Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində yeni auditoriyalar istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) aparılan cari təmir işləri çərçivəsində  6 saylı tədris korpusunda  daha iki yeni tədris otağı istifadəyə verilib.

Tədris otaqlarından biri — 6205 nömrəli auditoriya 42 tələbə yerlik, digəri — 6214 nömrəli otaq isə 14 tələbə yerlikdir.  

Sözügedən tədris otaqları universitetdə yeni yaradılan Turizm fakültəsi üçün nəzərdə tutulub.

ATU-da Mülki Müdafiə Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbirdə sosial məsələlər və ictimai əlaqələr üzrə prorektor Şahmar Həsənov, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Ətraf Mühitin Mühafizəsi kafedrasının müdiri, professor Elşad Məmmədov, kafedranın əməkdaşları – dosentlər İrşad Abbadov, Samir Mahmudov və baş müəllim Fikrət Əmiraslanov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarına əsasən, 1972-ci ildən etibarən hər il martın 1-i təşkilata üzv ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.

Qeyd edilib ki, hər il mülki müdafiə sahəsində beynəlxalq seminarlar və toplantılar keçirilir, mülki müdafiə qüvvə və texnikalarının sərgiləri təşkil olunur. Bu tədbirlərin əsas məqsədi əhalinin diqqətini fövqəladə hallar zamanı düzgün davranış qaydalarına yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə bacarıqlarını artırmaq, nəzəri və praktik bilikləri təkmilləşdirməkdir.

Natiqlər mülki müdafiə qaydaları barədə ətraflı məlumat verərək universitetdə mülki müdafiə qərargahının fəaliyyət göstərdiyini, eyni zamanda bu sahənin tədris prosesində xüsusi yer tutduğunu vurğulayıblar.

 

 

ATU-da Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı anım proqramı təşkil olunub

Azərbaycan Texnologiya Universitetində (ATU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım proqramı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın timsalında Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ərsəyə gəlmiş “Əsirlikdə 8 gün” bədii filmi nümayiş etdirilib. Filmdə Xocalı soyqırımının şahidi olmuş və 8 gün erməni zindanında ağır işgəncələrə məruz qalmış mərhum Dürdanə Ağayeva və qardaşı Elşad Ağayevin timsalında faciənin ağrı-acısı əks olunub.

Film nümayişindən sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov çıxış edərək Xocalı faciəsinin miqyası və tarixi nəticələri barədə danışıb. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı, o cümlədən Xocalını azad edərək şəhidlərimizin qisasını alıb. Bildirilib ki, xalqımızın qan yaddaşı heç vaxt silinməyəcək və Xocalı həqiqətləri gələcək nəsillərə çatdırılacaq.

Tədbirin sonunda II kurs tələbəsi Xədicə Qurbanlı Xocalı faciəsinə həsr olunmuş N. Məhərrəmlinin “Mənim adım uşaqdır” şeirini səsləndirib.

 

 

 


Azərbaycan Texnologiya Universitetində yeni fakültə yaradılıb

 
Azərbaycan Texnologiya Universitetinin (ATU) Elmi Şurasının 25 fevral 2026-cı il tarixli qərarı ilə universitetdə Turizm fakültəsi yaradılıb. Fakültə İqtisadiyyat və İdarəetmə fakültəsinin Turizm sənayesinin təşkili, Xarici dillər və Humanitar elmlər və multikulturalizm kafedralarının bazasında formalaşdırılıb.
Yeni fakültədə “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisasları üzrə əyani və qiyabi təhsil formalarında bakalavr və magistr hazırlığı həyata keçiriləcək.
Turizm fakültəsində qeyd olunan iki ixtisas üzrə 680 nəfər bakalavr təhsili alacaq.
Bununla da universitetdə fakültələrin sayı 5-ə çatdırılıb.

ATU-da fakültə və kafedra adları mövcud ixtisasların tələblərinə uyğun yenilənib

Azərbaycan Texnologiya Universitetinin (ATU) Yüngül Sənaye Mühəndisliyi və Logistika fakültəsinin adı dəyişdirilərək Nəqliyyat və Sənaye Texnologiyaları fakültəsi adlandırılıb. Bu qərar universitetin Elmi Şurasının 25 Fevral 2026-cı il tarixli iclasında qəbul edilib.

 

Eyni zamanda fakültənin tərkibində fəaliyyət göstərən kafedraların adlarında da dəyişikliklər edilib. Belə ki, Yüngül Sənaye Mühəndisliyi və Dizayn kafedrası Dizayn və Sənaye Texnologiyaları kafedrası adlandırılıb. Maşın Mühəndisliyi və Logistika kafedrası isə Mexanika və Nəqliyyat Texnologiyaları kafedrası adlandırılıb.  

 

Universitetin strukturunun optimallaşdırılması çərçivəsində həyata keçirilən yenilik fakültə və kafedraların mövcud ixtisasların tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçirilib.

 

 

"PLMO 2026" beynəlxalq konfransının materialları "Springer"də dərc olunacaq

Azərbaycan Texnologiya Universitetinin (ATU) ev sahibliyi edəcəyi “PLMO 2026” beynəlxalq konfransının materialları dünyaca məşhur elmi nəşriyyat olan “Springer” tərəfindən "Advances in Computer Science Applications and Research (ACSAR)" seriyasında dərc olunacaq.

Qeyd edək ki, ATU-nun həmtəşkilatçılığı ilə keçiriləcək “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə V Beynəlxalq Konfransı (PLMO 2026)” 18–19 may 2026-cı il tarixlərində Bakı şəhərində, 20–21 may tarixlərində isə Gəncə şəhərində — Azərbaycan Texnologiya Universitetində hibrid qaydada təşkil olunacaq.

Tədbirin digər həmtəşkilatçıları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu, Polşanın Sileziya Texnologiya Universiteti, Çinin Guancou Universiteti, Gürcüstanın Gürcüstan Texniki Universiteti və Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetidir.

Tədbirdə ABŞ, Polşa, Türkiyə, Gürcüstan, Çin, Özbəkistan, Qazaxıstan, Litva, Macarıstan, İsveç və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.

Ətraflı: plmo.cyber.az