Azərbaycan Texnologiya Universitetində (ATU) 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş elmi əsərlərin və tədris-metodiki vəsaitlərin sərgisi təşkil edilib.
Universitetin rektoru Yaşar Ömərov sərgi ilə yaxından tanış olub, nümayiş etdirilən tədris-metodiki və elmi nəşrlərə baxış keçirib, müəlliflərlə fikir mübadiləsi aparıb.
Rektor qeyd edib ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə universitetlərin rəqabət qabiliyyəti ilk növbədə keyfiyyətli tədris resursları və güclü elmi tədqiqatlarla müəyyən olunur. O bildirib ki, müasir dərslik və tədris-metodiki vəsaitlərin hazırlanması, eləcə də universitet alimlərinin Scopus kimi nüfuzlu beynəlxalq elmmetrik bazalarda təmsilçiliyinin artırılması ATU-da təhsil və elmin inkişafı istiqamətində həyata keçirilən strateji hədəflər sırasında yer alır.
Sərgi çərçivəsində Qida mühəndisliyi və şərabçılıq kafedrasının əməkdaşlarının həmmüəllifliyi ilə ərsəyə gələn “Qida təhlükəsizliyi” və “Akademik yazı və etika” adlı dərsliklərin, İqtisadiyyat kafedrasının əməkdaşlarının müəllifi olduqları “Mühasibat uçotu” adlı dərsliyin, 3 cilddən ibarət “Karyera planlaması” adlı dərs vəsaitinin, eləcə də Dizayn və sənaye texnologiyaları kafedrasının əməkdaşlarının həmmüəllifliyi ilə çap olunmuş “Geyimlərin modelləşdirilməsi”, Humanitar elmlər və multikulturalizm kafedrasının əməkdaşlarının müəllifi olduqları “Birinci və ikinci Qarabağ müharibəsi: müqayisəli təhlil”, Xarici dillər kafedrasının əməkdaşlarının həmmüəllifliyi ilə nəşr olunan "Technical Distionary" adlı dərs vəsaitinin təqdimatı baş tutub.
Universitetin bütün kafedralarının təmsil olunduğu sərgidə professor-müəllim heyəti tərəfindən tədris ili ərzində hazırlanmış dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, metodik göstərişlər, laboratoriya işləri üzrə vəsaitlər, fənn proqramları, eləcə də müxtəlif istiqamətlər üzrə hazırlanmış digər tədris resursları nümayiş etdirilib. Bununla yanaşı universitet tədqiqatçılarının Scopus, “Web of Science” və digər nüfuzlu beynəlxalq elmmetrik bazalarda indekslənən elmi nəşrləri də sərgidə yer alıb.