Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 29.04.2026-cı il tarixində Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, Elmi Şuranın sədri Yaşar Ömərov iclası açıq elan edib və gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra Tədrisin təşkili və idarə edilməsi şöbəsinin müdiri Cəsarət Şabanov yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məruzə ilə çıxış edib.

İclasda Humanitar elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun, Turizm sənayesinin təşkili kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən Yusif Hümbətovun, Xarici dillər kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən Aysel Məmmədlinin, Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin müdiri İradə Zeynalabdinzadənin və Keyfiyyət təminatı şöbəsinin müdiri Arzu Əsgərovun hesabatları dinlənilib.

Elmi Şurada sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənovun təqdimatı əsasında tədris-metodiki vəsaitlərin təsdiqi kimi digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

ATU-dan Uşaq evi sakinlərinə dəstək: peşə bacarıqları qazandıran təlimlər keçirildi

Gəncə şəhərində yerləşən 4 saylı Uşaq evinin sakinləri olan şagirdlər üçün Azərbaycan Texnologiya Universitetinin (ATU) təşəbbüsü ilə təlim proqramı təşkil olunub.

İki həftə davam edən proqram çərçivəsində yeniyetmələr üçün tikiş və kompüter kursları keçirilib. Təlimlər zamanı iştirakçılara ilkin peşə bacarıqları, praktiki biliklər və gündəlik həyatda istifadə edə biləcəkləri vərdişlər aşılanıb. Tikiş kursunda iştirakçılar geyimlərin hazırlanması və sadə dizayn elementləri ilə tanış olub, kompüter kurslarında isə əsas proqramlardan istifadə, rəqəmsal savadlılıq və texnoloji bacarıqlar üzrə biliklərini artırıblar.

Təlimlər interaktiv formada təşkil olunub, iştirakçılar praktiki məşğələlərdə fəal iştirak edərək əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.

Layihənin yekun mərhələsində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov uşaqlarla görüşüb. Görüş zamanı rektor yeniyetmələrlə səmimi söhbət aparıb, onların təlimlər barədə təəssüratları və gələcək planları ilə maraqlanıb. O, bu cür sosial yönümlü layihələrin əhəmiyyətini vurğulayaraq təlimdə qazandıqları bacarıqların gələcək həyatda onlar üçün faydalı olacağını qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Proqramın sonunda yeniyetmələr təlimləri uğurla başa vurduqlarına görə sertifikatlarla təltif ediliblər.

Layihənin əsas məqsədi uşaq evi sakinlərinin fərdi inkişafına dəstək göstərmək, onların peşə bacarıqlarını artırmaq və gələcək həyata daha inamla hazırlaşmalarına töhfə vermək olub.

İkitərəfli əməkdaşlığın yeni mərhələsi: Azərbaycan və Ukrayna

Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə yalnız siyasi dialoq səviyyəsində deyil, həm də iqtisadi, enerji, humanitar və strateji istiqamətlərdə ardıcıl şəkildə inkişaf edərək yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda da vurğulandığı kimi, iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünə dəstək kimi fundamental prinsiplər üzərində qurulub.

İki ölkə arasında siyasi münasibətlərin əsası müstəqillik illərinin ilk dövrlərində formalaşıb və 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlərlə daha da möhkəmlənib. Bu sənədlər Azərbaycan və Ukraynanın beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına – sadiqliyini rəsmiləşdirib. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bu prinsipləri qarşılıqlı şəkildə dəstəkləməyə davam edir.

Münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində intensiv təmaslar xüsusi rol oynayır. Son illərdə keçirilən görüşlərin dinamikliyi ikitərəfli əlaqələrin strateji xarakterini daha da gücləndirib. Xüsusilə 2022-ci ilin yanvarında Prezident İlham Əliyevin Kiyevə səfəri və sonrakı illərdə müxtəlif beynəlxalq platformalarda baş tutan görüşlər əməkdaşlığın davamlılığını təmin edən mühüm siyasi mexanizm kimi çıxış edir. Bu təmaslar iki ölkə arasında etimad mühitinin daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycan–Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Dövlət Neft Şirkəti – SOCAR uzun illərdir ki, Ukrayna bazarında uğurla fəaliyyət göstərir. Şirkətin ölkədə həyata keçirdiyi layihələr yanacaq təminatının sabitliyinə və enerji infrastrukturunun inkişafına töhfə verir. Eyni zamanda, enerji sahəsində yeni birgə layihələrin, sərmayə təşəbbüslərinin və logistika imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr davam edir. Bu əməkdaşlıq yalnız ticarət əlaqələri ilə məhdudlaşmır, həm də strateji enerji təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır.

İqtisadi münasibətlər də son illərdə dinamik şəkildə inkişaf edir. Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi artıq yarım milyard dolları keçib və bu rəqəmin artması üçün geniş potensial mövcuddur. Kənd təsərrüfatı məhsulları, sənaye malları və logistika sahəsində qarşılıqlı əməkdaşlıq iqtisadi əlaqələrin şaxələnməsinə şərait yaradır. Hər iki ölkə bu sahədə yeni imkanların araşdırılmasında maraqlıdır.

