Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU tələbələri növbəti ekoloji aksiya keçiriblər

Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri növbəti ekoloji aksiya təşkil edərək daha bir nümunəvi təşəbbüsə imza atıblar. Bir qrup könüllü tələbənin qatıldığı ekoloji aksiya Gəncə şəhərində Nizami Məqbərəsi ətrafında baş tutub.

Aksiyada 30-a yaxın tələbə iştirak edib. Könüllülər məqbərənin ətraf ərazisini tullantılardan təmizləyərək ətraf mühitin qorunmasına töhfə veriblər.

Aksiya çərçivəsində tələbələr ərazini müxtəlif məişət tullantılarından təmizləməklə ictimai məkanların qorunması və ekoloji mühitin yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkiblər.

Qeyd edək ki, analoji tədbiri ATU tələbələri ötən il Gəncəçay çayının hövzəsində təşkil etmişdilər.

 

Rektorun Qazaxıstan səfəri: innovasiya ekosistemi və yüksək texnologiyalar diqqət mərkəzində 

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfəri çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin innovasiya infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olub.

Səfər “Study in Azerbaijan” sərgisi çərçivəsində Almatı şəhərində həyata keçirilib. Nümayəndə heyəti universitetin “Farabi Hub” İnnovasiya Mərkəzi və Superkompüter laboratoriyasına baş çəkərək burada yaradılmış müasir infrastruktur, elmi-tədqiqat imkanları və rəqəmsal həllərlə tanış olub.

Heyətin tərkibində Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşaviri Toğrul Sadıqov və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov da yer alıb.

Tanışlıq zamanı innovasiya ekosistemi, startap imkanları və yüksək hesablama texnologiyaları yerində qiymətləndirilib. Görüşlər çərçivəsində tərəflər arasında innovasiya və texnologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Qeyd olunub ki, bu səfər innovasiya sahəsində tərəfdaşlığın genişlənməsinə, eləcə də yaxın perspektivdə real nəticələrə əsaslanan birgə təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcək.

Bu əməkdaşlıq təşəbbüsləri SDG 9: Sənaye, innovasiya və infrastruktur məqsədlərinə uyğun olaraq innovativ texnologiyaların inkişafına və elmi-tədqiqat potensialının gücləndirilməsinə töhfə verir. Eyni zamanda, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi SDG 17: Məqsədlər üçün tərəfdaşlıq çərçivəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə xidmət edir.

 

ATU Qazaxıstan ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir 

Azərbaycan Texnologiya Universiteti ilə Qazaxıstanın Menecment, Mühəndislik, Texnologiya və Analitika Universiteti (META), Almatı Texnologiya Universiteti və Kızılorda Bolaşak Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Müqavilələrə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov ilə  META Universitetinin, Almatı Texnologiya Universitetinin, eləcə də Kızılorda Bolaşak Universitetinin rektorları tərəfindən Azərbaycan–Qazaxıstan İkinci Rektorlar Forumu çərçivəsində imza atılıb.

İmzalanmış müqavilələr ali təhsil müəssisələri arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsini, ortaq təlim proqramlarının hazırlanmasını, innovasiya və texnologiya sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Bu əməkdaşlıqlar Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) də töhfə vermək məqsədi daşıyır. Xüsusilə keyfiyyətli təhsilin təşviqi (SDG 4), sənaye, innovasiya və infrastrukturun inkişafı (SDG 9), eləcə də məqsədlər üçün tərəfdaşlıqların gücləndirilməsi (SDG 17) istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Universitetlər arasında qurulan bu tərəfdaşlıqlar bilik və texnologiya mübadiləsini artırmaqla yanaşı, regionlararası akademik inteqrasiyanı və davamlı inkişaf prinsiplərinin tətbiqini dəstəkləyəcəkdir.


