Azərbaycan Texnologiya Universitetində (ATU) “Coca-Cola” şirkətinin və Kapital Bankın dəstəyi ilə Məzun Günü tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov məzunları təbrik edərək onların həyatında yeni və məsuliyyətli bir mərhələnin başlandığını bildirib. Rektor qeyd edib ki, universitetdə əldə olunan bilik, bacarıq və dəyərlər məzunların gələcək fəaliyyətində ən böyük dayaqlardan biri olacaq. O vurğulayıb ki, bu il ATU-dan məzun olan 829 gənc ölkənin müxtəlif sahələrində çalışaraq Azərbaycanın inkişafına öz töhfəsini verəcək, cəmiyyətə faydalı və layiqli vətəndaş kimi yetişdiklərini təsdiqləyəcəklər. Rektor məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və valideyn Səadət Rzayeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Rəsmi hissədə qazi məzun Mirmahmud Əhmədov, əlaçı məzun Türkanə Rəhimova və universitetin ictimai həyatında fəallığı ilə seçilən məzun Xəyal Məmmədəliyev də çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini və təəssüratlarını bölüşüblər.
Daha sonra fakültələr üzrə ən yüksək akademik göstəricilər əldə edən məzunlar təltif olunub. Onlara təşəkkürnamələr və Kapital Bank tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində universitetin Bədii Yaradıcılıq Mərkəzinin üzvləri maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Məzun Gününün konsert proqramında tanınmış müğənni, əfsanəvi “Karvan” qrupunun solisti İlqar Xəyal, “Gəncə Band” musiqi qrupu və DJ Rüstəm çıxış edərək tədbir iştirakçılarına xoş anlar yaşadıblar.
Tədbirin sonunda məzunlar Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, qazandıqları bilik və bacarıqları ölkənin tərəqqisi naminə tətbiq edəcəklərinə söz verərək məzun andını səsləndirib, daha sonra məzun papaqlarını səmaya atıblar.
Azərbaycan Texnologiya Universitetində (ATU) 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş çarx nümayiş etdirilib.
Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı müstəqilliyini böyük çətinliklərlə qazansa da, onun qorunub saxlanılması daha mürəkkəb və məsuliyyətli vəzifə olub. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ağır təhlükələrdən xilas edərək müstəqilliyimizin qorunmasını və möhkəmlənməsini təmin edib. Vurğulanıb ki, Ulu Öndərin uzaqgörən siyasəti ilə əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hərtərəfli tərəqqi yolu ilə inamla irəliləyir.
Tədbirdə həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə, iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyev çıxış edərək müstəqil Azərbaycanın inkişaf yolundan, Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən, ölkəmizin qazandığı uğurlardan bəhs ediblər.
Tədbir Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrin çıxışları ilə davam edib. Universitetin Qida mühəndisliyi fakültəsinin II kurs tələbəsi Xədicə Qurbanlı Məmməd Arazın “Azərbaycan” şeirini səsləndirib. İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Nicat Süleymanov isə “Azərbaycan” və “Sən elə bir zirvəsən” mahnılarını ifa edib.
Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran və idarəçilikdəki xaos dövlətin müstəqilliyini ciddi təhlükə altına almışdı. Hakimiyyət böhranı, iqtisadi geriləmə və sosial gərginlik xalqın gələcəyinə dair narahatlıqları artırırdı. Bu şəraitdə Azərbaycanın dövlətçiliyi real olaraq dağılma riski ilə üz-üzə qalmışdı. Xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı milli dövlətçiliyin qorunması üçün həyati əhəmiyyət daşıdı. Onun qayıdışı yalnız siyasi sabitliyin bərpası deyil, həm də milli həmrəyliyin güclənməsi baxımından mühüm tarixi hadisə oldu. Heydər Əliyev böhranlı vəziyyətdə xalqın ümid yeri kimi çıxış edərək dövlətin dağılmasının qarşısını aldı və müstəqilliyin möhkəmlənməsi üçün yeni mərhələ açdı. Bu səbəbdən Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri hesab olunur. Bu günün mahiyyəti gənc nəsil üçün xüsusi əhəmiyyət daşıyır, çünki liderlik və məsuliyyət dərsi kimi onların siyasi şüurunun formalaşmasına təsir göstərir.
