Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Universitetlərarası minifutbol birinciliyi keçirilib

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ali təhsil müəssisələri arasında minifutbol birinciliyi keçirilib. 

Tədbirin açılış mərasimində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək komandalara uğurlar arzu ediblər. 

Oyunlara Heydər Əliyev Park Kompleksində yerləşən AzFar futbol meydançası ev sahibliyi edib. Yarışda Azərbaycan Texnologiya Universitetinin (ATU), Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Dövlət Universitetinin (GDU) və Mingəçevir Dövlət Universitetinin (MDU) komandaları təmsil olunub. 

Püşkatma ilə ilk oyunda ATU-ADAU (7:6) və GDU-MDU (5:1) qarşılaşması baş tutub.

Üçüncü yer uğrunda mübarizədə ADAU 5:1 hesabı ilə qalib gəlib. 

Final oyununda ATU və GDU komandaları gərgin mübarizə aparıb və oyun GDU-nun qələbəsi ilə yekunlaşıb (4:1). 

Beləliklə, ali təhsil müəssisələri arasında baş tutan minifutbol birinciliyində I yeri GDU, II yeri ATU, III yeri isə ADAU komandası tutub. 

Qalib komandalar kubok və medallarla təltif edilib.

 

 

 

ATU-da “İlin alimi”, “İlin kafedrası” və “İlin fakültəsi” nominasiyalarının qalibləri açıqlandı

Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin 2025-ci il üzrə elmi-pedaqoji fəaliyyətinin yekun qiymətləndirilməsinin nəticələri açıqlanıb. Elmi Şuranın bu gün keçirilən iclasında ənənəvi olaraq “İlin alimi”, “İlin kafedrası” və “İlin fakültəsi” nominasiyaları üzrə qaliblər elan olunub.

Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidovun təqdim etdiyi hesabat əsasında “İlin alimi” nominasiyasına professor Əhəd Nəbiyev, “İlin kafedrası” nominasiyasına Qida mühəndisliyi və ekspertiza kafedrası, “İlin fakültəsi” nominasiyasına isə Qida mühəndisliyi fakültəsi layiq görülüb.

Mükafatlar universitetin rektoru, Elmi Şura sədri Yaşar Ömərov tərəfindən təqdim edilib. “İlin alimi” və “İlin kafedrası” nominasiyaları üzrə mükafatlar Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyevə, “İlin fakültəsi” nominasiyası isə Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılova təqdim olunub.

İclas çərçivəsində rektor Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülən əməkdaş Minurə Kərimovanı, eləcə də fəlsəfə doktoru elmi dərəcəsi verilən əməkdaşlar Razil Mirzəyev və Afaq Bağırzadəni təbrik edib.

Elmi Şuranın iclasında sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun, Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyevin və Tələbə Gənclər Təşkilatının sədri Həsən Hüseynovun hesabatları dinlənilib, həmçinin, 2026-cı ildə keçiriləcək elmi konfranslar və ştat cədvəlində dəyişikliklə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

 

 

ATU-da qış imtahan sessiyasına hazırlığa dair iclas keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU )qış imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib. İclasda akademik və inzibati rəhbər heyət iştirak edib.

İclasda rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını bildirib, imtahan sessiyasının şəffaf keçirilməsi və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün fakültə rəhbərlərinə və kafedra müdirlərinə müvafiq tapşırıqlar verib.

İclasda həmçinin imtahan zallarının, kompüter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi və s. məsələlərlə bağlı tapşırıqlar verilib.

 

 

 

 


Suverenlik dövlətçiliyimizin əsas amilidir

Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər Azərbaycan xalqının iradəsini ciddi sınağa çəkdi. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini ardıcıl şəkildə davam etdirdi.

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan suverenliyini daha da möhkəmləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il aprelin 23-də Azərbaycan hakimiyyəti mühüm addım ataraq Laçın–Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu. Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları ərazilərimizdən çıxarıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qondarma rejim özünü buraxdığını elan etdi.

Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmlənməsində yeni mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu Dövlət Bayrağını ucaltmaqla suverenliyimizin legitimliyini rəsmiləşdirdi. Bununla da hakimiyyətin aliliyi və nəzarət funksiyası respublikamızın bütün ərazisində tam bərpa edildi, inzibati-coğrafi vahidlərimiz bütövləşdirildi.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd olunması təsis edildi. Bu günün müəyyənləşdirilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlanan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizəmizin kulminasiyasıdır. 2025-ci ildə Azərbaycan xalqı bu əlamətdar günü ilk dəfə rəsmi şəkildə qeyd etdi. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, eyni zamanda milli kimliyimizin möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Konstitusiya və suverenlik anlayışlarının birgə vurğulanması Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində mövqelərinin daha da gücləndirilməsinə xidmət edir. Konstitusiya suverenliyin hüquqi əsasını təşkil edir, suverenlik isə Konstitusiyanın qoruduğu və təsbit etdiyi ali dəyərdir. Suverenlik dövlətin öz ərazisində müstəqil qərarlar qəbul etmək, daxili və xarici siyasətini sərbəst şəkildə müəyyənləşdirmək və digər dövlətlərin təsirindən azad olmaq hüququdur. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və bu tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 Zirəddin Cavadlı
Azərbaycan Texnologiya Universitetinin
“Texnoloq” qəzetinin redaktoru

 

Rektor profes. Fizuli Məmmədovu yubileyi münasibətilə təbrik edib.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İdarəetmə kafedrasının müdiri, professor Fizuli Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib.
 
Rektor təbrikində professor Fizuli Məmmədovun uzun illər ərzində ali təhsil və elm sahəsində göstərdiyi səmərəli fəaliyyətini, ixtisaslı kadrların hazırlanmasında və idarəetmə elminin inkişafında verdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Bildirilib ki, onun elmi-pedaqoji fəaliyyəti, peşəkarlığı və zəngin təcrübəsi universitet üçün mühüm əhəmiyyət daşıyır.
 
Yaşar Ömərov yubiley münasibətilə professor Fizuli Məmmədova möhkəm cansağlığı, uzun ömür, elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb, gələcəkdə də universitetin inkişafına töhfələr verəcəyinə əminlik ifadə edib.
 
 

ATU müəllimləri üçün onlayn ixtisasartırma kursu təşkil edilib

ATU ilə “Qlobal Standart 1 Beynəlxalq Sistemlərin Təbliği” İctimai Birliyi ("GS1 Azerbaijan” İB) arasında mövcud əməkdaşlıq çərçivəsində universitetin Maşın mühəndisliyi və logistika kafedrasının əməkdaşları “GS1 sistemi. Avtomatik identifikasiya texnologiyası və onun tətbiqinin əsasları” adlı onlayn ixtisasartırma kursunda iştirak ediblər.

4 həftə ərzində, ümumilikdə 22 saat davam edən kursda kafedra əməkdaşları Həcər Hüseynzadə və Rizvan Şükürova qlobal əmtəə nömrələməsinin beynəlxalq idarə olunması, ştrixkodların növləri və istifadə qaydaları, məhsul və etiketlər üzərində yerləşdirilən kodlar barədə ətraflı məlumat verilib. Eyni zamanda məhsulların daşınmasında istifadə olunan fərdi aktivlər üçün GS1 identifikasiya açarları, pərakəndə satışda etiketləmə kodları, qida və turizm sektorlarında ştrixkodlaşdırma texnologiyasının tətbiqi məsələləri tədris olunub.

Dərslər nəzəri və praktiki formada keçirilib, mövzular videomaterialların nümayişi ilə izah edilib. Onlayn kurs “Qlobal Standart 1 Beynəlxalq Sistemlərin Təbliği” İctimai Birliyinin əməkdaşları Səbinə Əliyeva, Gülanə Rəsulova, Səfurə Şabanova, Səbinə Rəhimova və Fərid Abbasovun moderatorluğu ilə həyata keçirilib.

Kursun əsas məqsədi “GS1 sistemi. Avtomatik identifikasiya texnologiyası və onun tətbiqinin əsasları” adlı seçmə fənnin növbəti tədris ilindən etibarən ATU-nun müvafiq təhsil proqramlarına daxil edilməsidir. 

Qeyd edək ki, ATU ilə "GS1 Azerbaijan" bu ilin iyul ayından əmkdaşlıq edir, bu çərçivədə birgə “GS1 Beynəlxalq Sistemdə məhsulların və yüklərin avtomatik identifikasiyası” laboratoriyası yaradılıb.