Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər, rəhbər heyət və dekanlar iştirak edib.
Elm və innovasiya məsələləri üzrə prorektor, Apellyasiya Komissiyasının sədri Sahil Həmidov və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, İmtahan Qərargahının rəhbəri Şahmar Həsənov dəyirmi masa formatında valideynlərə imtahan prosesinin təşkili barədə məlumat veriblər. Bildirilib ki, imtahanların keçirilməsi Elm və Təhsil Nazirliyinin müvafiq qaydalarına uyğun şəkildə tənzimlənir və bu məqsədlə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fasiləsiz fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, imtahan prosesində rəqəmsallaşmaya mərhələli keçid həyata keçirilir, bu il isə sistemin sınaq mərhələsi – pilot layihə kimi tətbiq olunur, həmçinin yeniliklər çərçivəsində imtahana hazırlıq portalı istifadəyə verilib. Şəffaflığın və obyektivliyin təmin olunması üçün auditoriyalarda müşahidə kameraları quraşdırıldığı, korpuslarda müraciət qutularının yerləşdirildiyi, eləcə də tələbələrin operativ müraciət imkanları üçün elektron platformaların istifadəyə verildiyi diqqətə çatdırılıb.
Daha sonra İmtahan Komissiyasının sədri, Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov monitor vasitəsilə imtahanların gedişini canlı rejimdə nümayiş etdirib. Valideynlərin diqqətinə çatdırılıb ki, imtahanlar müəyyən edilmiş qrafik əsasında test və yazılı formatlarda keçirilir. Yazılı imtahanlar üçün 3 saat, test imtahanları üçün isə 1 saat vaxt ayrılır. Yoxlama prosesi xüsusi kodlaşdırılmış sistem vasitəsilə həyata keçirilir, apellyasiya müraciətləri isə komissiya tərəfindən araşdırılaraq müvafiq qərarlar qəbul edilir. Komissiya sədri həmçinin bildirib ki, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan I kurs tələbələri üçün yazılı imtahanlar ilk dəfə olaraq pilot layihə çərçivəsində süni intellekt əsaslı platforma üzərindən kompüter vasitəsilə təşkil olunub. Tələbələrə imtahanın yerinə yetirilməsi üçün 4 saat vaxt ayrılıb. Qeyd edilib ki, pilot layihə çərçivəsində imtahan nəticələrinin qiymətləndirilməsi süni intellekt tərəfindən aparılır və tələbələr imtahanı başa vurduqdan dərhal sonra öz nəticələrini öyrənə bilirlər ki, bu yenilik də qiymətləndirmə prosesinin daha operativ, şəffaf və çevik həyata keçirilməsinə imkan yaradır.
Valideynlər neqativ halların qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsini yüksək qiymətləndirib, tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru, elmi şura sədri Yaşar Ömərov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimovun və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ülviyyə Məmmədovanın hesabatları dinlənilib.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Tədris Metodiki Şuranın (TMŞ) sədri Şahmar Həsənov TMŞ-nın nəzdində fəaliyyət göstərən "Monitorinq qrupu"nun hesabatını təqdim edib. Prorektor növbəti çıxışında təsdiq olunması üçün tədris-metodiki vəsaitlərin siyahısını Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
Ardınca insan resursları şöbəsinin müdiri İlham Əlizadənin təklifi əsasında ATU-nun elmi dərəcəsi olmayan müəllim heyəti ilə əmək münasibətləri məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İclas çərçivəsində rektor Yaşar Ömərov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə professor elmi adına layiq görülmüş Turizm fakültəsinin dekanı Yusif Hümbətovu təbrik edib, ona diplomunu təqdim edərək gələcək elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb.
Azərbaycan Texnologiya Universitetində yenidən formalaşdırılan Keyfiyyət Təminatı Komissiyasının ilk iclası keçirilib.
Elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidovun sədrliyi ilə keçirilən iclasda universitetin struktur bölmələrinin, fakültələrinin və tələbələrin nümayəndələri ilə yanaşı, əmək bazasını təmsil edən tərəfdaş qurumların nümayəndələri - Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev və Azəralüminium MMC-nin İstehsalatın avtomatlaşdırılması və idarə edilməsi şöbəsinin rəis müavini Təhmasib Allahverdiyev iştirak edib.