O dövrdə böyük təhlükə qarşısnda olan ölkəmizdə siverenliyin müdafiəsi və möhkəmləndirilməsi real təhdidlər qarşısında həyata keçirilirdi. Çünki, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi, lakin ölkədə siyasi böhran, iqtisadi geriləmə və sosial gərginlik hökm sürürdü. Hakimiyyət böhranı, silahlı qarşıdurmalar və idarəçilikdəki xaos dövlətin gələcəyini ciddi təhlükə altına salmışdı. Bu dövrdə xalqın milli dövlətçilik arzuları reallaşmaq əvəzinə dağılma riski ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət idi və bu hadisə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Onun qayıdışı ilə ölkədə siyasi sabitlik bərpa edildi, dövlətin dağılmasının qarşısı alındı və müstəqilliyin möhkəmlənməsi üçün yeni mərhələ açıldı. Ulu Öndərin “mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözləri gənclərə dövlətin taleyinə biganə qalmamağı, milli maraqları şəxsi maraqlardan üstün tutmağı və müstəqilliyin qorunması uğrunda məsuliyyətli mövqe sərgiləməyi öyrədirdi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəsil üçün liderlik dərsi kimi mühüm əhəmiyyət daşıyır. Böhranlı şəraitdə düzgün qərarların qəbul edilməsi, milli maraqların şəxsi maraqlardan üstün tutulması və xalqın taleyinə məsuliyyətlə yanaşma gənclərə nümunə oldu. Ümummilli Liderin cəsarətli addımları göstərdi ki, dövlətin gələcəyi yalnız güclü iradə və milli maraqlara sadiqliklə qoruna bilər. Bu, gənclərə öyrədir ki, liderlik yalnız hakimiyyət sahibi olmaq deyil, həm də xalqın taleyinə cavabdehlik daşımaq deməkdir.
Milli Qurtuluş Günü gənclərə məsuliyyət dərsi də verir. Bu günün mahiyyəti göstərir ki, heç bir vətəndaş dövlətin taleyinə biganə qalmamalıdır. Gənclər bu tarixi hadisəni öyrənməklə ictimai-siyasi həyatda fəal mövqe tutmağın vacibliyini dərk edirlər. Onlar anlayırlar ki, müstəqilliyin qorunması yalnız liderin deyil, bütün xalqın, xüsusilə gənc nəslin üzərinə düşən məsuliyyətdir.
Qurtuluş Gününün sosial və mədəni təsirləri də diqqətəlayiqdir. Bu gün kollektiv yaddaşda birlik və həmrəylik ideyasını gücləndirir, gənclərdə milli kimliyin formalaşmasına mühüm təsir göstərir. Onlar bu günün mahiyyətini dərk etməklə milli dəyərlərə daha sıx bağlanır, dövlətçilik ənənələrinin qorunmasının vacibliyini anlayırlar. Beləliklə, Milli Qurtuluş Günü gənclərin həm siyasi şüurunun formalaşmasına, həm də milli ruhda yetişməsinə xidmət edən ideoloji dayağa çevrilir.
Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində yalnız siyasi sabitliyin bərpası ilə məhdudlaşmır, həm də milli dövlətçiliyin möhkəmlənməsi və gələcək inkişafın ideoloji əsaslarını formalaşdırır. 1993-cü ilin iyun hadisələri göstərdi ki, böhranlı şəraitdə xalqın iradəsi və uzaqgörən liderlik dövlətin taleyini dəyişdirə bilər. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə dağılmaq təhlükəsindən xilas oldu, müstəqillik qorundu və inkişaf üçün yeni mərhələ açıldı. Bu tarixi hadisə gənc nəsil üçün həm liderlik, həm məsuliyyət, həm də milli həmrəylik dərsi kimi dəyərləndirilir.
Gənclər Qurtuluş Gününün mahiyyətini öyrənməklə dövlətçilik ənənələrinin qorunmasının vacibliyini dərk edir, ictimai-siyasi həyatda fəal mövqe tutmağın əhəmiyyətini anlayırlar. Bu gün onlara göstərir ki, müstəqilliyin qorunması yalnız liderin deyil, bütün xalqın, xüsusilə gənc nəslin üzərinə düşən məsuliyyətdir. Liderlik nümunəsi gənclərə böhranlı anlarda cəsarətli qərarların gücünü, məsuliyyət dərsi isə dövlətin gələcəyi üçün fəal mövqe tutmağın vacibliyini öyrədir. Milli Qurtuluş Gününü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirən Prezident İlham Əliyev çox doğru olaraq vurğulayır: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır”.
Beləliklə, Milli Qurtuluş Günü gənc nəsil üçün sadəcə tarixi bir hadisə deyil, həm də milli kimliyin möhkəmlənməsi, vətənpərvərlik ruhunun güclənməsi və dövlətçilik dəyərlərinə sadiqlik baxımından strateji əhəmiyyətə malikdir. Bu günün dəyərləri gənclərin gələcəkdə daha güclü, milli ruhlu və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə zəmin yaradır.
Azərbaycan Texnologiya Universitetinin
Humanitar elmlər və multikulturalizm kafedrasının
baş müəllimi Zəminə Novruzova
Azərbaycan Texnologiya Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasının III kurs tələbəsi Əsmər Əhmədova Bakı şəhərində keçirilən “Swimming for All Finals” beynəlxalq yarışında uğurla çıxış edərək I yerə layiq görülüb.
Bu nailiyyətinə görə Əsmər Əhmədova Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qızıl medal və diplomla təltif olunub.
Qeyd edək ki, Əsmər Əhmədova Vətən müharibəsi şəhidi Amal Əhmədovun bacısıdır.
Tələbəmizi bu uğuru münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr arzulayırıq!