Azərbaycan Texnologiya Universitetinin (ATU) Kimya və metallurgiya kafedrasının “Azəralüminium” zavodunda yerləşən filialı mərhum professor Cəmil Səfərovun adını daşıyacaq. Bununla bağlı qərar ATU Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Kimya və metallurgiya kafedrasının “Azəralüminium” zavodunda yerləşən filialı 2019-cu ildə mərhum professor Cəmil Səfərovun təşəbbüsü ilə yaradılıb. Filial universitet-sənaye əməkdaşlığının inkişafı, tələbələrin istehsalat mühiti ilə yaxından tanış olması və metallurgiya sahəsi üzrə praktiki biliklər əldə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Professor Cəmil Səfərov ATU-nun Kimya və metallurgiya kafedrasının professoru olmaqla yanaşı, “Azəralüminium” Gəncə İstehsalat Kompleksinin direktoru vəzifəsində çalışıb. O, geniş elmi-pedaqoji təcrübəsi ilə metallurgiya sənayesi üçün peşəkar kadr hazırlığına, eləcə də ATU ilə “Azəralüminium” arasında əməkdaşlığın qurulmasına və universitet-sənaye əlaqələri çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinə mühüm töhfələr verib.
Cəmil Səfərov 2026-cı il yanvarın 8-də qəfil vəfat edib. Onun elm və sənaye arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti, eləcə də universitetin metallurgiya sahəsində kadr hazırlığına verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.