Azərbaycan Texnologiya Universitetinin Şəhid məzunu Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Zoom platforması üzərindən həyata keçirilən tədbirdə Milli Məclisin deputatı Müşviq Cəfərov, UTECA-nın  Tədris işləri üzrə Prorektoru Vüqar İsmayılov, ADAU-nun dosenti Aidə Həsənova, eyni zamanda Kərimə dərs deyən müəllimlər, tələbə yoldaşları və şəhidimizin ailə üzvlərindən bacısı Günay xanım, yaxın dostları da iştirak edib.  Tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şəhidimizin həyatı və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş etdirikdikdən sonra çıxışlara yer verilib.  Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə Prorektoru Vüqar İsmayılov Zəfər yürüşünün tarixi rolundan bəhs edərək müharibə günlərində dövlət, xalq və ordu birliyinin əhəmiyyətini, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısını xüsusi vurğulayıb. Kərim Əhmədəliyev kimi digər Şəhid tələbə və məzunlarımızın da dərin ehtiramla yad edildiyini bildirib.  Kərim Əhmədəliyevə dərs demiş müəllimlərdən Əsgər Babazadə, Aysel Məmmədli, Şəhla Əliyeva Şəhid məzunla bağlı xatirələrini bölüşüblər. İştirakçılar sırasında Kərimin məzun qrup yoldaşlarının və tələbələrin çıxışları da yer alıb. Kərim Əhmədəliyevə  həsr olunmuş şeirin səsləndirilməsi tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. I kurs Dizayn ixtisası üzrə təhsil alan Zərda Əsədzadənin Kərimin xatirəsinə həsr etdiyi portret də iştirakçıların diqqətini çəkib.  Tədbirin sonunda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş bütün həmvətənlərimizə Allahdan rəhmət diləyərək, şəhidlərimizin xatirəsinin daim dərin hüzünlə yad edildiyini bildirib.