Azərbaycan–Gürcüstan münasibətləri: strateji tərəfdaşlığın davamlı modeli

2026-cı il aprelin 6-da Prezident İlham Əliyev-in Gürcüstana səfəri Azərbaycan–Gürcüstan əlaqələrinin güclü və davamlı xarakterini bir daha təsdiqlədi. Bu münasibətlər yalnız diplomatik əlaqələr deyil, həm də tarixi, iqtisadi və strateji maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıqdır. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu birgə yaşamış və ortaq mədəniyyətə sahib olmuşdur. Bu tarixi əlaqələr dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir və qarşılıqlı etimadın inkişafına imkan yaradır. Bugünkü əməkdaşlıq bu köklərə əsaslanaraq daha strukturlaşdırılmış formada davam etdirilir.

İki ölkənin beynəlxalq platformalarda bir-birini dəstəkləməsi, suverenlik və ərazi bütövlüyünün qorunması siyasəti regionda sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu dəstək həm də iqtisadi və sosial layihələrin təhlükəsiz və davamlı şəkildə həyata keçirilməsinə zəmin yaradır. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqda davam edir və iki ölkə birgə investisiya layihələrini genişləndirməyi planlaşdırır. Enerji və nəqliyyat sahəsində həyata keçirilən iri layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz həm iqtisadi, həm də regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Gürcüstan bu layihələrdə yalnız tranzit rolu oynamır, həm də regional əməkdaşlığın gücləndirilməsində aktiv tərəfdaşdır.

Cənubi Qafqazda formalaşan yeni regional vəziyyət Azərbaycan və Gürcüstan üçün həm imkan, həm də məsuliyyət yaradır. Sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin qorunması üçün ikitərəfli əlaqələr strateji alət rolunu oynayır. Ticarət və investisiya mübadiləsi isə bu proseslərin əsas dayaq nöqtələrindən biridir. Bir sözlə, Azərbaycan–Gürcüstan münasibətləri tarixi yaxınlıq, qarşılıqlı hörmət və strateji maraqlara əsaslanan davamlı tərəfdaşlıq modelidir. Bu əlaqələr region üçün sabitlik və inkişafın nümunəsi olaraq qalır və gələcəkdə yeni əməkdaşlıq sahələrinin formalaşmasına zəmin yaradır.

Xəyalə Məmmmədova

Azərbaycan Texnologiya Universitetinin Mətbuat xidmətinin rəhbəri

 

 

ATU Azərbaycan və Qazaxıstan Rektorlarının İkinci Forumunda təmsil olunub

Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Qazaxıstan Rektorlarının İkinci Forumu keçirilib. Forumda Qazaxıstan və Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları, o cümlədən  Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov  iştirak edib. 

Forumun açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev və qazaxıstanlı həmkarı Sayasat Nurbek çıxış edərək iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıblar. 

Forum çərçivəsində universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin təşviqi və təcrübə mübadiləsinin inkişafı kimi bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, Forum ölkələrarası akademik tərəfdaşlıqları gücləndirərək bilik və təcrübə mübadiləsini təşviq edir, ali təhsil sahəsində birgə təşəbbüslərin formalaşmasına imkan yaradır və qlobal çağırışların həllində institusional əməkdaşlığı genişləndirməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 17 (SDG 17) ilə uyğunluq təşkil edir. Bu kimi təşəbbüslər, universitetlər və dövlət qurumları arasında strateji tərəfdaşlıqların qurulmasına töhfə verərək, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına mühüm dəstək göstərir.

ATU Qazaxıstanda keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunub

Azərbaycan Texnologiya Universiteti (ATU) Qazaxıstanın Almatı şəhərində təşkil olunan beynəlxalq təhsil sərgisində iştirak edir. Tədbirdə rektor Yaşar Ömərov da iştirak edir. ATU stendini ziyarətçilərə strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov, İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov, Beynəlxalq Əməkdaşlıq şöbəsinin əməkdaşı Murad Həsənzadə və ATU-nun sabiq əməkdaşı – hazırda Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Qazaxıstanda doktorantura təhsili alan Elnur Arifzadə təqdim edir.

Sərgidə universitetin təqdim etdiyi stend ziyarətçilərin, xüsusilə Qazaxıstanlı abituriyent və tələbələrin böyük marağına səbəb olub. Stenddə ATU-nun tədris proqramları, ixtisasları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün yaradılan üstünlüklər barədə ziyarətçilərə ətraflı məlumatlar təqdim olunur.