Azərbaycan Texnologiya Universitetinin (ATU) 2025/2026-cı tədris ilinin bakalavriat və magistratura səviyyəsi üzrə bir qrup məzunlarına elektron diplomların verilməsinə başlanılıb.
Elektron diplomların ilk olaraq universiteti fərqlənmə ilə bitirən ATU məzunlarına verilməsi nəzərdə tutulub.
Bu addımla ATU region universitetləri arasında məzunlarına rəqəmsal diplom təqdim edən ilk ali təhsil müəssisəsi olub.
Bu proses “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq, doktorantura istisna olmaqla, təhsilin hər hansı pillə və səviyyəsini bitirən şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılan elektron dövlət sənədi təqdim edilir.
Universitetin bakalavr və magistratura təhsil səviyyələri üzrə bu ilki məzunlarının elektron diplomları artıq rəsmi qaydada imzalanıb. Bu rəqəmsal sənədlər bütün məzunlar üçün “mygov” rəqəmsal hökumət platformasında əlçatan olacaq. Elektron diplomların əldə olunması ilə bağlı çətinlik yaşayan məzunlar Tədrisin təşkili və idarə edilməsi şöbəsinin əməkdaşı Fuad Məmmədova müraciət edə bilərlər (İnzibati bina, I mərtəbə, əlaqə nömrəsi: 055 883 87 01).