Bununla yanaşı, humanitar və mədəni əlaqələr də ikitərəfli münasibətlərin mühüm hissəsini təşkil edir. Təhsil, mədəniyyət və elmi mübadilə proqramları xalqlar arasında yaxınlığın artmasına xidmət edir. Universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi və birgə layihələr gənclər arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Bu, uzunmüddətli perspektivdə münasibətlərin dayanıqlığını təmin edən vacib amillərdən biridir.

Son illərdə gündəmə gələn mühüm istiqamətlərdən biri də hərbi-texniki və sənaye sahəsində əməkdaşlıqdır. Hər iki ölkənin müdafiə sənayesinin inkişafı və bu sahədə birgə istehsal imkanları perspektivli əməkdaşlıq istiqaməti kimi qiymətləndirilir. Bu sahədə aparılan müzakirələr gələcəkdə yeni layihələrin reallaşdırılmasına zəmin yarada bilər.

Ümumilikdə, Azərbaycan və Ukrayna arasında münasibətlər qarşılıqlı maraqlar, siyasi etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Mövcud dinamika göstərir ki, iki ölkə arasındakı əməkdaşlıq yalnız keçmişin davamı deyil, həm də gələcəyə yönəlmiş yeni imkanlar platformasıdır. Dövlət başçılarının vurğuladığı kimi, bu əlaqələr növbəti illərdə daha da genişlənəcək və müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevriləcək.

Xəyalə Məmmmədova

Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinin rəhbəri

 

 


Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzi “Yaradıcılıqda Süni İntellekt III” təlimlərinə start verir

Təlimdə süni intellekt vasitəsilə mətn, dizayn, video və digər kreativ kontentlərin hazırlanması öyrədiləcək.
📅 Tarix: 28 aprel 2026
🕒 Vaxt: 12:00 – 13:00 (həftənin ll və IV günəri)
📍 Məkan: ATU İnnovasiya Mərkəzi

ATU əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10.04.2026-cı il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin (ATU) Xarici dillər kafedrasının əməkdaşı
Turanə Güloğlan qızı Məmmədovaya 5714.01 – Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Təbrik edirik!  

ATU-da regionun ən irimiqyaslı startap yarışı - “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi keçirildi

Azərbaycan Texnologiya Universiteti (ATU), Təhsilin İnkişafı Fondu (TİF), Azərbaycan Respublikasının Gənclər Fondu (ARGF) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həmtəşkilatçılığı, “Eco Az Energy”, “Coca-Cola”, “ATS Food” MMC, “Bakcell” və Birbankın dəstəyi ilə “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsi keçirilib.

Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edərək bildirib ki, “GreenTech III” müsabiqəsinin əsas məqsədi yaşıl texnologiyalar və ümumilikdə texnoloji yeniliklər sahəsində inkubasiya mühitinin inkişafına dəstək olmaq, ekoloji problemlərə innovativ həllər tapmaq və gəncləri davamlı inkişaf istiqamətində təşviq etməkdir. O vurğulayıb ki, bu cür təşəbbüslər gənclərin şəbəkələşməsinə, universitetlərarası əməkdaşlığın genişlənməsinə və innovativ bacarıqların formalaşmasına xidmət edir. Rektor əlavə edib ki, müsabiqə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə uyğun olaraq rəqabətli insan kapitalının və “yaşıl artım”ın təşviqinə töhfə verir.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, TİF-in şöbə müdiri Ramin Cəfərov, ARGF-in şöbə müdiri Nail Şükürov, ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış edərək bildiriblər ki, müsabiqə gənclərdə ekoloji düşüncə tərzinin formalaşmasına, ekoloji məsuliyyət hissinin artırılmasına mühüm töhfə verir. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərə nəzəri biliklərini praktikaya tətbiq etmək, eləcə də komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrindən 100 komanda “Alternativ enerji və təmiz dünya”, “Rəqəmsal həllər və robototexnika” və “İnklüziv və sosial innovasiyalar” olmaqla 3 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıb.

Yarışın kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Ali Neft Məktəbinin “Biosenatorlar”, Milli Aviasiya Akademiyasının “Dəmir qanad” və Azərbaycan Dövlət İqtisad Universitetinin “Ecob” komandaları əldə edib.

II yeri Bakı Dövlət Universiteti və Qarabağ Universitetinin “Nanotech”, Mingəçevir Dövlət Universitetinin “Agrorover” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Co-Brain Medical” komandaları tutub.

III yerə Xəzər Universitetinin “Yüksəliş”, Azərbaycan Texnologiya Universitetinin “Termal İnstruksiya” və Azərbaycan Kooperasiya Universitetinin “Kod21” komandaları layiq görülüb.

Həvəsləndirici yerlərdə isə Bakı Biznes Universitetinin “Pixel”, Sumqayıt Dövlət Universitetinin “SDU2” və Milli Aviasiya Akademiyasının “Synx Research” komandaları qərarlaşıb.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.