Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın 2025/2026-cı tədris ili üzrə son iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda rektor Yaşar Ömərov cari tədris ilində universitetin fəaliyyəti, əldə olunan nəticələr və qarşıdakı dövr üçün inkişaf perspektivləri barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzə zamanı tədris, elm, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və innovasiya istiqamətlərində əldə olunan nəticələr slaydlar vasitəsilə təqdim olunub, universitetin əsas fəaliyyət istiqamətləri üzrə müsbət inkişaf dinamikası nümayiş etdirilib.
Daha sonra Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov 2026/2027-ci tədris ili üzrə qəbul planı barədə məlumat verib. Ardınca elmi katib Sevda Qurbanova 2026/2027-ci tədris ilinin birinci yarımili üçün Elmi Şuranın iş planını təqdim edib.
İclasda Tədris-Metodiki Komissiyanın rəhbəri, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun təqdimatı ilə tədris-metodiki vəsaitlərin təsdiqi, Cəsarət Şabanovun təqdimatı əsasında yeni ixtisasın açılması ilə bağlı işçi qrupunun yaradılması, İnsan Resursları şöbəsinin müdiri İlham Əlizadənin təqdimatı ilə ştat cədvəlində dəyişikliklərin edilməsi, hüquqşünas Müşfiq Məmmədovun təqdimatı əsasında isə imtiyazlı tələbələrin təhsil haqları məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Həmçinin Rəqəmsal texnologiyalar fakültəsinin dekanı Rövşən Hacıyevə professor elmi adının verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması məsələsi səsverməyə çıxarılıb və müsbət qərar qəbul edilib.
İclas çərçivəsində İqtisadiyyat kafedrasının dosenti Nüşabə Hacıyeva 75 illik yubileyi münasibətilə təltif edilib.