Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov “Yay Fest 2026”nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunan "Rəqəmsal dövlət" düşərgəsinin "Gələcəyin insanı: Bacarıq, yoxsa diplom?" adlı panel sessiyasında spiker qismində çıxış edib.
Çıxışı zamanı Yaşar Ömərov müasir dövrdə ali təhsilin yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmadığını, universitetlərin tələbələrə əmək bazarının tələblərinə uyğun praktik bacarıqlar, rəqəmsal səriştələr və innovativ düşüncə formalaşdırmalı olduğunu vurğulayıb. Bildirib ki, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və ölkənin rəqəmsal inkişaf hədəflərinə nail olunmasında ali təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşür. Rektor qeyd edib ki, rəqəmsallaşma şəraitində diplom öz əhəmiyyətini qorusa da, onun real bacarıqlar və praktiki təcrübə ilə tamamlanması məzunların rəqabətqabiliyyətliliyinin əsas şərtidir.
Panel sessiyasının sonunda Yaşar Ömərov festival iştirakçılarını maraqlandıran sualları cavablandırıb, ali təhsildə rəqəmsallaşma, innovasiya və gənclərin gələcəyin çağırışlarına hazırlanması ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təşkilatçılığı ilə keçirilən "Yayfest" gənclər festivalı gənclərin bilik və bacarıqlarının inkişafı, şəbəkələşməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin təşviqi məqsədilə 8 fərqli mövzu üzrə düşərgələr formatında təşkil olunur.