Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Tələbəmizdən qürurverici beynəlxalq uğur!

🔐 Azərbaycan Texnologiya Universitetinin tələbəsi Abdurrahim Camalzadə Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən yaradılan və 140 milyondan çox istifadəçisi olan “Open edX” platformasında kritik təhlükəsizlik boşluğu aşkarlayıb.
🛡️ Aşkarlanan zəiflik CVE-2026-53636 kodu ilə beynəlxalq reyestrdə qeydə alınıb, “GitHub Security Advisory” bazasında təsdiqlənərək aradan qaldırılıb. Tələbəmiz bu uğuruna görə beynəlxalq sistemdə “Reporter” statusu ilə tanınıb.
Bu nəticə universitetdə formalaşan innovasiya, rəqəmsal, yaradıcı və texnoloji mühitin real göstəricilərindən biri olmaqla ATU ailəsi üçün sevindirici və qürurverici uğurdur. Tələbəmizi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!

15 İyun Milli Qurtuluş Günü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş çarx nümayiş etdirilib.

Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı müstəqilliyini böyük çətinliklərlə qazansa da, onun qorunub saxlanılması daha mürəkkəb və məsuliyyətli vəzifə olub. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ağır təhlükələrdən xilas edərək müstəqilliyimizin qorunmasını və möhkəmlənməsini təmin edib. Vurğulanıb ki, Ulu Öndərin uzaqgörən siyasəti ilə əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hərtərəfli tərəqqi yolu ilə inamla irəliləyir.

Tədbirdə həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə, iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyev çıxış edərək müstəqil Azərbaycanın inkişaf yolundan, Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən, ölkəmizin qazandığı uğurlardan bəhs ediblər.

Tədbir Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrin çıxışları ilə davam edib. Universitetin Qida mühəndisliyi fakültəsinin II kurs tələbəsi Xədicə Qurbanlı Məmməd Arazın “Azərbaycan” şeirini səsləndirib. İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Nicat Süleymanov isə “Azərbaycan” və “Sən elə bir zirvəsən” mahnılarını ifa edib.

Milli Qurtuluş Günü - Azərbaycan gəncinin vətənpərvərlik və məsuliyyət dərsi

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran və idarəçilikdəki xaos dövlətin müstəqilliyini ciddi təhlükə altına almışdı. Hakimiyyət böhranı, iqtisadi geriləmə və sosial gərginlik xalqın gələcəyinə dair narahatlıqları artırırdı. Bu şəraitdə Azərbaycanın dövlətçiliyi real olaraq dağılma riski ilə üz-üzə qalmışdı. Xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı milli dövlətçiliyin qorunması üçün həyati əhəmiyyət daşıdı. Onun qayıdışı yalnız siyasi sabitliyin bərpası deyil, həm də milli həmrəyliyin güclənməsi baxımından mühüm tarixi hadisə oldu. Heydər Əliyev böhranlı vəziyyətdə xalqın ümid yeri kimi çıxış edərək dövlətin dağılmasının qarşısını aldı və müstəqilliyin möhkəmlənməsi üçün yeni mərhələ açdı. Bu səbəbdən Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri hesab olunur. Bu günün mahiyyəti gənc nəsil üçün xüsusi əhəmiyyət daşıyır, çünki liderlik və məsuliyyət dərsi kimi onların siyasi şüurunun formalaşmasına təsir göstərir.

O dövrdə böyük təhlükə qarşısnda olan ölkəmizdə siverenliyin müdafiəsi və möhkəmləndirilməsi real təhdidlər qarşısında həyata keçirilirdi. Çünki, 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi, lakin ölkədə siyasi böhran, iqtisadi geriləmə və sosial gərginlik hökm sürürdü. Hakimiyyət böhranı, silahlı qarşıdurmalar və idarəçilikdəki xaos dövlətin gələcəyini ciddi təhlükə altına salmışdı. Bu dövrdə xalqın milli dövlətçilik arzuları reallaşmaq əvəzinə dağılma riski ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət idi və bu hadisə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Onun qayıdışı ilə ölkədə siyasi sabitlik bərpa edildi, dövlətin dağılmasının qarşısı alındı və müstəqilliyin möhkəmlənməsi üçün yeni mərhələ açıldı. Ulu Öndərin “mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözləri gənclərə dövlətin taleyinə biganə qalmamağı, milli maraqları şəxsi maraqlardan üstün tutmağı və müstəqilliyin qorunması uğrunda məsuliyyətli mövqe sərgiləməyi öyrədirdi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəsil üçün liderlik dərsi kimi mühüm əhəmiyyət daşıyır. Böhranlı şəraitdə düzgün qərarların qəbul edilməsi, milli maraqların şəxsi maraqlardan üstün tutulması və xalqın taleyinə məsuliyyətlə yanaşma gənclərə nümunə oldu. Ümummilli Liderin cəsarətli addımları göstərdi ki, dövlətin gələcəyi yalnız güclü iradə və milli maraqlara sadiqliklə qoruna bilər. Bu, gənclərə öyrədir ki, liderlik yalnız hakimiyyət sahibi olmaq deyil, həm də xalqın taleyinə cavabdehlik daşımaq deməkdir.

