Azərbaycan Texnologiya Universiteti humanitar
elmlər və multikulturalizm kafedrasının baş
müəllimi Abbasova Səlminə Hidayət qızı
Azərbaycanda hər il avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" kimi təntənə ilə qeyd olunur. Bu əlamətdar gün təkcə əlifba islahatının uğurlu yekununu deyil, həm də xalqımızın minilliklər boyu formalaşan milli kimliyinin, mənəvi sərvətinin və dövlətçilik ənənəsinin rəmzini təcəssüm etdirir. Çünki dövlət dili anlayışı yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda müstəqil dövlətçiliyin başlıca atributu, suverenliyin ideoloji əsasıdır. Ana dilinin qorunması, saflığının təmin edilməsi və daxili imkanları hesabına inkişaf etdirilərək dünya miqyasında layiqli yer tutması hər zaman Azərbaycan dövlətinin strateji diqqət mərkəzində olmuşdur.
Azərbaycan dilinin dövlət dili statusu qazanmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırıldığı, ideoloji təzyiqlərin mövcud olduğu mürəkkəb bir şəraitdə ana dilinin hüquqlarının qorunması böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Məhz belə bir tarixi mərhələdə — 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin sessiyasında Ümummilli Liderin prinsipial mövqeyi və cəsarətli təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsi "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" formasında təsdiqlənmişdir.
Ulu Öndərin "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik Azərbaycan dilimiz var" (1994), "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz" (1996) və "Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik" (2003) kimi müdrik fikirləri ana dilinin zənginliyini, daxili imkanlarını və strateji əhəmiyyətini bir daha nümayiş etdirir.
Müstəqillik dövründə bu siyasi-hüquqi xətt keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ümummilli Liderin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə Latın qrafikalı əlifbaya tam keçid təmin edildi və bu sahədə dövlət siyasətini tənzimləyən Prezident yanında Dövlət Dil Komissiyası yaradıldı. Həmin ilin 9 avqust Fərmanı ilə avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" kimi təsis olundu, 2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi ilə isə ana dilimizin hüquqi statusu və işlənmə dairəsi tam nizamlandı.
Ümummilli Liderin ana dilinin qorunması istiqamətindəki strateji siyasi xətti Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə inamla davam etdirilir. 2004-cü il 12 yanvar tarixli Sərəncamla Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi təmin edildi, 2013-cü il 9 aprel tarixli Sərəncamla isə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiqləndi.
Dövlət başçısının 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsinə, həmin ilin noyabrında imzalanan Fərman isə dilin saflığının qorunmasına həsr olundu. Bu sənəd əsasında Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi fəaliyyətə başladı. 2019-cu il 16 aprel tarixli Qərarla isə "Azərbaycan dilinin Orfoqrafiya Normaları" təsdiq edildi. Nəhayət, 2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarət və dilin inkişafını təmin etmək səlahiyyəti Mədəniyyət Nazirliyinə həvalə olundu.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan dili daxili imkanları hesabına zənginləşən, xarici təsirlərə ehtiyacı olmayan bir dildir və onun saflığının qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Bu strateji yanaşma dünyada 50 milyondan çox soydaşımızın ana dili olan Azərbaycan dilinin mədəni-mənəvi nüfuzunu qorumaqla yanaşı, onun qlobal miqyasda milli kimlik daşıyıcısı kimi mövqeyini daha da möhkəmləndirir.
1 Avqust tarixi yalnız təqvimdəki əlamətdar bir gün deyil, həm də ana dilimizə sahib çıxmaq, onun zənginliklərini yaşatmaq və gələcək nəsillərə təmiz bir irs kimi ötürmək istiqamətində hər bir vətəndaşın üzərinə düşən milli və mənəvi məsuliyyətin təcəssümüdür. Dövlət səviyyəsində hüquqi bazanın möhkəmləndirilməsi və Monitorinq Mərkəzinin yaradılması ana dilimizin qorunması yolunda etibarlı bünövrədir. Bu bünövrə üzərində ədəbi dil normalarına əməl etmək və dilimizin saflığını qorumaq isə hər bir Azərbaycan vətəndaşının vicdan və vətəndaşlıq borcudur.