Gündəlikdə nəzərdə tutulan məsələlər barədə Keyfiyyət Təminatı şöbəsinin müdiri Arzu Əsgərov məruzə ilə çıxış edib. Müzakirələr zamanı qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyət planlarının hazırlanmasının vacibliyi qeyd olunub, müvafiq struktur bölmələrin bu prosesdə fəal iştirakının zəruriliyi vurğulanıb.
Həmçinin komissiyanın qarşıdakı fəaliyyət istiqamətləri müzakirə olunub, keyfiyyət təminatı sahəsində görüləcək işlərlə bağlı təkliflər səsləndirilib. Səsləndirilən təkliflərin bir qisminin Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasına təqdim edilməsi, digər məsələlər üzrə isə müvafiq fəaliyyət planlarının hazırlanması qərara alınıb.
Azərbaycan Texnologiya Universitetində (ATU) “Coca-Cola” şirkətinin və Kapital Bankın dəstəyi ilə Məzun Günü tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov məzunları təbrik edərək onların həyatında yeni və məsuliyyətli bir mərhələnin başlandığını bildirib. Rektor qeyd edib ki, universitetdə əldə olunan bilik, bacarıq və dəyərlər məzunların gələcək fəaliyyətində ən böyük dayaqlardan biri olacaq. O vurğulayıb ki, bu il ATU-dan məzun olan 829 gənc ölkənin müxtəlif sahələrində çalışaraq Azərbaycanın inkişafına öz töhfəsini verəcək, cəmiyyətə faydalı və layiqli vətəndaş kimi yetişdiklərini təsdiqləyəcəklər. Rektor məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və valideyn Səadət Rzayeva çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Rəsmi hissədə qazi məzun Mirmahmud Əhmədov, əlaçı məzun Türkanə Rəhimova və universitetin ictimai həyatında fəallığı ilə seçilən məzun Xəyal Məmmədəliyev də çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini və təəssüratlarını bölüşüblər.
Daha sonra fakültələr üzrə ən yüksək akademik göstəricilər əldə edən məzunlar təltif olunub. Onlara təşəkkürnamələr və Kapital Bank tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsində universitetin Bədii Yaradıcılıq Mərkəzinin üzvləri maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Məzun Gününün konsert proqramında tanınmış müğənni, əfsanəvi “Karvan” qrupunun solisti İlqar Xəyal, “Gəncə Band” musiqi qrupu və DJ Rüstəm çıxış edərək tədbir iştirakçılarına xoş anlar yaşadıblar.
Tədbirin sonunda məzunlar Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə, qazandıqları bilik və bacarıqları ölkənin tərəqqisi naminə tətbiq edəcəklərinə söz verərək məzun andını səsləndirib, daha sonra məzun papaqlarını səmaya atıblar.
Azərbaycan Texnologiya Universitetində (ATU) 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş çarx nümayiş etdirilib.
Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı müstəqilliyini böyük çətinliklərlə qazansa da, onun qorunub saxlanılması daha mürəkkəb və məsuliyyətli vəzifə olub. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ağır təhlükələrdən xilas edərək müstəqilliyimizin qorunmasını və möhkəmlənməsini təmin edib. Vurğulanıb ki, Ulu Öndərin uzaqgörən siyasəti ilə əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hərtərəfli tərəqqi yolu ilə inamla irəliləyir.
Tədbirdə həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə, iqtisadi məsələlər üzrə müşavir İlham Vəliyev çıxış edərək müstəqil Azərbaycanın inkişaf yolundan, Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsindən, ölkəmizin qazandığı uğurlardan bəhs ediblər.
Tədbir Bədii Yaradıcılıq Mərkəzinin üzvü olan tələbələrin çıxışları ilə davam edib. Universitetin Qida mühəndisliyi fakültəsinin II kurs tələbəsi Xədicə Qurbanlı Məmməd Arazın “Azərbaycan” şeirini səsləndirib. İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Nicat Süleymanov isə “Azərbaycan” və “Sən elə bir zirvəsən” mahnılarını ifa edib.