Milli Qurtuluş Günü gənclərə məsuliyyət dərsi də verir. Bu günün mahiyyəti göstərir ki, heç bir vətəndaş dövlətin taleyinə biganə qalmamalıdır. Gənclər bu tarixi hadisəni öyrənməklə ictimai-siyasi həyatda fəal mövqe tutmağın vacibliyini dərk edirlər. Onlar anlayırlar ki, müstəqilliyin qorunması yalnız liderin deyil, bütün xalqın, xüsusilə gənc nəslin üzərinə düşən məsuliyyətdir.

Qurtuluş Gününün sosial və mədəni təsirləri də diqqətəlayiqdir. Bu gün kollektiv yaddaşda birlik və həmrəylik ideyasını gücləndirir, gənclərdə milli kimliyin formalaşmasına mühüm təsir göstərir. Onlar bu günün mahiyyətini dərk etməklə milli dəyərlərə daha sıx bağlanır, dövlətçilik ənənələrinin qorunmasının vacibliyini anlayırlar. Beləliklə, Milli Qurtuluş Günü gənclərin həm siyasi şüurunun formalaşmasına, həm də milli ruhda yetişməsinə xidmət edən ideoloji dayağa çevrilir.

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində yalnız siyasi sabitliyin bərpası ilə məhdudlaşmır, həm də milli dövlətçiliyin möhkəmlənməsi və gələcək inkişafın ideoloji əsaslarını formalaşdırır. 1993-cü ilin iyun hadisələri göstərdi ki, böhranlı şəraitdə xalqın iradəsi və uzaqgörən liderlik dövlətin taleyini dəyişdirə bilər. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə dağılmaq təhlükəsindən xilas oldu, müstəqillik qorundu və inkişaf üçün yeni mərhələ açıldı. Bu tarixi hadisə gənc nəsil üçün həm liderlik, həm məsuliyyət, həm də milli həmrəylik dərsi kimi dəyərləndirilir.

Gənclər Qurtuluş Gününün mahiyyətini öyrənməklə dövlətçilik ənənələrinin qorunmasının vacibliyini dərk edir, ictimai-siyasi həyatda fəal mövqe tutmağın əhəmiyyətini anlayırlar. Bu gün onlara göstərir ki, müstəqilliyin qorunması yalnız liderin deyil, bütün xalqın, xüsusilə gənc nəslin üzərinə düşən məsuliyyətdir. Liderlik nümunəsi gənclərə böhranlı anlarda cəsarətli qərarların gücünü, məsuliyyət dərsi isə dövlətin gələcəyi üçün fəal mövqe tutmağın vacibliyini öyrədir. Milli Qurtuluş Gününü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirən Prezident İlham Əliyev çox doğru olaraq  vurğulayır: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır”.

Beləliklə, Milli Qurtuluş Günü gənc nəsil üçün sadəcə tarixi bir hadisə deyil, həm də milli kimliyin möhkəmlənməsi, vətənpərvərlik ruhunun güclənməsi və dövlətçilik dəyərlərinə sadiqlik baxımından strateji əhəmiyyətə malikdir. Bu günün dəyərləri gənclərin gələcəkdə daha güclü, milli ruhlu və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə zəmin yaradır.

 

Azərbaycan Texnologiya Universitetinin

Humanitar elmlər və multikulturalizm kafedrasının

baş müəllimi Zəminə Novruzova

 


ATU əməkdaşı professor elmi adına layiq görülüb

Azərbaycan Texnologiya Universitetinin Turizm fakültəsinin dekanı Yusif Hümbətova professor elmi adı verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15 may 2026-cı il tarixli qərarına əsasən, Yusif Əbülfət oğlu Hümbətov elmi-pedaqoji fəaliyyətinə görə 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə professor elmi adına layiq görülüb.

ATU tələbəsi beynəlxalq üzgüçülük yarışının qalibi olub

Azərbaycan Texnologiya Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasının III kurs tələbəsi Əsmər Əhmədova Bakı şəhərində keçirilən “Swimming for All Finals” beynəlxalq yarışında uğurla çıxış edərək I yerə layiq görülüb.

Bu nailiyyətinə görə Əsmər Əhmədova Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən qızıl medal və diplomla təltif olunub.

Qeyd edək ki, Əsmər Əhmədova Vətən müharibəsi şəhidi Amal Əhmədovun bacısıdır.

Tələbəmizi bu uğuru münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr arzulayırıq!

TəhsilPlus kartı layihəsinin təqdimetmə mərasimi keçirilib

Gəncə şəhərində Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartı layihəsinin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, eləcə də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov tədbirdə çıxış edib. Rektor bildirib ki, TəhsilPlus kartı təhsil işçilərinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm təşəbbüsdür. O qeyd edib ki, müəllim və təhsil işçilərinə təqdim olunan güzəşt və üstünlüklər onların gündəlik həyatına əlavə dəyər qatmaqla yanaşı, əməyinə verilən qiymətin göstəricisidir. Rektor bu kimi layihələrin təhsil işçilərinin motivasiyasının artırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən digər rəsmilər layihənin təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, rəqəmsal xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və təhsil sistemində innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda  əməkdaşlara TəhsilPlus kartları təqdim olunub.