölkədən 23 universitet, 2 akademiya, 6 elmi-tədqiqat institutu və 1 dövlət qurumunun nümayəndələri iştirak edirlər. Konfransın materiallar toplusuna 100-dən çox elmi tezis qəbul olunub.

 

 

 

İmtahan sessiyasının gərgin, amma məhsuldar günləri…

 
Azərbaycan Texnologiya Universitetinin həyəti bu günlərdə təkcə istirahət məkanı deyil, həm də hazırlıq meydanıdır. Tələbələr ödənişsiz Wi-Fi xidmətindən istifadə edərək imtahanlara hazırlaşır, imtahan portalında testlər vasitəsilə biliklərini yoxlayırlar.
Müasir imkanlar, rahat mühit və uğura aparan hazırlıq tələbələrə imtahanlarda daha uğurlu olmağa kömək edir. 

ATU dünya nəhəngi “ALSTOM” ilə əməkdaşlığa başladı

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə dəmir yolu nəqliyyatı sahəsində dünyanın aparıcı şirkətlərindən olan “ALSTOM”un Azərbaycandakı nümayəndəsi – “ALSTOM Transport Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədə ATU-nun rektoru Yaşar Ömərov və “ALSTOM Transport Azərbaycan” MMC-nin direktoru Elşən Zeynalov Bakı şəhərində imza atıb. 

Memorandumun məqsədi universitet ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsidir.

Sənədə əsasən, tərəflər tələbələrin istehsalat təcrübəsinin təşkili, mütəxəssislərin tədris prosesinə cəlb olunması, müasir təhsil proqramlarının hazırlanması, birgə elmi araşdırmaların aparılması, master-klassların təşkili və məzunların şirkətdə təcrübə və iş imkanlarının yaradılması istiqamətində birgə əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində həmçinin dəmir yolu nəqliyyatı sahəsində elmi potensialın gücləndirilməsi, innovativ ideyaların istehsalata tətbiqi və universitet–sənaye əlaqələrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq memorandumu 3 il müddətinə imzalanıb.

Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafında aktiv iştirak edən, dəmir yolu nəqliyyat sistemləri istehsalı üzrə qlobal liderlərdən biri olan "ALSTOM" transmilli maşınqayırma şirkətidir. Şirkət yüksək sürətli qatarlar, metrolar, tramvaylar, elektrik lokomotivləri, həmçinin rəqəmsal siqnal və infrastruktur həllərinin layihələndirilməsi və istehsalı ilə məşğuldur.